Quzuya dönürsən işin düşəndə,İşin ki, düzəldi quyruq üstəsən.Əslində bir günah görmürəm səndə,

Sən də belə zəlil, belə xəstəsən.

Payandaz olursan işin düşəndəİşin düzələndə tərlan olursan.İlıq yaz olursan işin düşəndə,İşin düzələndə tufan olursan.

Quyruğun tələdən çıxdı vəssalam!Bax ki, bu üz mənim, bu sifət sənin.İkrahdan, qəzəbdən, nifrətdən lalam,Dönük sifətinə, ay lə’nət sənin.

Yaxşı, bəs qorxmursan, bir də ilişsən,Sənə kömək əli uzadan deyil,Sən ha dil tökübən, sən ha çalışsan,Halına kimsə də bir yanan deyil.

Zəhər də, şəkər də yanaşı daim.Hərəsi öz yeri... öz qədərində.Eyni xasiyyətdə deyil ki, heç kim,Hərə öz vərdişi, öz şakərində.

Fəqət, ölçüsü yox utanmazlığın,Axı üz ətdəndir, dəmirdən deyil.Bu naxələfliyin, bu qanmazlığın,Silinməz qarası - kömürdən deyil.

Minnət götür bu gün, dal çevir sabah,Sadəcə belə də adamlıq olar?Kimə gətirəcək beləsi pənah,Pənahı - gümanı olsa tarimar?

Qan yox, şərbət axar damarlarındaDuzsuz, şimşit olar dili-dodağı.Əttökən bu yalvar-yaxarlarında,Xəcalətdən ölər oğul-uşağı.

Qılığa bir dəfə girə bilərsən,Bir dəfə üzünə qapı açılar.Xoş rəftar bir dəfə görə bilərsən,Bir yol zülmətinə işıq saçılar.

Sənnən yan keçərlər, sən yan keçən tək,Qalar dikburnunda yumruq möhürü.

Kimə yaxınlaşsan işin düşən tək,Sinənnən vurarlar, dönərsən geri...

Saman çöpü gəzər dəryada gözün,Sənnən saymazyana ötər gəmilər...Səni sayanları saymadın özün -Gözdən saymazyana itər gəmilər.

9 may 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri