Azadlıq meydanı - Kərbəla
26 sentyabr. Axşam saat 22:00. Otuz doqquz zəvvarla, «Azadlıq» meydanından Kərbəla ziyarətinə yola düşürük. Bu ziyarət haqqında kifayət qədər kitabçalar nəşr edildiyindən, təkrara yol verməyərək, öz qələmimə uyğun, qısa qeydlər yazmaq istəyindəyəm.
... 4 oktyabr 1998-ci il. Kərbəla şəhəri.
On dörd əsrə yaxın, hər il məhərrəm ayında yasını saxladığımız, nohələr deyib göz yaşları axıtdığımız İmam Hüseyn və onunla bir yerdə 72 şühədanın məzari-şərifləri önündə həyəcansız mümkün deyil.
...İmam Hüseyn və Həzrət Abbas məscidi.
Azərbaycan zəvvarları, göz yaşları içində əllərini məzari-şərifin dəmir barmaqlıqlarına sürtə-sürtə, onları öpə-öpə, Allah-Təaladan niyyət diləyirlər. Niyyətlərin əvvəli də, axırı da Qarabağ, Azərbaycanda haqqın bərqərar olması, bu ölkədə yalana, riyaya, rüşvətə, saxtakarlığa son qoyulmasıdır. Zəvvarların ucadan söyləndikləri dilədiklərə mərcümanların qəribəliklə baxmaları açıq-aydın hiss olunur.
Bəli, niyyətlər məhz belə idi. O niyyətlər idi ki, biz onları heç vaxt Milli Məclisin gündəliyində eşitməmişdik.
... 72 şühədanın məzari-şərifi.
Günahsız insanların, nizələrə keçirilmiş kəsik başları, göz önünə gətirildikcə, elə bil adamın üstünə od tökülür.
Və istər-istəməz, fikirdən belə bir şey keçir, nə yaxşı ki, bizdə baş kəsmirlər; - yeyirlər.
Nədənsə adama elə gəlir ki, bu daha yumşaq cəzadır. Məsələn, filankəslərin əmri ilə, beşmankəslərin başını yedilər. Biz axı Yezid deyilik baş kəsək. Yezid hara, biz hara.
... Fərat çayının sahili.
Yezid qoşununun, suyun qabağını kəsdiyi yer. Hamı Yezidə lənət oxuyur. Nə yaxşı ki, məmləkətimizdə Yezid kimilər yoxdur.
Doğrudur, bizdə də suyu kəsirlər, amma su pulunu verməyəndə. Bu tamamilə başqa şeydir. Şollar suyumuzu butulkalara doldurub, baha qiymətə özümüzə satırlar, bu da tamam başqa şeydir. Allah Yezidə lənət eləsin. Əşşi, Yezid hara, biz hara?
İraqda dilənçi həddindən ziyadədir. Bizə min şükür. Dilənçilərimizin güzaranına min şükür. Ağızlarındakı qızıl dişlərə min şükür! Onlardan «insafla»la alınan haqlara min şükür. Bizim cocuqlarımızı dilənçiliyə öyrədən «dilənçi mafiyaları»na min şükür.
Soruşdum ki, sizdə müharibə əlilləri dilənmirlər ki? Dedilər yox. Blokada rejimində yaşasaq da əlillərə yüksək səviyyədə qayğı göstrilir. Belə olmasa bir də müharibə başlayacağı zamanda o birilər getməz axı. Həm də onların ömürlük itirdikləri Vətən üçün, xalq üçün olub. Bir insan özgəsinə görə şikəst olursa ona baş əymək, qayğı göstərmək borcdur. Məndən soruşanda ki, bəs sizdə əlillərə qayğı necədir, inanın ki, cavab verməyə söz tapmadım. Elə qəhərləndim ki, onların bir parça çörəyə möhtac olduqlarını, hara müraciət etməsələr «getməyəydin, səni mən göndərmişəm?» cavabları ilə təhqir olunduqlarını deyə bilmədim. Deyə bilmədim ki, bizim məmləkətdə müharibə əlilləri zillət içində, müharibədən yararlananlar isə sərvət içində yaşayırlar.
Məsciddən çıxanda, xırda alverçilər-təsbeh, möhür və s. satanlar üstümüzə cumurdular. Biri qolumdan tutub, məndən əl çəkmirdi. Əlindəki xırda salafan, paketlərdə nə var idisə, onları mənə satmaq istəyirdi. Ərəbcə bilmədiyimdən heç nə anlamırdım.
Nəhayət başa düşdüm ki, paketlərdə satdığı torpaqdır. Ürəyimdə güldüm. Dedim ki, sən torpaq satmaq nə bilirsən? Torpağı satarlar, hektarla, kilometrlərlə, yoxsa ki, salafan paketlərdə?
... İraqda həkimə ehtiyac çoxdur.
Soruşdular, sizin səhiyyədə vəziyyət necədir. Ürəyimdə dedim, əlp. Nazirimizin adı, imam adı, familiyası da hamımızın adı.
Dünya ölkələrindən fərqli olaraq, bizdə «cib» insanın üzvlərindən biri sayılır. Haran ağrıyır, ağrasın, fərqi yoxdur, əməliyyat əvvəlcə bu üzvün üstündə aparılır.
... Kufə şəhəri...
Kufə məscidinin həyətində Həzrət Əli Əleyhissəlamın Ədalət məhkəməsi apardığı yer. Hamımız namaz qılırıq. Və allahdan Azərbaycanda belə bir məhkəməninin «Ədalət məhkəməsi»nin bərqərar olmasını diləyirik.
Kufə şəhərində Həzrət Əli (Ə)nin evi.
Allahın İmamının və ərəb xəlifəsinin evi, bizim dövlət məmurlarının qarajından kiçik idi.
Bağdad şəhəri...
Oğurluq haqda söz-söhbət gedir. Deməli o vaxt «Bağdad oğrusu» filmi nahaq çəkilməyib. Biz şəhəərdə olarkən, oteldə zəvvarlardan birinin otağından 50 dollar pul aparırlar.
Otelə qayıdanda, bu işdən xəbər tutan kimi maraqlanmağa başlayıram. Məni maraqlandıran əlbəttə ki, İraq polisinin oğurluğa münasibəti və işləmə prinsipi idi. Bu işdə mənə İrandan zəvvarlar gözləyən kərkük Mahmud kömək edir. Deyir, oğurluğa görə 20 il iş kəsəcəklər. Gözlərim kəlləmə çıxdı.Deyir hələ iş verməmişdən o qədər döyəcəklər ki, gəl görəsən, hətta ayaqlarından asacaqlar. Axı, günahkardır.
Dedim, günahsızı necə, sizdə döyürlərmi? Dedi elə şeymi olur? Bəlkə...Sizdə...
Dedim, Bizdə nəinki günahsızı, heç günahkarı da döymürlər. «Sobstvenni» oğurluğu deyə bilmərəm, amma o «Xalq oğruları» ki var, yəni xalqın malını, elin sərvətini talayıb, oğurlayıb, özünə villalar tikənlərə, mersedeslər alanlara qətiyyən söz demirlər, heç belə çırtma da vurmurlar. Çünki ... Hələ çünki...
... Samirə şəhəri...
İmam Sahib Zamanın (Ə) qeyb olduğu yer. Mağara.
Bəli, bütün bəşər əsrlərdir ki, ədalətin və haqqın carçısını gözləyir. Və bilirlər ki, o mütləq gələcək. Bunu cahan hökmdarları hamıdan yaxşı bilir. Hər hökmdara öz bilicisi, öz görücüsü dünyanının sonu haqda çoxdan xəbər verib. Fəqət heç kəs bunu biruzə vermək istəmir. Daha doğrusu heç bir hökmdar o xilaskarın gəlməsini istəmir, o sorğu-sual gününün olmasını istəmir. 2000-ci il yaxınlaşdıqca dünya şahları iynə üstündə oturmuş kimidirlər. Hiss edirlər ki, oturduqları taxt onların deyil. Hiss edirlər ki, Zamanının və dünya adlı məkanın öz sahibi gəlməlidir. Hiss edirlər ki, Allahın yaratdığı insan üçün, insan, insan özü qanun yaza bilməz. Çünki, yaradılanı, yaradanın öz qanunları, öz göndərdiyi müqəddəs insan idarə etməsə bu bəşər nicat tapa bilməz.
Kitabxana.az · https://kitabxana.az/works/punhan-azadliq-meydani-kerbela
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta ki, o gündən mənim, mah cəmalım gedib,Sanki əlimdən tamam, cah cəlalım gedib.
Nəşrdə «divan»ı çıxırKimə səs verməyə hazırlaşıram canı çıxır,Kimə bel bağlayıram sübh səhər cani çıxır.
Xalis duzdu ki...Hər nə ki, qəlbindədir, ruyində bu biruzdu ki,Üz gözündən bəllidir xain ürək bumbuzdu ki.
Qubar yox qumbarasanmışSəni mən ağ bilirdim, demə məndən də qərasanmış,Qaralıq səndə ondandır ki, neftə mübtəlasanmış.
Başqa şairlərin şeirləri · Satira
Bəs deyilmiş bunca Mehdilər1 xüruci, indi dəVolqadan bir tazə Mehdi xəlqi iğfal eyləyir.
Nə bilimFələyin bir belə cövrü olacaqmış nə bilim,Dirilib xəstə yatanlar duracaqmış nə bilim?
Röyası axundunTəsir eləyib millətə röyası axundun,Xülyası, müəmması, təmannası axundun.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!