Bir ömür
Bir ömür nə qədər sürür, kim bilir?Nə şair, nə alim, nə həkim bilir!
Bir ömür, deyirik, yaman gödəkdir,Beş yaşda gömülmək bəs nə deməkdir?!
Qırxa çatmayan da, gödəkdir, deyir,Yüzü adlayan da gödəkdir, deyir.
Hər kəsin payına bir ömür düşüb,Toyuna, vayına bir ömür düşüb.
Duyğu bir ömürdür, fikir bir ömür,Kim bilir, nə qədər çəkir bir ömür?!
Talelər çeşidli, yaşlar çeşidli,Ürəklər çeşidli, başlar çeşidli.
İnsan var dünyanı alır on ildə,Adını tarixə salır on ildə.
İnsan var yüz otuz, yüz qırx yaşında,Keçmişdən bir əsər yoxdur başında.
Bir ildə bir yol da həkim çağırmaz,Ürəyi ağrımaz, canı ağrımaz.
Anlamaz həyat nə, yer nə, göy nədir;Bu gerçək içimi yaman göynədir.
Neçin qafalılar az yaşayırlar?Duyğusu kötüklər saz yaşayırlar?
Neçin çox yaşayır quzğun alamlar,Göndəmsiz adamlar, pozğun adamlar?!
Kimlərə gərəkdir ömrü onların,O leş sökənlərin, o quzğunların?
Neçin bu dünyaya gələr, bilinməz,Neçin ömür sürər, ölər, bilinməz?!
Bir böcək ömrü də sürməzlər onlar,Burnundan uzağı görməzlər onlar.
Onların burnunu qırmaq gərəkdir,Başının üstündə durmaq gərəkdir.
Gözü ac, mədəsi tox yaşayırlar,Kim deyir, alçaqlar çox yaşayırlar?!
Bir ömür yükünü daşımır onlar,Niyə də ölsün ki, yaşamır onlar?!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-bir-omur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə də gülşəndə zavallı bülbülBir gülə, bir xara baxıb ağlayır,
Ey RəfiqEy Rəfiq, mən atamın öfkəsiyəm,O günəşdir, mən onun kölgəsiyəm.
YandıraramYurduma xor baxanı yandıraram,Yaxaram, bağrını odlandıraram!
SərhədlərKimlər qoca dünyamızı sərhədlərə bölmüş?Həsrətlilərin arzusu könlündə gömülmüş!
Başqa şairlərin şeirləri
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
ŞəklindəSevimli tələbəm Tağı Şahbaziyə.*Sevimli bir diləyim var, xəyal şəklində,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,