Bu yaz yağışı
Şimşək işığıyla alışdı anlar,Ürəyə yüz ümid yazdı gümanlar.Dağların başını döydü dumanlar,Yenə də yan keçdi bu yaz yağışı...
Kiminsə çəməni xalılar sərməz,Kiminsə ağacı daha bar verməz.Bir şair qəlbində sözlər göyərməz...Yenə də yan keçdi bu yaz yağışı.
Yarımçıq nəğmətək soğuldu bulaq,Torpağı sormaqdan yoruldu bulaq,Göylərə baxmaqdan kor oldu bulaq,Yenə də yan keçdi bu yaz yağışı.
Ömür qövsi-quzeh arzuya bağlı,Zirvə suya bağlı, qar suya bağlı,O çiyni səhəngli yar suya bağlı,Yenə də yan keçdi bu yaz yağışı.
Burulğan yolları eşələr – göynər,Torpaqda sıxılan rişələr göynər.Tumurcuq-tumurcuq meşələr göynər,Yenə də yan keçdi bu yaz yağışı.
Kökümüz tarixin od çeşməsində,Boyumuz tufanlar çəkişməsində,Bizə də pay düşdü göyün səsindənYenə də yan keçdi bu yaz yağışı.
Onsuz da tarlamın suyu gələcək,Gözümdən od alıb yayım gələcək.Bir payız dolusu toyum gələcəkBəs niyə yan keçdi bu yaz yağışı?!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-bu-yaz-yagisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir