Millətimin halı yadımdan çıxıb,Qəm oxuyan valı yadımdan çıxıb.

Yaxşı güzaranlısı dövrəmdədir,Fağırı, hambalı yadımdan çıxıb.

Yerlilərim sıx meşə tək köklənib,Hansıdı çaqqalı yadımdan çıxıb.

Ac-yalavaclar gözünü silməyə,Bir qoşa dəsmal yadımdan çıxıb.

İsti yatağımda qızırkən canım,Əsgərin ədyalı yadımdan çıxıb.

İndi xiyardan, banana keçmişəm,Bağdakı şaftalı yadımdan çıxıb.

Türk, ərəb musiqisin dinlərəm,Rastımın üzzalı yadımdan çıxıb.

Məhbəsi-zülmətdə günahsızların,Zənciri, qandalı yadımdan çıxıb.

Nəslim üçün çox qabağı görmüşəm,Çox qabağın dalı yadımdan çıxıb.

Sən Baba Pünhanı unutsan da gəl,Bir demə saqqalı yadımdan çıxıb.

23 avqust 1997, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri