Səhifə 1 / 3

Şairin Qızıl Arslanla görüşmələrindən:
Girib dərgaha qasib ərzə gəldi.
Dedi: “Şahım, nəhr dəryaya gəldi”.
N i z a m i

Nizami “Pənc gənc” (“Beş xəzinə”) adlandırdığı beş məsnəvisinin müasiri olmuş hökmdarların adları ilə bağlamışdır. Bu münasibətlə onların özlərilə ya yazışmaq vasitəsilə, ya da görüşmək yolu ilə təmasda olmuşdur. O, dolayısı ilə də onlardan söz açmış və mədhiyyələr yazmışdır.
Şairin bilavasitə mədh etdiyi sülalə, dövrlərində yaşamış olduğu Azərbaycan atabəyləridir. Əsərlərindən iki böyüyünü (“Xosrov və Şirin” ilə “İskəndərnamə”ni) şair atabəylərə ithaf etmişdir.

Həyatı ilə sıx bağlı olduğu üçün burada şairin əsərlərindəki ithaflar üzərində bir az dayanmağımız lazımdır. Nizami ilk məsnəvi “Məxzən-ül Əsrar”ı şair Sənaninin Qəznəvilər sülaləsindən olan Bəhram şahın adına yazdığı “Hədiqət-ül-əsrar”a bənzədərək yazmış və eyni adı daşıyan Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah Mənküçəkə ithaf etmişdir. Kitabı Bəhramşaha təqdim etmək üçün Nizami şəxsən özü Ərzincana getmək istəmişsə də, o zamankı qoşun hərəkətləri ucbatından öz məqsədinə nail olmamışdır, çünki “yollar bağlanmışdı”. Buna görə şair kitabın yalnız göndərilməsiylə kifayətlənmişdir. Öz əsərini göndərərkən, şair Ərzincan sarayının şaha yaxın şairlərlə əhatə olunduğunu bilirdi, lakin onlara üstün gələcəyinə də əmin idi. “Rumu alan və Abxaziyanı fəth edən” Bəhramşaha müraciət edərək şair deyir: “onlar, yəni Ərzincan şairləri Nizaminin qabağında hesab verəcək kimsələrdir”. O, özünü “sözdən düzəldilmiş qılınc sahibi” adlandırır və “qarşısına çıxanların başlarını kəsəcək” deyə öyünür.

Şairin ikinci böyük əsəri – “Xosrov və Şirin”dir. İthaf və mədhiyyələri baxımından bunun diqqəti cəlb edən orijinallığı vardır. Əsər, əslində, o dövrün həqiqi sahibi və hökmdarı Azərbaycan atabəylərinin ikincisi olan Şəmsəddin Məhəmməd Cahan-Pəhləvanın adına yazılmışdır. Lakin o zaman İran Səlcuqlarının sonuncusu Toğrul ismən (nominal şəkildə - red.) hələ sultanlıq rütbəsini daşıdığı üçün kitab da rəsmən onun adına ithaf olunmuşdur. Bu ithaflarda hər nə qədər sultan Toğrula “Sultan” və atabəy Məhəmmədə “naib-e sultan” deyilirsə də, məqsədin ifadəsinə gəlincə, əsl sultanın kim olduğu meydana çıxır. “Pənah-e mülk” ilə “xodavənd-e cəhan” olan “sultan-e adil”dən şairin istədiyi yalnız “şahənşahlar başçısı” olub, “dünyanı zülmdən qurtarmış” böyük atabəyə tövsiyədən ibarətdir. Həmin atabəyə ki, onun kimi qüdrətli ikinci adamı analar doğmayıb; “Həbəşdən Çinə qədər bütün ölkələr bu dövlət xadiminin üzünə açılır; İraqda badə qaldırarkən, Rum ilə Şama qorxu salan bu adamın Abxaz ilə Dərbənd ovlağıdır; Xarəzm ilə Səmərqəndə hücum edən, Gəncədən Xuzistana qədər fəth edən və Ümmandan İsfahanadək at çapan da odur”.

Nizami “duaçı”sı olduğu bu qəhrəmanın düşmənlərini qarşılayaraq deyir:

Bir şey onunca deyilsə məqsud
Od tutub yansın, olsa da gər ud.

Dünyada hər kəs ona qabarsa,
Suda boğulsun şəkər də olsa;

Hər kəs qəlbini onun daraltsa,
Yerə batsın o, xəzinə olsa.

Toz qondurarsa ona bir könül
Solub tökülsün, olsa da bir gül.

Çox canlı və mübaliğəli mədhiyyəsinin yuxarıda gətirdiyimiz beytlərindən də göründüyü kimi, Nizaminin gözündə Şəmsəddin Məhəmməd sadə bir atabəy və sultan naibi deyildir: “fəth-i şahi ilə ovn-i İlahi”yə nail və layiq olan bu adam səltənətin sığınacağı, “Xilafətin dayağı”dır. Bu, klassik Şərq ədəbiyyatının məşhur bir təşbihi ilə “İkinci Fəridun” və “Cəmşid-e cani”dir. Hətta onlardan da yüksəkdir, çünki “onların taxt ilə tacları var idisə”, bunun “möhtaclara tac bağışlaması” vardır. “Hər xosrovun (yəni padşahın) yanında bir pəhləvan olursa”, bu özü “həm pəhləvan, həm də xosrovdur”.

Atabəy Məhəmmədin xatiri bir də “şahlar şahı atabəy Şəmsəddin Eldənizin (Eldəgizin) vəliəhdi” olmaqla əzizdir, çünki Nizami özünü bu “bağçanın”, yəni Eldənizlər sülaləsinin “ilk quşu” (bülbülü), yəni şairi hesab etmişdir.

Nizami Atabəy Məhəmmədlə bərabər, onun vəliəhdi olan və sonralar taxta çıxmış qardaşı Osman Qızıl Arslanı da mədh etmişdir. Daha doğrusu, əvvəlcə sultan Toğrul ilə Atabəy Məhəmmədə ithaf olunan əsərinin müqəddiməsində qardaşının vəliəhdi kimi mədh edilmiş Qızıl Arslanın adına poemanın sonunda da uzun bir “xatimə” həsr olunmuşdur. Bu mədhiyyəyə görə, Qızıl Arslan şərqin padşahı, qərbin isə pənahıdır. “O, istəsə Çindən xərac, Rumdan isə cizyə alar. Əgər Hindistanın fəthinə varsa, oranı qaralardan təmizlər”. Əsərin digər bir yerində şair lütfünü gördüyü bu qüdrətli sultanın öldürülməsindən duymuş olduğu kədəri nəzmə çəkmişdir. “Abi-həyatı dadmayan Zülqərneyn kimi gəncliyinin meyvəsini yemədən bir düşmən yarası ilə şəhid olan” bu padşahın xatirəsini əziz tutub ağlamışdır. Bununla bərabər, şair bağlı olduğu Atabəylər sülaləsinin qüdrət və qüvvədə qaldığından təsəlli alaraq demişdir: “O öldüsə, Məhəmməd oğlu Əbu-Bəkr sağ olsun”. Eldənizlərin bu ziyalı nümayəndəsinə Nizami özünün ən böyük poeması olan “İskəndərnamə”ni ithaf etmişdir.

Üçüncü məsnəvisi olan “Leyli və Məcnun”u şair Şirvanşah Mənuçehrin oğlu Axsitanın sifarişilə yazmış və onun adı ilə bağlamışdır.

Şirvanşahlar Şimali Azərbaycanda yerli bir sülalə olub, hökmdarlıqları, bəzən mərkəzi Gəncə olan Aran vilayətinə, hətta Araz çayının cənubunda Təbriz və onun ətrafına belə şamil olmuş, bəzən də Cənubi Azərbaycanda yüksələn hökmdarlara, məsələn, Azərbaycan atabəylərinə tabe bir vəziyyətdə olmuşlar.

Bunlar şərqdə örnəkləri görünmüş olduğu kimi, öz nəsillərinin qədimliyini göstərmək üçün özlərini İran Kəyanilərinə bağlayırdılar. Nizami də Məlik Mənuçehrin “Bəhram nəslindən və Adəmdən bəri şah oğlu şah olduğundan” bəhs etmişdir. Bundan başqa, şair Axsitanın “Əbül-Müzəffər” (yəni “Zəfər, qalibiyyət atası”) olduğunu bildirərək, elm və ürfan adamlarına hamilik etdiyini də alqışlarla yad eyləmişdir.

Ümumiyyətlə, Şirvanşahlar sülaləsindən olan bu adlı-sanlı Azərbaycan hökmdarının bütün maddi-mənəvi məziyyətləri ilə parlaq portreti Nizaminin poemasında verilmişdir.

Şairin “Həft peykər” adındakı dördüncü məsnəvisi Marağa hakimi Ağsonqurlar nəslindən Əlaəddin Körp (körpə) Arslanın xahişi ilə yazılmış və ona da ithaf olunmuşdur. Bu şəxs şairin şerlərində qüdrətli bir hökmdar, “tac bəxş edən və bac alan bir “xosrov”dur. “Ölkələr alan bu Arslan tac və taxt etibarı ilə Alp-Arslandan daha üstündür”. “Ağsonqur nəsli onunla ucalıb”.

Beşinci məsnəvi – “İskəndərnamə” yuxarıda qeyd olunduğu kimi, Azərbaycan padşahlarından Atabəy Nüsrətəddin Əbu-Bəkrə ithaf olunmuşdur. Bu hökmdar atabəylərdən şairin şəxsən çox sevdiyi Məhəmməd Cahan-Pəhləvanın oğludur. Əmisi Qızıl Arslan öldürüldükdən sonra Azərbaycan taxtına çıxmış və nisbətən uzun sürən hakimiyyəti nisbi bir rahatlıq içində keçmişdir. Bizə rast gəlmiş bir qeydə görə, Əbu-Bəkrin özü də şair imiş və “Bişkin” təxəllüsünü daşıyırmış.

Eyni zamanda, bu padşah elm, ürfan və ədəbiyyatın da hamisi imiş. Nizaminin Əbu-Bəkrə həsr etdiyi sətirlərdə onun atası ilə əmisinə bəslədiyi coşğun məhəbbət hiss edilməkdədir. Əbu-Bəkrin ədəbiyyat maraqlısı və hamisi olduğu da şair tərəfindən ayrıca qeyd edilmişdir. Nizaminin fikrinə görə, “başqaları insansa, atabəy Əbu-Bəkr “tam bir insanlıqdır”. “İrəm bağından uçmuş bülbül” – Nizami öz “aramgahını” bu “insanlıq bağında” tapmış və onun “dövründə bəstələdiyi nəğmələrlə adının illərcə yaşamasını təmin etmişdir”.

Şairin dördüncü Atabəyi mədh etdiyi şerlər rəsmi ithaf çərçivəsindən çıxaraq, səmimi hissiyyat və böyük sevgini tərənnüm edirlər. İskəndərin fəzilət və qəhrəmanlıqlarını təsvir edən bir mətnin içərisində şair bəzən etdiyi kimi aktual məsələlərə keçərək, bir neçə beytlə dövrünün hökmdarına müraciət edir. Bu xitabında Atabəy bəslədiyi sevgisi ilə coşub: “O ulduz batdı isə, sən çıxdın”, “Sənin padşahlığın əbədi olsun!” – deyə xeyir-dua etdikdən sonra, “şah Axsitandan sonra bu gülüstanda Əbu-Bəkrin çiçəkləndiyini” və özünü (yəni şairi) ondan (yəni Axsitandan) daha yüksək tutaraq, “şah bağının heç bir zaman üzünə bağlanmadığını” təşəkkürlə bildirir.

“İskəndərnamə”nin ikinci hissəsini təşkil edən “İqbalnamə”də əsərin Mosul atabəylərindən İzzəddin Məsud adına bit ithaf görülməkdədir. Bu barədə əlimizdəki qaynaqlarda üç cür rəy ilə qarşılaşırıq.

Birinci rəy “Ensyclopedie de l’İslam”da “Nizami” məqaləsini yazan Y.Bertelsindir. Onun mülahizəsinə görə, “İskəndərnamə” ilk dəfə həmin adama ithaf olunub, lakin sonralar ithafın mətni dəyişdirilmiş, nüsxəsi Atabəy Əbu-Bəkrə təqdim edilmişdir.

Ikinci rəy əlimizdəki “Xəmsə”nin hicrinin 1313-cü ilində Şirazda çap edilmiş kitabın müqəddiməsinin müəllifinə aiddir. Həmin müəllif yuxarıdakı fərziyyəni yerli-dibli rədd edir. Şirazlı naşir “İzzəddin məsud fəsli”nin sonralar mətnə əlavə edildiyini söyləyir. O, bu iddiasına poemanın lap əvvəlində “Məlik Nüsrətəddindən bəhs edildiyini” dəlil gətirir.
Üçüncü mülahizə isə Vəhid Dəstgirdinindir. Bu mülahizəyə görə, “İskəndərnamə” bir deyil, iki kitabdan – “Şərəfnamə” və “İqbalnamə”dən ibarətdir. Birinci kitab Əbu-Bəkrə, ikinci kitab isə İzzəddin Məsuda ithaf olunmuşdur. “İqbalnamə”nin bəzi nüsxələrində Nüsrətəddindən bəhs edən sətirlər “ilhaqi” – sonradan artırmadır.

Əlimizdəki nüsxənin tədqiqi nəticəsində şirazlı naşirin rəyinə biz də şərik oluruq. Xüsusən, İzzəddin üçün yazılmış beytlərin ifadə tərzi Nizami üslubuna tamamilə uyğun deyil. Bundan başqa, Əbu-Bəkrə həsr edilmiş fəsildəki bir çox beytlər qismən eynilə, qismən də qəribə bir dəyişikliklərlə təkrar olunurlar. Bunu hər halda “söz xaliqi” olan bir şairin edə biləcəyini düşünmək qətiyyən mümkün deyildir. Məsələn, Azərbaycan Atabəyinə həsr olunmuş ilk müqəddimədəki:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri