Ay qız, çiçəyisən bizim dağların,Hüsnünün şöhrəti tutmuş hər yanı.Laləni qızartmış al yanaqların,Gözlərin mat qoymuş bala ceyranı.

Səni bu gözəllik ucaltsın deyə,Gözlə namusunu, gözlə arını –Ömrü əyləncəyə etmə hədiyyə,Əziz tut nənələr yadigarını.

Sən uca tutmasan öz ismətini,Çoxları ətrini qoxlamaq istər;Çalıb bir oğlanın ilk qismətiniÖzündə xatirə saxlamaq istər.

“Qızsan, ucuz olma, bil öz qədrini” –Deyən anaların səsini dinlə.İndi elə tərpən, sabah əriniGöstərməsin biri tənəylə, kinlə.

Ömrün mənasıdır vəfa, sədaqət,Onsuz nə xoşbəxtlik, nə də həyat var.Vaxtsız qəbrə gedər, başında töhmətƏhdinə, eşqinə dönük çıxanlar.

Tərpənməz vəfadan qoyulan təməl,Tufan dağları da yıxıb uçursa.Vəfayla gül açar hər arzu, əməl,Hansı ailədə o, yuva qursa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq