Əlli yaşında mən, on yaşında sən...Sən - yaşıl tumurcuq, mən - sarı yarpaq.Əlimdən sürüşən ömürdən-gündənƏlimdə-ovcumda bir sənsən ancaq.

Quzum, uşaq şe’ri deyil bu şe’r...Sabaha aparır məni yelkənim.Bu gün heç sən bilmə atan nə deyir,Gün gələr bilərsən, mahirim mənim!

Kim öz ayranına turş deyib ki, kim...Qoy mən də tə’rifi qoyum bir yana.Başqa duyğularla çırpınır qəlbim,Yaxın gəl, qulaq as şair atana.

Qorxma, nəsihətlə yormaram səni,Quru nəsihəti yox görən gözüm.Ey mənim ömrümün tənha yelkəni,Başqadı mətləbim, başqadı sözüm.

Görərsən: hər kəsin öz taleyi var,Heç bir şey talesiz deyil dünyada.Küləksiz - şəlpətək yelkən sallanar,Küləkdə qabarar yelkən dəryada.

Yelkənin taleyi küləkdir, külək,Bu vaxt o qartaldır dor ağacında.Küləksiz elə bil dara çəkərək,Yelkəni asıblar dar ağacından.

Küləksiz yelkənə dönərdim sənsiz,Həsrətlə baxardım dəryaya, oğlum!Gərəksiz yelkənə dönərdim sənsiz,İlişib sahildə qayaya, oğlum!

Qara torpaqdadır dənin sabahı,Nimçələr içində dən çörək olmaz.Mənim sabahımdır, sənin sabahın,Daha başqa cürə düşünmək olmaz.

Lalənin taleyi - yaraşığında,Nərgizin taleyi - ətrində, oğlum!

Gecə - qiyamətdir ay işığında,Səhər - qızıl fəcrin çətrində, oğlum!

Ətrim yaraşığım, günəşim, ayım,Qırmızı üfüqüm, yaşıl çəmənim.Sahilsiz dənizim, hüdudsuz çayım,Canım-gözüm mənim, taleyim mənim!

Bircə ağac bitsə, səhrada, oğul,Yer-göy qıyıb ona, soldurmaz heç vaxt...İnsan olan bəndə dünyada, oğul,Yeganə ümidi öldürməz heç vaxt...

Mənim arzularım nəhəng okean,Kiçicik bir salın ümidindəyəm.Sənsən o kiçik sal... coşsa da tufan,Uğurlu iqbalın ümidindəyəm.

Ömür sarayımdan hər saat, hər günBir kərpic qopsa da, düşsə də, nə qəm.Ömrün bu işini bildiyim üçün -İlləri irəli çəkmək istərəm.

Ey körpə şitilim, fidanım mənim,Böyük, qol-budaqlı bir aləm ol sən!Ağıllım, şıltağım, şeytanım mənim,Gözüm görə-görə abidəm ol sən!

Şan-şöhrət heykəli deyil gərəyim,Gözütox, könlütox, babat şairəm.Hər sənə baxanda uçur ürəyim,Babat olsam belə, xoşbəxt şairəm.

Tək şe’r yazmaqla şair olmağı,Kifayət bilmirəm, - bəlkə də səhvəm.Yalnız yazan kimi yadda qalmağıÖzcə taleyimçin kəm sayıram, kəm.

Ata həyəcanım, ata sevincimBütün yazdığıma bərabər mənim.Coşur ürək qanım, axır göz incimMehrinə hər axşam, hər səhər mənim.

On ildir aləmin yadındayam mən,

Şirinim, şəkərim, qəndimlə oğlum!On ildir aləmin yanındayam mən,Adına içdiyim andımla, oğlum!

Çox da bənd olan yox mənə on ildir;Təzə yazdığım nə, yazacağım nə.Hamı soruşur ki... necədir mahir?Hamı xeyir-dua diləyir sənə.

Mən səni çilçıraq görmək istərəmQaranlıq qovuşan asimanımda;Mən səni min budaq görmək istərəmXəzanı başlayan bu ormanımda.

Mən ol, heç olmasa, bəd ayaqda sən...Yox, əgər bacarsan min dəfə yüksəl!Başqa söz demirəm, yaşamaqda sənƏn azı mənə çək, mənə oxşa, gəl!

Bə’zən unuduram, uşaqsan hələ,Səni böyük kimi dindirirəm mən.Gəl, bunu zənn etmə sən elə-belə,

Bu “səhvim” bilirsən nədəndir, nədən?

Tükənir, qalmayır səbrim-qərarım,Sənin gəncliyinə can atır ürək.Əlvan arzularım, xoş arzularım,Dolanır başına pərvanələrtək.

Dana bilməsəm də nəsihəti mən,Xoşuma da gəlmir deyim düzünü;Həyat vəsiqəni al taleyindən,Unutma atanın gəl bu sözünü.

“Xüsusi çəki” var, kimyada, bala,Yox, daş-tərəzilik deyil bu çəki,Kim ki, onsuz yaşar dünyada, bala,Vücudu qovuqdur hesab elə ki.

Dəniz qurban istər, qurban, mahirim,Gövhər ələ gəlməz asan, birtəhər.Mənim də ürəyim ümman, mahirim!-Sən də bu ümmanın içində gövhər.

Mənim daşdan çıxıb hər işim, oğlum,Gəl ki, dumdurudur, daşdan çıxan su.Dünyaya belə gec gəlişin oğlum,Görməmiş eləyib məni, doğrusu.

Yox, daşdan çıxmasın sənin qismətin,Ancaq asana da heç vaxt dadanma.İsti-soyuq sudur asanla-çətin...Birində titrəyib... birində yanma!

Dənizdə küləyin işi ikiqat,İkiqat çətindir, ikiqat, oğlum!O həm özü üçün açır qol-qanad,Həm yelkənə verir qol-qanad, oğlum!

Sən də dəryalarda küləklər kimi,Qanad aç, qanadın qanadım olsun.Zülmətləri yaran şimşəklər kimiQüdrətin, qüvvətin inadım olsun.

“Olsun”u, filanı... qoyaq kənara,Mənim quzu balam, gül-çiçək balam.

Gedək bağçalara, gedək bağlara,Əlini mənə ver, gəl gedək, balam!

Əlli yaşında mən, on yaşında sən...Sən - yaşıl tumurcuq, mən - sarı yarpaq.Əlimdən sürüşən ömürdən-gündənƏlimdə-ovcumda bir sənsən, ancaq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri