Gözəl adam, gəl Allahı sevərsən,Daldalanma, bir də görkəz yara yüz.Yastana gör yarın astanasında,Qulluq eylə, xidmət eylə yara yüz!

Sağdan vurdu, soldan çıxdı sağ əlim,Sağ qoşundu, sol ləşkərdi, sağ elim,Nagümanam mən bu dərddən sağalım,Təbib birdi, dərd min birdi, yara yüz.

Qurbani der: Munda gəldim yar üçün,Kəs, kəs, kabab doğra bağrım, yar için,Yar odur kim, yardan sonra yar üçünZülf dağıda, yaxa yırta, yara yüz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq