Səhifə 1 / 2

Deyirəm bu millət filan cürdür, deyirlər millətin adından danışma. Deyirəm yaxşı, millət olmasın xalq olsun, deyirlər üzrü günahından betər. Bəlkə el deyim? Dedilər burda lap korladın. Hə, tapdım, bu ölkənin əhalisi filan cürdür - az qaldılar məni məhkəməyə versinlər.

Dedilər yadında saxla ki, ayrı-ayrı adamların elədikləri alçaq hərəkətləri, alçaq əməlləri millətə, xalqa və əhaliyə aid eləmək olmaz. Və bu sözdən sonra məni maraqlandıran bir şey oldu. Görəsən, beş-altı milyon «ayrı-ayrı» adama birlikdə nə deyərlər. Bəlkə millət yox, milli ət deyərlər?!

Yaxşı ki, o vaxt indikilər olmayıb, yoxsa yazıq Sabirə «Kim nə deyər bizdə olan qeyrətə» sözünə görə yəqin ki, 10-15 il sırıyardılar. Qayıtdılar mənə ki, yatmısan fil qulağında, elə 907-ci maddənin qüvvədə olmasına Sabir səbəb olub da! Sən demə BMT-də bu işin düzəlməsinə bir neçə dəqiqə qalmış Karapet adında bir Bakı ermənisi qoltuğunda «Hop-hop namə» özünü yetirib BMT-yə ki, ara, dayanının, bu millətə yardım-zad verməyin. And olsun o «Qriqoryan»a ki, bunlar heç o yardımın 10 faizini də qaçqınlara verməyəcəklər. Hamısını bazar-dükanda satdıracaqlar. Bir halda ki, Yerevanda maşınlar Bakı benzini ilə işləyir, bir halda ki, bunların əsir qız-gəlinlərinin başına min oyun açırlar, amma hamı kefdədir, de görüm ay Kofe müəllim, hansı yardımdan söhbət gedə bilər?!

Ermənilər neçə ildir, elə bil iynə üstündə oturublar. Deyirlər ki, müsəlmanlar indi gələr, bu saat gələr, indi gələr, bu saat gələr. İnanın, qorxularından ürəkləri bir tikə olub. Yaxşı ki, biz - Bakı erməniləri Yerevanla tez-tez əlaqə saxlayıb vəziyyəti onlara xəbər veririk. O gün özüm zəng eləmişdim, dedim arxayınçılıqdır. Papaqlar da öz işini görür. Qarabağ bunların tamamən yaddından çıxıb. Əşşi, villa tikən kim, maşın alan kim, pul yığan kim, restoran açan kim.

Bakıda bir vur-çatlasındır ki, gəl görəsən, Bunları deyib Karapet az qaldı «Hop-hop namə»ni soxsun Kofe Annanın gözünə ki, hələ 100 il bundan qabaq Sabir bu millət haqqında gör nə deyib: «Kim nə deyər bizdə olan qeyrətə, qeyrətimiz bəllidir hər millətə.». Bir əsr keçsə də bu millətin qeyrəti dala gedir ki, qabağa getmir. Bax ona görə də «907!» qüvvədə qalmalıdır.

Kapapetin dedikləri bir qoz. Amma o, papaq söhbəti nə idi, bax bu fikir məni götürdü. Yadıma bir şey düşdü. Bizim biznesmenlər çox yaxşı eləyiblər ki, o, «norka»ya bənzər papaqlar var a... biri bir-iki «şirvan»a, götürüb töküblər Azərbaycana, lap düz eləyiblər. Fikirləşiblər ki, heç olmasa uzaqdan baxanda millət başı papaqlı görünsün çeçenlər kimi. Vallah çeçenlərin hökumət nümayəndələrinin müşavirəsinə televiziya ilə baxdıqda onların başındakı papaqları görəndə adamın bağrı yarılır. Gör yazıq uruslar nə çəkir. Bəlkə elə Yeltsini infarkt eləyən onların papaqları olub. Quşların verdiyi xəbərə görə, erməni mafiyasının Fransadakı «Cadugər» kompaniyası Azərbaycana gələn papaqlara cadu eləyib. Bu papaqlardan kim başına qoyursa, o saat Qarabağ məsələsini unudur, kefi kökəlir, erməniyə münasibəti yaxşılaşır, nə bilim nə... nə... nə... Bu sözü eşidən kimi hirs vurdu başıma. Dedim, köpək uşaqları gör nəyə əl atıblar. Mən sizin başınıza bir oyun gətirim ki, gəl görəsən.

Partizan dəstəsi düzəldib düz Yerevana kimi gəlməsəm, heç atamın oğlu deyiləm. Telefon kitabçasını götürüb, başladım bir-bir dostlarıma zəng eləməyə ki, nə vaxta qədər qırt toyuq kimi yumurtalarımızın üstündə oturacağıq, gəlin hərəkət eləyək, bəs bizim kişiliyimiz?

Hirsimdən trubkanı yerinə elə çırpdım ki, iki bölündü. Bu məqamda bir onu hiss elədim ki, kimsə başıma nə isə keçirtdi, gördüm uşaqların anasıdır. Papağımı qoyub başıma ki, dur get, havada bir az gəziş, hirsin soyusun. Doğrudan da, papaq başıma keçən kimi, sakitləşdim, tamam başqa adam oldum. Kefim kökəldi, kresloda oturub ayaqlarımı bir-birinin üstünə aşırdım, dedim ay arvad, yaxşı bir çay gətir, deyəsən mənə təb gəlir. Və bədahətən başladım nə başladım:

Üç maşın, on beş otaq, nəyimə gərəkdir Qarabağ,

Bura dərya, ora dağ, nəyimə gərəkdir Qarabağ.

«Qıdı kirvə»m də mənimlə, qapı bir qonşu düşüb,

Vururuq gündə araq, nəyimə gərəkdir Qarabağ.

Milli Məclis Qarabağ haqda danışmırsa əgər,

Etmirəm mən də maraq, nəyimə gərəkdir Qarabağ

Deyirəm yaxşı ki, çox qurdalamırlar bu işi,

Dolanır arvad-uşaq, nəyimə gərəkdir Qarabağ.

Çayı içib arvada dedim ki, yerimi sal yatıram, cəhənnəm olsun Qarabağ da, o da, o birisi də. Çay məni tərlətdi, papağımı çıxardıb tərimi sildim. Dedim yox e, mütləq partizan dəstəsi düzəldəcəm. Lap məni öldürsələr də düzəldəcəm. Düzəltməsəm, atabatama... Yenə arvad papağı keçirtdi başıma. Hə indi «toçno» bildim ki, quşların verdiyi xəbər düz imiş, yoxsa yazıqları verəcəkdim məhkəməyə, 10-15 milyon qoyacaqdım bellərinə, sonra həmin pulu keçirəcəkdim qaçqınların yardım fonduna, ordan da təzədən mənimsəyəcəkdim. Nə isə, quşların da işi belə düzəldi, getdilər uçmaqlarının dalınca.

Bəli, qəzet üçün yaxşı bir maraqlı fakt keçmişdi əlimə. «Cadu» olunmuş papaqlar. Başladım eksperimentlər eləməyə. Papağı qoltuğuma vurub üz tutdum dayanacağımıza ki, şəhərə gedim. (Rəsulzadə qəsəbəsi) Gördüm dayanacaqda bir çal-çağırdı. bir vur-çatlasındır gəl görəsən. «Usilitel»ə o ki, var xod verən, kasset satan və onun ətrafına yığılanlar, vallah, elə bil torpaqları əlindən gedən adamlar deyildilər. Bunlarda bir əhval-ruhiyə var idi ki, elə bil doşab almışdılar, bal çıxmışdı. Kasset satan papağını gözünün üstünə qoyub arsız-arsız çırtma da çalırdı. Yaxınlaşıb ona dedim: Olar papağınıza baxım? O, başüstə deyib, papağı çıxardıb mənə verdi. Və əlüstü oyun havasını başqa bir kassetlə əvəz etdi.Orda bir nəfər «Andronik»ə müraciətlə belə deyirdi:

Burun yekə, başın tabaq, bir qulaq oğlu, bir qulaq.

Qulaqdan olmusan çolaq, bir qulaq oğlu, bir qulaq.

Cıdır düzündə bir zaman çapar yenə, çapar atın,

Bir az da gözlə bir olaq, bir qulaq oğlu, bir qulaq.

Görəndə göyçək «axçi»ni, ağızda leysan oldu su,

Dedik bunu gərək alaq, bir qulaq oğlu, bir qulaq.

Bir az da gözlə qeyrətə, imana, dinə qoy gələk,

Oruc tutaq, namaz qılaq, bir qulaq oğlu, bir qulaq.

Ermənilərdə bir «kişi» sən olmusan eşitmişəm,

Türk sənə tikdi «darbalaq», bir qulaq oğlu, bir qulaq...

Gördüm hər şey düzdür, marağım get-gedə artdı, avtobusa minib «Gənclik»ə gəldim. Burada da bir vur çatlasın idi ki, gəl görəsən. Mahnı sədaları altında şıdırğı alver gedirdi.

«Audio-toçka»dan yüksələn «Laçınım» mahnısı adamın ürəyinə dağ çəkirdi. Lap içim sızıldadı. Ətrafa nəzər saldım. Gördüm yox, bu məndən başqa bir kimsənin vecinə deyildi. Şıdırğı alver gedirdi. Basabas da ki, bir yandan. Metrodan çıxanların ayağı, özlərindən asılı olmayaraq ya fındıq, ya da qoz kisəsinə girirdi. Biri qışqırırdı ki, ayə, fındığımı dağıtdın, o biri özünü dağıdırdı ki, ayağını qozumun üstündən götür, xəşili çıxdı ki... Nə isə, alverçilərin səs-küyündən qulaq tutulurdu. İt yiyəsin tapa bilsəydi, tanıyardı. «Laçınım», «Laçınım» sədaları da çoxunun əsəblərini yerindən oynadırdı. Amma nədənsə heç kim danışmırdı.

Bu da yəqin bizim millətin südlə gəlib, sümüklə çıxan xasiyyətlərindən biri idi ki, niyə mən danışım pis olum, qoy başqası danışsın da?! İnanın ki, heç futbol vaxtı stadionun gücləndiricisinə belə xod vermirlər. Kasset satan oğlan isə mahnı qurtaran kimi onu təzədən oxudurdu. «Nə bilim, nə olub, torpağında sürünnəm, Laçınım, Laçınım, Laçınım mənim». Birinin əsəbləri daha dözmədi. Yaxınlaşıb kaset satanın yaxasından yapışdı ki, ə, kəs onun səsini, yoxsa maqnitofonunu sındıraram. Və ürəyi açıldı nə açıldı...

O, elə bərkdən danışırdı ki, hətta dispeçer «budka»sından durub gəlmişdilər, görsünlər nə baş verib. Onun başına yığılanların sayı artırdı. Kaset satan özünü itirmişdi. Mahnı səsi çoxdan kəsilmişdi. Amma onun səsini heç kəs kəsə bilmirdi. İzdihamın çoxaldığını görən «natiq» getdikcə qızışırdı: Ay qardaşlar, mən özüm Laçındanam, ancaq belə mahnılar eşidəndə xəcalət çəkirəm. Sürünmək nədir, inləmək nədir, sızlamaq nədir? Ayə, kişi olun, kişi mahnısı oxutdurun ki, camaatı intiqama səsləsin, mübarizəyə səsləsin. Elə mahnı ki, bütün qaçqınları ayağa qaldırsın, ata yurduna çağırsın. Axı nə vaxta qədər kimsələr qoltuqlarda, kimsələr küçələrdə, kimsələr də «Süleyman» mülklərində yaşayacaq. İlahi, nəyə görə bizim millətin mübarizədən çox «yas»a həvəsi var. Şəhid olan kimi tələsik dəfn edib ağla, ölümünə şerlər həsr elə, bir qəhrəman adı da ver, vəssalam. Onun qanını almaq isə bir kimsənin fikrindən keçməz. Ay qardaşlar, hara gedirsən qulaq batıran şən mahnı sədaları göyə yüksəlir. Axı toy deyil, bayram deyil, ayıbdıır axı. Biz gərək biabırçılıqdan, başımızı soxmağa yer tapmayaq. Amma özümüzü qoymuşuq arsızlığa. Axı özünüz bilirsiniz ki, Bakıda nə qədər erməni var. Onlar bizim aramızdadır axı, bütün bunları özününkülərə çatdırırlar axı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira