Gündə bir saat
Barmaqlıqdan görünən
Fəzaya,
Ömürlük cəzaya
Dözərəm.
Ey ulu qüdrət,
Fəqət,
Məni sakındır
Bir cinayətdən
Bu cinayət-
Xəcalətdir
Məni qoru
Ömürlük xəcalətdən.
Ürəyim qübar eləsə,
Gücüm heç nəyə çatmasa
Sözüm heç ağıla batmasa
Qan udaram,
Qan qusaram.
Haqq önündə
Dilim qısa

Lal oluban
Mən susuram.
Sözüm olsa onu üzə
Mərd deyərəm.
Yox, kobud yox,
Sərt deyərəm.
Fəqət,
Ulu qüdrət,
Qoyma məni
Zəhər tuluğu olam
Onnan da pis
Şərbət qılığı olam.
Qoru məni
Yan-yörəmi
Gicitkan tək dalamaqdan,
Daladığım sir-sifəti
Sonra gedib
Sulu-sulu yalamaqdan...


Bir gün yağlı yeyərəm,

Bir gün yavana qallam.
Bir gün tava kababa,
Bir gün hava kababa,
Bir gün də
Ağzımı göyə açıb
Gümana qallam...
Ey ulu qüdrət,
Fəqət,
Məni qoru
Dost-düşmən yanında acı-acı
Ağlamaqdan,
Lap gül kimi,
İpək kimi ürəkləri də,
Lap daş kimi,
Kəsək kimi ürəkləri də
Ağı-ağı dağlamaqdan.


Yaxşılığı itirmək
Günahdır.
Öz-özünü qətlə yetirmək

Allah üzünə ağdır.
Ey ulu qüdrət,
Fəqət,
Qoru məni
Qaxıncdan,
Dalı da,
Qabağı da
Kəsən qılıncdan.
Qoru məni
Yersiz qol-qanaddan,
Qoru məni
Yersiz ehtiyatdan.
Qoru məni
Unutqanlıqdan.
Qudurğanlıqdan.


Beşindən qorxmasam da
İkisindən qorxaram,
Günəş altında mən
Daş deyiləm ki,

Qaram.
Günahımı boynuma
Kişi kimi alaram
Bu millətin önündə
Ey ulu qüdrət,
Fəqət,
Qoyma sınam, yalvaram
Müxənnətin önündə.


Hər məqamda
Zərif olmaq olmaz.
Heç məqamda
Hərif olmaq olmaz.
İnsan
Nəzakətlə qəbahətin
Arasındadır hər an.
Ey ulu qüdrət,
Fəqət,
Məni qoru
Boynu dönə bilməyən

Kərgədannan,
Nəzakət qrimli
Nadannan.
Qorxmuram
Məyus annan
Məni qoru
Ümidsiz,
Məlum annan.
Bir də,
Bir də
Ömürlük hicrannan.

6 mart 1998

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri