Borc almamış ömründə atan kimsədən, oğlum,Qaçmış tiyan altında yatan kimsədən, oğlum!

Məncə, ucalıqdır yaşadan insanı ancaq,Əl açmağa ar eyləməz aləmdə bir alçaq!

Borc almağa adət edənin hörməti olmaz,Qaytarmayanın qeyrəti, şəxsiyyəti olmaz!

Vicdanı olan bir kişi minnət götürərmi?!Bir ömrü sülənməklə, sürünməklə sürərmi?!

Vicdanına ömrün boyu minnət yasaq olsun,Alçaqların alçaqlığı səndən uzaq olsun!

Ərdəmli yaşa, ər kimi, ərdəmli xələf ol,Ya göylərə qartal kimi yüksəl, ya tələf ol!

Mərd oğlu əyilməz bir ovuc daş-qaş ucundan,Vicdanını məşəltək ayırmaz başucundan!

Yoxdur yer üzündə yerə girmişlər üçün yer,Borc bil özünü yurda, nə borc al, nə də borc ver!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri