Yaz gələndə bağlara bülbül qonar yaz üstünə,Çox gələr çox üstünə, çox az gələr az üstünə.

Pul olub insanlığın miqyası ya Rəbb, dövrə bax,Pul olanda ən kobud arvad gələr naz üstünə.

Kim vurub paz millətə, millət düşübdür zillətə,Pazlanar bir gün özü, kim paz vurub paz üstünə.

Ey fələk ya ruzi ver məzlumə, ya öldür onu,Rəhm elə, borc almağa göndərmə qanmaz üstünə.

Erməni saz tankların sürdükcə bu torpağa, biz,Bir qoşun aşıqla cumduq ekrana saz üstünə.

İndi çoxdur Məşhədi İbad kimi sərsəm qoca,Bir ətək pulnan gedir şəst ilə Gülnaz üstünə.

Dövr ilə çarpışmada var-yox tüküm əldən gedib,İndi başdan yüngüləm əqlim çıxıb daz üstünə.

Kəs, qapaz icra edən məmurların sərt əllərin,Kəsdiyin əllərlə vur, qappazı qappaz üstünə.

Hay daley, zabul daley, segah daley, vui evere dey,Şurumuz yollandı petroldan qabaq caz üstünə.

Müstəqillik başladı üzdən bizə heç çatmadı,Mazlı qızlar azad-azad maz çəkər maz üstünə.

Pünhan ölsə, altını basdırginən üstünsə yox,Üstünü başdaşı eylə, haqq sözün yaz üstünə.

5 iyun 1998. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

«Cadu» olunmuş papaqlar

Deyirəm bu millət filan cürdür, deyirlər millətin adından danışma. Deyirəm yaxşı, millət olmasın xalq olsun, deyirlər üzrü günahından betər. Bəlkə el deyim? Dedilər burda lap korladın. Hə, tapdım, bu ölkənin əhalisi filan cürdür - az qaldılar məni məhkəməyə versinlər.Dedilər yadında saxla ki, ayrı-ayrı adamların elədikləri alçaq hərəkətləri, alçaq əməlləri millətə, xalqa və əhaliyə aid eləmək olmaz. Və bu sözdən sonra məni maraqlandıran bir şey oldu. Görəsən, beş-altı milyon «ayrı-ayrı» adama birlikdə nə deyərlər. Bəlkə millət yox, milli ət deyərlər?!

14 dəq
Azadlıq meydanı - Kərbəla

26 sentyabr. Axşam saat 22:00. Otuz doqquz zəvvarla, «Azadlıq» meydanından Kərbəla ziyarətinə yola düşürük. Bu ziyarət haqqında kifayət qədər kitabçalar nəşr edildiyindən, təkrara yol verməyərək, öz qələmimə uyğun, qısa qeydlər yazmaq istəyindəyəm.... 4 oktyabr 1998-ci il. Kərbəla şəhəri.

4 dəq
Gedin tullanmağınızın dalınca!

Bizim məmləkətdə bəzi şeylərin pulnan olduğunu bilirdim. Əttövbə, tullanmağın yox. Bunu da bildim. Yatıb yuxuma da girməzdi ki, abituriyentlərinin əksəriyyətini qızlar təşkil edən litseylərdə, məktəblərdə, texnikum və institutlarda bizim müsəlman qızlarına idman dərsini kişi müəllimlər keçə. Dar retuz və ya şortik geyinmiş bir dəstə yeniyetmə qızı, bir kişi qabağına qatıb kross qaçıra, hoppandıra, nə bilim onlara cürbəcür hərəkətlər etməyi öyrədə. Bunu gözümlə görməsəydim inanmazdım.İdman dərsi uzunluğa tullanmaqdan başlandı. Qızlardan kimi 2 metr, kimi 2,5 metr, kimi də 3 metrə qədər tullandı. Müəllim hər üçünə «2» yazdı. Qızlardan birinə yan alıb soruşdum ki, bəs «2» almamaq üçün neçə metr tullanmaq lazımdır. Dedi, 4 metr. Açığını bilmək istəyirsinizsə, ya 4 metr tullanmalısan, ya da bir «şirvan» verməlisən. Metrəsi 2500 manatdır. Şükürlər olsun ki, bizim texnikum ucuzluqdu.Mən elə məktəb tanıyıram ki, orda hündürlüyə tullanmağın metrəsi 5 «məmməd»dir. Müəllim hündürlük taxtasını qoyur 2 metr ölçüsünün üstünə, pulun yoxdursa, taxtanın üstündən tullanırsan, varsa altından keçirsən. Dedim, qızım müəllimizin adı nədir? Dedi, Qeyrət müəllim. Bəli, Qeyrət müəllim bığıburma olmasa da, saçıburma bir kişi idi. Deyirlər insanının adı özünə uyğun olur. Doğrudan da, bu kişiyə baxanda əyninə geydiyi dar «cins»indən onun əsli, nəsli, cinsiyyəti məlum eləyirdi. Qeyrət müəllimin «2» yazdığı qızlar, yaxınlaşıb ona yalvarmağa başladılar ki, ay müəllim, başına dönüm, qadanı alım, bəs semestr yaxınlaşır, amanın bir günüdür bizi «kəsir»li eləmə. Qeyrət müəllim, bir o yana, bir bu yana baxdı, barmaqlarının ucu ilə saçlarını burub, bir ayağını qabağa qoyub, sanki Koroğlu «stoyka»sını aldı və acıqlı-acıqlı dedi:

3 dəq
Şəhərin «mer»inə halal olsun!

Şəhər həmin şəhər idi... İnsanlar da... Bəs hər yerdə hökm sürən qeyri adiliyin səbəbi nəydi? Anlaya bilmirdim. Bəlkə təbiət dəyişmişdi? Yox, o da öz rəngində, öz adiliyində görünürdü. İnsanların üzündəki, hüzn məni çaşqınlıqda qoymuşdu. Müharibə başlamışdımı? Özgə bir fəlakət baş vermişdimi? Qoşun-qoşun başıma gələn suallar cavabını almadan elə qoşun-qoşun da çıxıb gedirdi.Dağüstü parkdan aşağı enirdim. Bütün şəhər ayaqlarım altındaydı. Gülüstan sarayına yaxınlaşırdım. Deyəsən toy idi. Ətrafda xarici maşınların əlindən tərpənmək mümkün deyildi. Adamların toya gəlməsi onların yalnız gözəl və bahalı geyimlərindən bilinirdi. Üzlərinin ifadəsi isə yasa gələnləri xatırladırdı. Bu qeyri-adiliyə marağım artmağa başladı. Gələnlər intizar içində idi. Deyəsən bəylə-gəlini gözləyirdilər. Nəhayət, vağzalı səsi eşidildi. Və gül-çiçəklə bəzənmiş «Limuzin» markalı maşın saraya yaxın yerdə saxladı. Əvvlcə bəylə-gəlin, sonra sağdış və soldış maşından düşdülər. Onların üzündəki sevinc bircə anda əridi, yox oldu. Mən başımı qaldırıb «Gülüstan» sarayının yanında çox böyük ölçüdə quraşdırılmış reklamı görüncə içim yandı. Və mənə hər şey aydın oldu. Reklamda ağ paltarda, başında «fata» gözəl bir gəlinin gözü qabağında ermənilər bəyin əl-ayağını bağlayaraq, qurbanlıq qoyun kimi başını kəsirdilər. İlahi, bu gördüklərim nə idi? Gerçəkdimi, ilğım idimi, başa düşə bilmədim. Bu reklamı bura kim vurmuşdu, nə səbəbə vurmuşdu?

6 dəq

Başqa şairlərin şeirləri · Vətən