Səhifə 3 / 4 · 50%

Gülümov

Heç, kolxozun hesabdarı gətirib, onların illik atçotlarıdır.

Firuzə

İllik atçotu xurcunda gətirmək təzə çıxıb?

Gülümov

Çoxdur, ona görə xurcuna doldurublar. (Xurcunu dala itələyir) İstəyirsiniz sizə kömək eləyim, şey-şüyünüz çoxdur.

Firuzə

Aralığa söz qatma! Çıxart görək, nə bəzəkli xurcundur.

Gülümov

Vallah, Firuzə xanım, əmanətdir, yoxsa, qurbandır sizə!

Firuzə

Allah eləməsin. Mən xurcunu neyləyirəm? Çıxart stolun üstünə qoy, naxışına baxım. (Gülümov xurcunu stolun üstünə qoyur) Pəh, əcəb toxuyublar.

Gülümov

Tapşıraram bir beləsini toxuyarlar sizinçün.

Firuzə

Nəyimə lazımdır? Xurcun görməmişəm? Of, dükan-dükan gəzməkdən lap yoruldum. Qıçlarım qırılır, bir oturum. (Xurcunun üstündə oturur)

Gülümov

Ay, ay, xurcunun üstündə oturma, ay Firuzə xanım, dur.

Firuzə

Oturanda nə olar ki? Kağız-kuğuzdur da... Deyəsən, altımda bir şey xırıldayıb sınır, bu nədir? Ay Gülümov, atçotlar sınır ki... İllik atçotu yumurtaya yazıblar.

Gülümov

Hayıf, hayıf, yumurtalar sındı, yağ da batdı, hamısı da batdı... Bəs indi mən bunu neyləyim?

Firuzə

Mənə ver görüm, onu sən təmizləyə bilməzsən...

Gülümov

Əmanətdir, Firuzə xanım!

Firuzə

Bəri ver görüm, sınmış yumurtanı aparıb neyləyəcəksən? (Xurcunu dartışdırırlar)

Gülümov

Yoldaş Qurbanov kənddən təzə yumurta gətirib, mən özüm evinizə apardım.

Firuzə

Necə? Qubuş gəlib?

Gülümov

Bəli, bir saat bundan qabaq gəlib.

Firuzə

Bəs bunu mənə niyə demirsən? Evə getdi?

Gülümov

Xeyr, raykoma getdi.

Firuzə

Nə? Raykoma getdi? Bəs şeylər? Gətirdiyi şeylər necə oldu?

Gülümov

Evə apardılar.

Firuzə

Denən evim yıxıldı da... Qulluqçu yarısını daşıdı bazara.

Güclə dartıb xurcunu aparır. Gülümov da dalınca gedir.

Murad və Rəhilə içəri girirlər.

Rəhilə

Bu kitablar nədir, Murad? Oxuyursan?

Murad

Kitabları soruşursan? Kitabxanaya qaytarmalıyam, yadımdan çıxıb qalıb burada.

Rəhilə

Ver baxım. İki-üç günə qaytararam, bunları mən oxumamışam.

Murad

Hə?

Rəhilə

Hə.

Murad

Əcəb söhbət eləyirik, “hə”dən başqa bir şey başa düşmürəm.

Rəhilə

Əsas məsələ də o “hə”dədir də... (Yazıb ona verir)

Murad

Hə, bu ayrı məsələ. Kitablar sənə qurbandır, Rəhilə. Oxu, sonra kitabxanaya qaytararıq.

Əli kişi içəri girir.

Əli kişi

Bağışlayın, salaməleyküm.

Rəhilə

Salam. Əli dayı. Buyur görək.

Əli kişi

Buyruq sahibi olasan. İcazə verin, biədəblik də olsa, hüzurunuzda oturum. Bütün dünya düzəlsə, Muradın qulağı ilə mənim qıçım düzələn deyil. Murad dünənkinə baxanda bu gün necəsən?

Murad

Yoxdur, çəkən deyiləm.

Əli kişi

Elə bilir mən ondan od istəyirəm, oda nə gəlib? Qurban olum çaxmaq daşına. Rəhilə xanım, əhvali-şərifiniz?

Rəhilə

Bu gün kefin lap kökdür, Əli kişi!

Əli kişi

Kefim niyə kök olmasın? Bir yandan bu orden ki, bizə veriblər, adamı dağ boyda eləyir. Bir yandan da bu gün oğlumdan kağız almışam. Kağız əlimə çatan kimi, elə bil, məni qaldırıb qoydular göyün yeddinci qatına.

Rəhilə

Bəs kağızı dünən almışdın ki.

Əli kişi

Dünənki böyük oğlumdan idi. Bunu kiçiyi yazır.

Rəhilə

Sənin neçə oğlun cəbhədədir ki?

Əli kişi

Üç oğlum, bir də qızım. Qızım burada arvad doğuzduran idi. Götürüb göndərdilər cəbhəyə.

Rəhilə

Oğlun nə yazır?

Əli kişi

Nə yazmır? Sən onu soruş haraları görməyib? Ayağı dəyməyən yer qalıb? İndi də qırmanıyadadır.

Murad

Ay Əli dayı, bir az bərkdən danış, biz də eşidək.

Əli kişi

Murad, məndə o səs hardandır? Səninçün gərək yazasan, məndə də o hövsələ yoxdur.

Murad

Rəhilə? Nə deyir o?

Rəhilə

Deyir ki, oğlumdan kağız almışam.

Murad

Maaşımı az almışam? Nə yazılıb onu vermişəm. Davan var, get Gülümovun yaxasından yapış.

Rəhilə

Ay-hay... karın kölnündəki buna deyərlər ha...

Əli kişi

Sən bu Muradla çoxdan tanışsan, Rəhilə xanım?

Rəhilə

Müharibədən qabaq iki il bir idarədə qulluq eləmişik. İndi də təsadüf bizi bir yerə salıb.

Əli kişi

Yaxşı oğlandır. Qulağı da açılar. Allah qoysa, bir-birinizdən ayrılmazsınız. Mənimkilər də gəlsin. Toyu toya qatışdırarıq.

Rəhilə

Hansı toydan danışırsan, Əli dayı?

Murad

Toy? Kimin toyudur deyirsiniz?

Əli kişi

Aha, toy söhbəti olan kimi gör nə tez eşitdi? Yaxşı, mən getdim, növbəmin vaxtıdır. Rəhilə, qızım, gəldim, səndən bir əhvalatı xəbər alam. Doğrudurmu ki, Qurbanovu buradan götürüb mərkəzə böyük işə aparırlar?

Rəhilə

Bilmirəm, eşitməmişəm.

Əli kişi

Elə bu saat danışdılar. Güya bu gün raykoma da onunçün çağırıblar. Elə olsa, nə yaxşı olar!

Rəhilə

Yəni Qurbanov sizin o qədər xoşunuza gəlir?

Əli kişi

Xoşuma gəlməkdən demirəm. Başımızdan rədd olar da... Səncigəzi bura təyin eləyələr, nə olar?

Rəhilə

Ay Əli dayı, məndən direktor olmaz. Mənim işim laboratoriyadır.

Əli kişi

Niyə olmur? Bircə bu başımızdan ola, vallah, bütün rayon sənin tərəfdarındır.

Ağazadə içəri girir.

Ağazadə

Qurbanov haradadır? Hələ kənddən gəlməyib?

Rəhilə

Gəlib, elə indicə raykoma getdi.

Ağazadə

Bəs mən raykomdan gəlirəm, orada yox idi. Hə, yəqin stansiyada bir az ləngiyib. Azsovxoztrestin skladında onun balaca bir stansiyası var.

Əli kişi

Bəs sənin salamın harada qalıb, ay yoldaş Ağazadə? Bəlkə evdə qoymusan?

Ağazadə

Salaməleyküm, Əli dayı. Salamı mən həmişə yanımda gəzdirirəm, evdə niyə qoyuram ki? Sizə təqdim eləmək yadımdan çıxıb.

Rəhilə

Nə var, Ağazadə? Qurbanov nə təcili lazım olub?

Murad

Rəşid? Beş qardaşı vur bura görək. Zəhmət çəkib söz demə, onsuz da eşitməyəcəyəm.

Ağazadə

Qulağın neçədir?

Murad

Saat necədir? Motoru xarab olub. Qulağım kimi o da işləmir.

Ağazadə

Əşi, açdır bu zəhrimarı görək. Ürəyimiz darıxır. Mən axı bununla uşaqlıqdan dostam. O gün qulaq doktorundan soruşuram ki, bu Muradın məsələsi necə olacaq? Deyir, tez yaxşı olar!

Əli kişi

Bəs, bu Qurbanovun məsələsi necə? O da tez yaxşı olar?

Rəhilə

Əli dayı eşidib ki, onu mərkəzə göndərirlər.

Ağazadə

Nə? Mərkəzə? Ay-hay... Birisini deyir, kəndə qoymurlar – kəndxudanın evini soruşurmuş. Onu bu saat raykomda bərk axtarırlar. Gedim, bəlkə şərab anbarında tapdım. Xudahafiz, Əli dayı! Xudahafizim də yanımdadır ha... gördün?

Əli kişi

Xudahafiz, bala, tez gəl.

Ağazadə

Mənim bu ceyran gözlərim üstə.

Çıxır.

Əli kişi

Bağışlayın. Qulluğunuzdan mürəxxəs olum.

Rəhilə

Murad, kitabları götürdüm.

Murad

Yox, mən hələ bir az işləyəcəyəm.

Əli kişi

Ay eşitdi ha...

Murad

Əli dayı, maaş barədə məndən incimə.

Əli kişi

Əşi, sən də tutmusan bu maaşın xirtdəyindən. Uşaqlar göndərən mənə bəsdir. Mən burada maaş üçün işləmirəm ki? Belə vaxtda, işsiz dayanmaq bir kişilik deyil. Qərəz ki, səni başa salmağa mənim hövsələm çatmaz.

Rəhilə ilə Əli kişi çıxırlar. Gülümov içəri girir.

Gülümov

Səhər-səhər xurcun da belə getdi. Murad, kağızlara Qurbanov qol çəkibmi? A Murad, əşi, bura bax!

Murad

Mənimləsiniz, yoldaş Gülümov?

Gülümov

Deyirəm, kağızlar hazırdırmı?

Murad

Kim yazır? Nəyi yazır?

Gülümov

Yazmır... yazmır. Dayan, səninçün asan yol tapmışam. (Cibindən hazır yazılı kağız çıxarıb göstərir)

Murad

Kağızlar?

Gülümov

Hə.

Murad

Yox, qol çəkməyib.

Gülümov

Onda al bunları da. Hamısına bir yerdə bu gün qol çəkdir. (Gətirdiyi qovluqları ona verir)

Murad

Bunları mən neyləyim?

Gülümov

Ərit suyunu iç! (Yenə yazılmış kağız göstərir)

Murad

Qol çəkməyə?

Gülümov

Hə.

Murad

Yaxşı. Onda o birilərini də hazırlayım. Gələn kimi verim, qol çəksin.

Qovluqları alıb çıxır. Qumru içəri girir.

Gülümov

Qumru xanım? Sizə kisə-kisə hörmət və ehtiram!

Qumru

Təşəkkür eləyirəm. O qədər taxıl ilə məşğul olmusunuz ki, hörməti də kisə ilə hesab eləyirsiniz.

Gülümov

Peşəmiz nədir ki? Biz qızıl kimi sarı buğdanı yığmasaq, camaat zəfəran kimi sarı buğda çörəyi yeyə bilməz ki. El anasıyıq da.

Qumru

Yenə burada müdirin bülbülü hansı nəğməni oxuyurdu?

Gülümov

Yemək və ərzaq nəğməsini oxuyurdu. Onun ayrı bir mahnısı yoxdur ki. Müdirin bülbülünün məhəbbəti uçub-uçub qondu mənim xurcunumun üstünə. Gül kimi xurcun göz açıb yumunca o taylıq oldu.

Qumru

Ay Gülüm, sənin də işin xurcundur... Mən də səninçün müdirin arvadı deyiləm ki. Zəhləm ondan gedir. İşi-gücü yeməkdir.

Gülümov

Arvadın yemək sevəni yaxşıdır, Qumru xanım! Heç olmasa, o yeyəndə kişiyə də ucundan-qulağından düşər.

Qumru

Qurbanov haradadır?

Gülümov

Qurbanov ağzını açır səndən danışır. Özü də arvadının əlindən zara gəlib. İcazə ver, səni bu barədə şefliyə götürüm.

Qumru

Ehtiyacım yoxdur. Mən vasitə ilə ərə gedən qızlardan deyiləm. Xəyalın ayrısına getməsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri