Solubdur «Xarı bülbül»lər, olubdur bu çəmən yazıq,Uçubdur sarı bülbüllər, qalıb sərvi-səmən yazıq.

«Olum yaxud ölüm»dən özgə söz bilmir bu ac millət,Qalır – dözmür bədən yazıq, ölür – tapmır kəfən yazıq.

Zamanlar içrə hər Allahsızın şahlıq zamanında,Bu dünyaya gələn yazıq, bu dünyadan gedən yazıq.

Gedən getdi, itən itdi, ötən ötdü, bitən bitdi,Yenə meydanda qaldı baş kəsən cəlladla mən yazıq.

Xudanın yazdığın pozmaq dilər, can güddürən zalim,Günah yüklü vücudu güddürən yazıq, güdən yazıq.

Məni – biçarəyə ey dost, dedin ye «Xan kababı»ndan,Axı, həzm eyləmir bəy – xan kababın bu gödən yazıq.

İlahi, sordular bir gün yazıqlar yazığın məndən,Dedim, sənsiz olanlardan yazıqlar içrə ən yazıq.

Mənim yazıqlığım getdi, sənin yazıqlığın gəldi,Mən əvvəldə yazıq oldum fəqət axırda sən yazıq.

Vətən can verdi Pünhan, dəfninə Sahib-Zaman gəlsin,Azan çəksin bu torpaqda, oyansın bu Vətən yazıq.

2 avqust 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq