Bilirəm heç nəyi qaytarmaq olmazNə göz yaşlarıyla, nə yalvarışla.Gəlmişəm yanına günahkar kimi,Bağışla, əzizim, məni bağışla!

Yenə pəncərəndə ağ güllər açıb,Yenə pəncərələr günəşə açıq.Gözümə gün düşür, ya baxan sənsən?Tənəli bir evdə darıxan sənsən!Yenə analığın soyuq baxışı,Yenə qaranlığa yağan göz yaşı...

Soluxan duyğunu göyərtmək olmazNə gələn baharla, nə ötən qışla.Fəsillər saçına çəkib əlini,Ağarmış saçını mənə bağışla!..

Bağışla, üzünün qırışlarını,Ötən gəncliyi ki yuxuya dönmüş.Sənin dodağından qopan ahlardıKədər buludutək məni bürümüş!

Gözünün acısı enmiş ömrümə,Sevinc bəhrəsini dada bilmirəm.Yuxusuz qalmısan məndən ötəri,İndi də sübhədək yata bilmirəm!

Arama, günahkar tapılan deyil,Onun ki, alnına yazılmamış qəm,Yaş ötür, ən rahat günlərimdə dəFikrimdə, dərdimtək səni görürəm...

Çətindi bir ömür qurban eləmək,Sən bu etibarla fəryadsan, ahsan.Öz yatmış bəxtini oyadammadın,Məni məzardan da oyadacaqsan!..

Bizim ki arzumuz çiçək nəfəsli...Niyə sevincimiz qırıldı daşla.Səni bu günümə yetirəmmədim,Bağışla, əzizim, məni bağışla,Keçmişim, günahım, məni bağışla!..

7.IX.1980

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar