Relslər
Zəng çalınır... ağır-ağır tərpənir qatar,Bir az sonra nə əl yetər, nə də ün çatar.
Nə zaman ki, könülləri ayrılıq sıxır,Ağ dəsmallar qara gözlə görüşə çıxır.
Ürəyimdir didəmdəki sönüb alışan,Quşu uçmuş yuva kimi halım pərişan.
Dərdlərimi ondan özgə söylərəm kimə,Göz yaşlarım dolu kimi düşür qəlbimə.
Qatar gedir... uzaqlaşır sevinc yelkənim,Uzaqlaşır, uzaqlaşır yaxınım mənim.
Qatar gedir... arxasınca qalır qoşa xətt,Uzandıqca, çəkildikcə verir əziyyət.
Uzandıqca, çəkildikcə... məhşərdir, məhşər –İki qəlbi birləşdirir axı, o tellər!
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-relsler
← → düymələri ilə keçid, R — təsadüfi şeir