Neçə illərdi yazır ölkədə başdanbaşa daş,Belə getsə, basacaq başları başdan-başa daş.

Daşı bir yerdən atırlar bölünür daş ikiyə,Bu daşın sirrin açanda dəyəcək sirdaşa daş.

Yuxarı zümrələrin gizli şüarı belədir:«Bu avam xalq oyananda yaşa qənbər, yaşa, daş!»

O zamandan ki çəkiblər bizi meydan üzünə,Bax o gündən də salıblar aşa daş, bozbaşa daş.

Daşı atdın yekəsin at, arama xırdasını,Yekə daş olsa, çətin ki, yekəbaşdaş aşa daş.

Qarabağ Azərbaycanımızın tək qaşıdır,Qaşa göz dəydi, o gün ki, yağı atdı qaşa daş.

Yenə aləm, yeni Adəm, yeni Həvva gələcək,Olacaq Kəbə daşı Kubə daşıynan qoşa daş.

Demə, Pünhan, sənə atmaz daşı, ağsaqqalsan,Şoru balnan bir olan ölkədə baxmaz yaşa daş.

13 sentyabr 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən