Səhifə 1 / 4

Birinci şəkil

Rayon mərkəzlərinin birində taxıl tədarükü idarəsi. Səkili ev. Bir tərəfdə taxıl anbarı. Səkidə və həyətdə stullar qoyulmuşdur. Yaydır. Pərdə açılan kimi səhnədə həyəcan və get-gəl görünür. Səməndərli, Hüseyn və Gülümov, Qurbanovun evinə çamadan daşıyırlar. Sonra Qurbanov özü yarıhərbi libasda içəri girir.

Qurbanov

Hə, aşnalar, salam! Çox şadam ki, hamınızı sağ-salamat görürəm.

Gülümov

Siz necəsiniz, yoldaş Qurbanov! Şükür olsun, gəldiniz. Sizsiz bu idarənin bir günü olmasın. Sağ-salamatsınız, inşallah?..

Qurbanov

Dəmir kimiyəm. Sağ-salamat olmamış nə olacaq ki? Qumru, necəsən? Yaxın gəl, əlin əlimə dəysin. Maşallah, günü gündən ətlənirsən. O gün ispalkomun katibi deyir ki, Qumrunu irəli çəkmək istəyirik. Deyirəm, yox, aşna, özümüz irəli çəkmişik, bəsdir. Onsuz deyirəm, yığdığımız taxılın bərəkəti olmaz ki? Hə, Gülümov, bəs sən özün necəsən?

Gülümov

Necə görmüşdüsə Nuh... Sudan kənara atılmış balıq kimi...

Qurbanov

Balıq yaxşı şeydir. Kababını yeyəsən tut arağı ilə... Səməndərli? Səsin çıxmır. Artist olasan, danışmayasan, görünməyən işdir.

Səməndərli

Əlhəmdülillah, yoldaş Qurbanov! Mən artist doğulmuşam, artist də öləcəyəm. Həyat müvəqqəti, incəsənət daimidir.

Qurbanov

İncəsənət yaxşı şeydir. Mən Bakıda narkomatda olanda həmişə teatrlara pulsuz gedərdim. Bir loja verərdilər, on talon alıb, yenə də əl çəkməzdilər. Yaman haramzadə camaatsınız, qərəz. Hə, bacıoğlu, nə var, nə yox? Anbar sağ-salamatdır?

Hüseyn

Hər şey öz yerində cağbacağdır, dayı! Sən arxayın ol.

Qurbanov

Olsun, olsun. Anbardan muğayat ol. Deməsinlər ki, dayı-bacıoğlu baş-başa veriblər. Öz çörəyini yeyib, özgənin sözünü danışan dünyada o qədərdir ki...

Gülümov

Yoldaş Qurbanov! Mən olan yerdə heç kəs sizin sözünüzü danışa bilməz. Sizsiz bu idarənin bir günü olmasın.

Qurbanov

Sağ ol, Gülümov! Qəm yemə. Danışsalar da qoy danışsınlar. Bu idarəni hökumət mənə tapşırıb? Tapşırıb. Anbar da bu idarənin gözüdür? Gözüdür. Mən öz gözümü bacım oğlundan yaxın kimə tapşıra bilərəm ki? Düzdür, düz deyil, Səməndərli?

Səməndərli

Hüseynin tərbiyəsi ilə özüm məşğul olacağam, yoldaş Qurbanov.

Qurbanov

Hüseyni sənə tapşırdım, Səməndərli! Onu adam elə.

Səməndərli

O mənim əlimdə, yoldaş Qurbanov! Çoxlarını adam eləmişəm.

Rəhilə içəri girir.

Qurbanov

Ya Allah! Ordenli qızın kefi necədir? Yaxşı, yaxşı, fors eləmə, bilirik, staxanovçusan. Ordenlisən deyə daha sənə töhmət eləməyə müdirin ixtiyarı yoxdur? Mən özüm töhmət ala-ala gəlib bu mərtəbəyə çıxmışam. Gəl barışaq.

Rəhilə

Heç küsməmişdən də barışmaq olar, yoldaş Qurbanov? İdarədə işin xeyrinə min söz olar. Mən niyə küsürəm ki?

Qurbanov

Yaxşı, yaxşı, cavanlıq eləmə. Mənim necə işçi olduğumu bilmirsən? Mənim sistemimdə yüz belə idarə vardı. Buranı dolandırmağa nə var ki? Bura üçün mənim bir nəfəsim kifayətdir.

Rəhilə

Sizi raykom katibi axtarırdı.

Qurbanov

Gedirəm, gedirəm. Heç çəkməmin tozunu da silməmişdən birbaş raykoma gedirəm. (Murad içəri girir) Hə, sən necəsən?

Murad

Bərkdən deyin, yoldaş Qurbanov! Qulağımın motoru xarab olub...

Qurbanov

Ay Gülümov, bununla danışmaqdan bizdə boğaz qalmadı. Bir təzə motor qoy bunun qulağına!

Gülümov

Hələ qulağı eşitmir ki, bizim başımıza bu oyunu açır, gör eşitsə, nə pəstaha törədər. Bu cür sərfəlidir, yoldaş Qurbanov!

Murad

Nə deyirlər, Rəhilə?

Rəhilə

Deyirlər ki, sən sərfəli kassirsən.

Murad

Qulaq asıram? Eşitmirəm ki, qulaq asım! Eşitsəm, bəzilərinə sərf eləməz ki!

Gülümov

Demədim? Pir mənimdir, kəramətini bilirəm axı.

Qurbanov

Yaxşı, yoldaş kar. Vaxtımızı alma.

Murad

Nə buyurursunuz?

Qurbanov

Get işinə.

Murad

Hara gedim?

Qurbanov

Əşi, səsim batdı mənim. Siz də daha tamaşa eləməyin, gedin iş ilə məşğul olun.

Murad

Heç nə başa düşmürəm. Elə yavaşdan danışırsınız ki, elə bil səssiz kinoya baxıram.

Qurbanov

Xeyr a... Siz idarəni qaydaya salın, mən raykoma gedim, görək nə üçün belə təcili çağırırlar.

Çıxır, o biriləri də onu ötürürlər. Səhnədə Murad ilə Rəhilə qalır.

Murad

Dayan, Rəhilə, sən hara gedirsən?

Rəhilə

İşimə. Necə, mənimlə sözün var?

Murad

Ay eşitdim ha... vaxt var idi ki, mənim qulaqlarım sənin o gözəl səsini eşidirdi. O zövqdən də məhrum oldum.

Rəhilə

O vaxtlar mənə qulaq asmaq sənə zövq verirdi? Bəs niyə bir kərə də olsun açıb ürəyinin sözünü mənə demirdin?

Murad

Hə?

Rəhilə

Ay Murad, kar olandan sonra daha da məzəli olmusan. İndi mən səni əvvəlkindən də çox istəyirəm.

Murad

Yaz, bir kağıza yaz, mən də başa düşüm.

Rəhilə

Yazmıram. Əlimə yaxşı fürsət düşüb. Bir vaxtlar ürəyimin sözünü sənə deməyə utanırdım. İndi daha nədən utanacağam ki? Gör necə üzümə baxır?

Murad

Yəqin gülməli söz danışırsan. (İkisi də gülüşürlər)

Rəhilə

Hələlik, mənim işim yarımçıq qalıb. (Gülə-gülə çıxırlar,

Hüseyn Gülümov içəri girirlər.

Gülümov

Bura bax, anbar Hüseyn, sən öləsən, gərək muştuluğumu verəsən.

Hüseyn

Axı nə olub ki?

Gülümov

Necə nə olub ki? Bəs başa düşmədin dayını nə üçün raykoma çağırdılar? Yəqin bil ki, qulluğunu artırırlar! Ədə, mən kişinin üzünə baxan kimi dedim də. Dedim ki, bu quş buralarda qalmaz, uçar. Qoyarlar ki, o cür işçi buralarda küllənsin?

Hüseyn

Deməli, yenə köçəcəyik? Çamadan, hambal, dəmir yolu, eh... mən istəmirəm.

Gülümov

Necə istəmirəm? Hazırlaş, yola düşürsünüz. Yəqin o bu saat raykomda axırıncı nitqini danışır. Amma, Hüseyn, bilirsən mən Qurbanov yoldaşı nə qədər istəyirəm? Bura bax, mən ölüm gedək, qardaş olaq. Ədə, dost yolunda məni bir adam öldürsə, sən öl, qalxıb ona güldən ağır söz demərəm. Hə, sən nə deyirdin? Dayın sənə nə tapşırıb?

Hüseyn

Mən nə bilim ey. Deyir gərək iki günə kimi laborant Rəhiləni yola gətirib alasan.

Gülümov

Gözəl fikirdir. Sən öl, Hüseyn, əntiqə fikirdir. Al deyir, al!

Hüseyn

Mənim almağımnandır bəyəm? Qız gələrmi?

Gülümov

Gələr də, canı da çıxar. Uça-uça gələr. Bir kəlmə desən ki, yoldaş Qurbanov tapşırıb, borcudur yerinə yetirsin. Hökumətdən məvacib alır.

Hüseyn

Elə şey olmaz, əşi. Məvacibi ona ərə getmək üçün vermirlər ki?

Gülümov

Bəs məvacibi kim verir? Qurbanov yoldaş! Onun qolu olmasa, bank bir qəpik də verməz. Odur bax, deyəsən, Rəhilə gəlir. Aç sözünü de, qorxma.

Hüseyn (özünü düzəldir)

Deyirsən gəlir?

Gülümov

Gəlir, gəlir, cürətli ol!

Hüseyn

Sən yanımda dayan, onu görəndə ilişirəm. (Rəhilə içəri girir) Rəhilə xanım, salaməleyküm! Dayım mənə bir söz tapşırıb axı. Qoy deyim.

Rəhilə

Burada nə Qurbanov dayıdır, nə də sən bacıoğlu. İkiniz də işçisiniz. Elə söhbətləri evinizdə eləyin.

Hüseyn

O da mənə evdə tapşırıb da. Vallah deməyə də xəcalət çəkirəm.

Rəhilə

Nə olub? Yoxsa yenə taxıla siçan dadanıb?

Hüseyn

Mən nə bilim ey. Dayım deyir ki...

Gülümov

Hə, qurtar görək, dayın nə deyir? Utanır ey...

Rəhilə

Niyə utanırsan ki?

Hüseyn

Dayım deyir ki... dayımın ürəyi toy istəyir ey...

Rəhilə

İstəyir, eləsin də...

Gülümov

Qurbanov yoldaş toyu özü üçün istəmir ki, bununçün deyir.

Rəhilə

Daha mən neyləyim ki...

Hüseyn

Necə neyləyim? Sənsiz toy olmaz ki...

Rəhilə

Axmaq-axmaq danışma! Mənim boş yerə sərf eləməyə vaxtım yoxdur.

Çıxır.

Hüseyn

Getdi. Gördün, Gülümov? Ağzımı açmağa qoymadı.

Gülümov

Yassar! Zalımın qızı hay eləməmiş barıt anbarı kimi partlayır.

Hüseyn

Bəs mən necə eləyim? Dayım abrımı tökəcək.

Gülümov

Onun əlacı Səməndərlidədir. Kişi, arvad işində professordur. Sənə qızı yola gətirməyin üsulunu öyrədər. Sən bir onu gör.

Çıxır.

Hüseyn

Bəs mən əskik gələn taxılları neyləyəcəyəm?

Səməndərli içəri girir. Əlindəki yanğınsöndürənləri aparıb sütunlardan asmağa başlayır.

Səməndərli

Yanğın bombası düşən kimi: bir – al əlinə silah, qüvvət versin ilahi, iki – yanğın düşən yerə tuşla, üç – atəş!

Hüseyn

Yanğın bombası elə bu saat mənim ürəyimə düşdü, gəl söndür görək, necə söndürürsən?

Səməndərli

Nə olub, ey idarəmizin taxıl siçanı? Yaxın gəl, beynin xarab olubsa, yamaq vurum.

Hüseyn

Beynim yox, ürəyim yırtılıb.

Səməndərli

Yox, səhvin var. Başın yırtılıb. Ona görə də hava bulud olan kimi ürəyinə bir şey dammağa başlayır. Deyirlər, dayın yuxarılara doğru qalxır. Bəlkə ona görə həyəcan keçirirsən?

Hüseyn

Yox, hər şey öz yerində cağbacağdır. Ancaq səndən asılı bir işim var. Deyirlər, sən bir vaxtlar artist olmusan.

Səməndərli

Əlbəttə, olmuşam. İntriqaya salıb çıxartdılar. Ancaq yenə deyirəm ki, həyat müvəqqəti, incəsənət daimidir.

Hüseyn

Qurban olum sənə, o sözü bir mənə də öyrət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri