Suqovuşanda
Gözüm qaldı gözlərinin qarasında,Ürəyimə bir od düşdüİki suyun arasında,Nə Araz söndürdü, nə də Kür məniQoyma külə dönüm, gəl söndür məniSuqovuşanda.
Gecə sakit, hava sərin, göy ulduzluGəl sahilə enək, - dedin
Gülə-gülə, nazlı-nazlı.Endik lap sahilə, lap yavaş-yavaş,Qız əlin əlimdən çıxmayaydı kaşSuqovuşanda.
Gözüm qaldı dodağının qönçəsində...Sözüm qaldı can eviminHəsrət dolu guşəsində.Bir möcüzə göstər, sənə yaraşım,Gizli yox, aşikar qaynayım-daşımSuqovuşanda.
O sahildən bu sahilə qayıq üzürAvarçını səsləyirsən:Bizi gəzdir!Sən allah, dayanaq, duraq beləcəNağıl tək uzansın bu nağıl gecəSuqovuşanda.
Meh titrədir telindəki qızıl gülü,Baxışının xumarındanOldum dəli...
Zəncir istəmirəm qanad ver mənə,Bir təzə, sövdalı həyat ver mənəSuqovuşanda.Hansı qüdrət çəkib sənin surətini?Ana südü pak eləyibİsmətini.Gəlsin, hanı vaqif, hanı ələsgər?Səpilsin başına gözəlləmələrSuqovuşanda.
İnanmıram duymayasan nə haldayam.Gözüm sənə baxa-baxaXəyaldayam.İlbizlər də sussun ulduzlar kimi...Təki sən, təki sən eşit qəlbimiSuqovuşanda.
Nə yaxşıdır bu saatlar, dəqiqələr.Nə yamandırSənsiz keçib ömrüm hədər.Bizi innən belə ayırmaq olmazGör necə birləşib kür ilə araz
Suqovuşanda.
Kitabxana.az · https://kitabxana.az/works/qabil-suqovusanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir