Adın ürəyimi bəzəyən arzu,Adına bənzəyə bilərsənsə, gəl.Baharı vədəsiz ötən ömrüməTəzə bahar kimi gələrsənsə, gəl!

Ürək haray çəkir – zamandan yorğun,Gərəksiz gileydən, gümandan yorğun,Ömrün də payızı dumandan yorğun –Gözümdən dumanı silərsənsə, gəl!

Bilirəm, bu yolda əsəcək dizin,Bilirəm ağrıdan keçəcək izin...Şəriki çox olub sevincimizinDərdimi dərdintək bölərsənsə, gəl!

Hicran yoldaş olub ömrə uzandı,Mən bəxtdən küsmədim, bəxtim usandı.Tale güldürəndə gülmək asandı,O ağla deyəndə gülərsənsə, gəl!

Ölüm həsrət-həsrət əlimdən tuta,Mindirə fələklər ürküdən ata,Üstümdə ruhumtək göyərən otaİsti göz yaşları çilərsənsə, gəl!

7.X.1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran