Bu şeyda bülbülü qonsun küli-rənaya qomurlar,Güli-rənanı gülsün bülbülü şeydaya qoymurlar.

Keçiblər malu dövlətdə Süleyman ilə Fironu,Yetim qızlar həyat qursun ona sərmaya qoymurlar.

Cibində daş olanlar xalq adından daşlayar xalqı,Cibində baş olan insanları icraya qoymurlar.

Çəkiblər arxaya min dörd yüz il İslamı cahillər,Durum hərdən töküm bu hirsimi mollaya qoymurlar.

Amerikan, ingilis, iran, türk aldı bu torpağı,Əlim, billah, toxunsun bir dənə əşyaya qoymurlar.

Vətən bağı gözəlləşdi gədalar bağda əyləşdi,Bu sahillər özəlləşdi, məni dəryaya qoymurlar.

O qədri əhli-hal var ki, udub hər dərdi şəkkər tək,Xəcalətdən susurlar, hər şeyi ortaya qoymurlar.

Bu qorxunc dövrdə, Pünhan, məni xəlqin əzabları,Köçüm bu köhnə dünyadan, təzə dünyaya qoymurlar.

4 noyabr 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən