Tülküdən hiyləgər olan bir ovçu,Bir qurdu öldürüb, mükafat aldı.Bilmədi nə qədər böyükdür suçu,Beynimə qan vurdu, qanım qaraldı.

Qurdun nə qovğası, nə cəfası var?Fitnəyə, fəsada yad deyilmidir?Deyirlər, qurdlarda it vəfası var,İtlərin əcdadı qurd deyilmidir?!

Çox da qoyun sevir çobanlar kimi,Saf-çürük etmirmi, bilənlər desin!Qurdun pulu varmı, insanlar kimi,Hər səhər bazardan ət alıb yesin?

Ahıldan ahıldır, ağırdan ağır,Çaqqallar adına qara yaxıbdır.Üzündən, gözündən igidlik yağır,Kim durub diqqətlə ona baxıbdır?!

Məğrur, əzəmətli, həssas, vüqarlı,Sevgi nə, yavru nə duyan canlıdır.Bütün canlılardan o, etibarlı,Bütün canlılardan istiqanlıdır.

Yetim körpələrin dadına yetmiş,Atalar, qurdlarda var ağıl, deyir.İnsan balasına dayəlik etmiş,Məşhur “Mauqli”yə kim nağıl deyir?!

Ayılar, pələnglər, fillər, ərinməz,Təlxəklik eyləyər hər gecə sirkdə.Yeganə qurddur ki, orda görünməz,Dolanar dərədə, dağda, gədikdə.

Yurddaşlar yaşadar yurdu, Xəndanım,Qurd ürəklilərin aləmi yurddur!Gözündən ayırma qurdu, Xəndanım,Sənin ulusunun totemi qurddur!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq