Hələlik dağların
Zirvəsində qar,
Elə ki, yaz gəldi -
Əriyəcəkdir.
Gül kimi, tül kimi
Bəyaz dumanlar
Yerləri-göyləri
Bürüyəcəkdir.


Hələlik yay gəldi
Bişəcək aləm
Günəşin
Qırmızı təndirlərində,
Bişib kömbə-kömbə
Şişəcək aləm.


Hələlik payızın
Qumral gözləri,
Tökəcək şıdırğı
Yağışlarını.
Bağlara uzanan
Ayaq izləri
Yığacaq allahın
Bəhrə - barını.


Görəsən dünyada
Nədir əbədi?!
Məzar ki, deyirik
Məzar hələlik...
Bəzəkli-bəzəksiz
Daşlar hələlik.
Yerlə yeksanın da
Özü hələlik...
Yeddi mö’cüzədən
Qalan-qalmayan
Nami-nişanın da

Özü hələlik...


Ömür kitabının
Hər varağına
Tale möhür basıb
İmza atıbdır.
Uyma bu dünyanın
Təmtərağına
Nə nuhun gəmisi?!
Ay evi abad!
Qitələr, millətlər
İtib-batıbdır...


hələlik sözünün
Fərqinə varma!
Məni dərinliyə
Çəkib aparma!
Yaman qorxuludur,

Dərin dəryalar.
Yaman qorxuludur,
Dərin mə’nalar.
Yaman qorxuludur,
Dərin meşələr.
Yaman qorxuludur,
Dərin kişilər.


Dərin kişilərdən
Soruşsan əgər
Onlar söyləyər:
Bir ağıl, bir kamal
Hələlik deyil.
İntizar,
İstiqbal
Hələlik deyil.
Sonsuz fikir-xəyal
Hələlik deyil.

Zülmətdə nur olub
Doğur - hələlik...

Ümidsizlikləri
Boğur hələlik.
Nəsillər hələlik
Bəşər əbədi.
Bəşər ki...
Hələlik
Yaşar əbədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri