Qışda evimdə qar yağıb, zülm ilə yaza çıxmışam,Yazda başımda qar qalıb, qışla taraza çıxmışam.

Dərdin içində batmışam, ağı qaraya qatmışam,Evdə nə vardı satmışam, köhnə palaza çıxmışam.

Saldı bu qəlbə bir qəlib, sıxdı bu qəlbi bu qəlib,O annamazdan gəlib, bu annamaza çıxmışam.

Məşhədə eylədim səfər, fitnəmə çadra bir çəpər,«Ər» mənə tandı pullu ər, ta ki, Araza çıxmışam.

Düşdü dalımca tinbətin, güddü dalımca tünbətün,Çoxlar azaldı günbəgün, indi bir aza çıxmışam.

Qardaşı qatil eyləmə, qatilə mail eyləmə,Səcdəmi batil eyləmə, tazə namaza çıxmışam.

Haqq sözümdə neştərim, şərdi, riyadı müştərim,Qəlbdə dərd ləşkərim, meydana tazə çıxmışam.

Pünhanam, ibn İblisə ta ki, müxalifətdəyəm,Qalib olunca mən ona, şillə-qapaza çıxmışam.

12 yanvar 1998. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən