Milləti rentgen eləyib dövrümüz,İç-çalatı, sən demə bərbad çıxıb.

Üzdə yaşıl-göydü bizim rəngimiz,İçdə bu rənglər çoxuna yad çıxıb.

Rentgenə girdi kişilər birbəbir,Yarı kişi, yarı da arvad çıxıb.

Zatına aşkar qatılıb, zad olub.Ermənidən azəri övlad çıxıb.

Almasa da, boynuna xainliyin,Girdə peçatnan bu da isbat çıxıb.

Pullu adamlar üzə üz çəkdirib,Üstü ipək, astarı asfalt çıxıb.

Başları pambıqla kəsən kəslərin,Şümr, Yəzid tək adı cəllad çıxıb.

Əhli-Əcəm, əhli-Acam oldu gəl,Əhli-qəzet aclığa podryad çıxıb.

«Məhkəməsenzurqazamatkomtrest»,Bax, belə bir adla təzə zad çıxıb.

Məhkəmələr çox adama iş verib,Şükr ola işsizlərə imdad çıxıb.

AzTB-l-dən ucalan şən gülüş,Bəs ATS-də niyə fəryad çıxıb.

Cəhd elədi gizlədə yaltaqlığın,Amma ki, rentgendə bu üçqat çıxıb.

Fitnə-fəsaddan bu cahan çatlayıb,Bax, o da Pünhan kimi infakt çıxıb.

20 aprel 1998. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri