Zaman gələr açılar sirr olan cinayətimiz,Açılsa qır qazanı olmaz heç kifayətimiz.

Yaxınlaşınca "o gün" qeyri-adilər çoxalar,Yetincə Sahib əl Zaman çaşar cəmaətimiz.

O vəqtidən ki, Badu-Kubəmiz, dönərlə dolub,O vəqtidən də möhürsüz olub ibadətimiz.

Gələndə Əzrayıl Xuda verən əmanət üçün,Deyin hökumət alıb, bangdədir əmanətimiz.

Çadır vilayəti bizdə çadır şəhərciyidir,Şəhərdə amma ki, hər villa bir vilayətimiz.

Səxavət ilə danışsaq da arü-qeyrətdən,Xəyanət ilə düşüb tarixə hekayətimiz.

Təmami-şöhrət üçün bircə həccimiz çatmır,Təmam olar bu məqsəd ilə həcc ziyarətimiz.

Əli ayağı dəyən Zülfüqar dayarında,Kələkdən olsa küləkdən uçar imarətimiz.

Söz ilə, Pünhan, olubsa bu cahan xəlq əgər,Qənaətimdi ki, sözdən qopar qiyamətimiz.

20 iyun, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri