Yenə al - qırmızı ustullara rüsva yeriyir,Yenə imzalar içində neçə fitva yeriyir.

Yenə beş il özünə zövqü səfa xatirinəDilənib mənsəb üçün bir ovuc icma yeriyir.

Bizə qol yox, bu qol üstündəki əl göydə gərək,Göyə çatmırsa əli saxta bir imza yeriyir.

Özgənin xəttidi bu mən dedim - arsızca dedi,Dəyişib köhnə hərif tazə əlifba yeriyir.

Yerdəkin göydəki seçməzsə nə lazım bu seçim,Bəndənin seçdiyi bir canlı müqəvva yeriyir.

Bizdə yox kəlməsi çoxdandı ki, xofdan yox olun,Biri "hə", o birisi "ha", bu birisi də "da" yeriyir.

Bahalı sırğa taxıb eldə fəxarət eləmə,O qulaq sırğalıdır ki, ora məna yeriyir.

O təmah ilə ki, sahilləri zəbt eyləmisən,Görcəksən ki, necə üstünə dərya yeriyir.

Veribən əl-ələ Sahiblə Zaman göydən enir,Yol açır cənnətə, ilk Adəmü Həvva yeriyir.

Pünhanın sözləri haqdan yol alıb haqqa gedir,Tutub o səmti rəvan ol hara misra yeriyir.

7 oktyabr, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri