Birinci pərdə
Səhifə 1 / 7
Birinci şəkil
Bakıda kiçik bir mətbəə. Bir tərəfdə şrift kassaları, o biri tərəfdə stol, stullar. Küncə çoxlu qəzet yığılıb. Xosrov nə isə yığır. Roza içəri girir.
Xosrov
Vurdun?
Roza
Vurdum. Yığıb qurtarmamısan?
Xosrov
İndicə qurtarıram.
Roza
Tez ol, Əyyub əmi harada olsa gəlib çıxar. O gəlincə amerikankada çap eləyək.
Xosrov
Ona çatmarıq. Axşam gəlib mən özüm çap eləyərəm.
Roza
Axşamlar tək gəzməyə yaman can atırsan, ha...
Xosrov
Roza, özün bilirsən ki, sənin kəsilib atılan dırnağını dünyanın bütün gözəllərinə dəyişmərəm.
Roza
Lap “Hop-hop”un sözlərini təkrar eləyirsən. Yadındadır, mənə oxuyurdun: Sonya, ey dilbəri-pakizə əda! Sənə bu Nağdı bəyin canı fəda!
Xosrov
Deməli, məni Nağdı bəyə oxşadırsan?
Roza
Bəs mən Sonya kimi qızam ki, o cür dil tökürdün?
Xosrov
Bilmirəm səni necə inandırım. And içmək də olmur. Sən mənim Məhəmmədimə inanmırsan, mən sənin İsana.
Roza
And içmək ki, lazım oldu, deməli həqiqi sevgi yoxdur.
Xosrov
Mümkün olsaydı, ürəyimi çıxardıb ovcumda sənə göstərərdim, görərdin necə çırpınır.
Roza
Çıxartma, elə-belə qulaq asaram. Tıp, tıp... elə rahat işləyir ki...
Xosrov
Sənin eşitdiyin mənim ürəyimin səsi deyil, ayaq səsləridir.
Roza
Doğru deyirsən. Əyyub əmi gəlir, əlindəki kağızı gizlət, ayrı iş götür.
Xosrov kağızı gizlədir. Əyyub əmi tələsik içəri girir.
Əyyub əmi
Roza, tez, samovar!
Roza
Nə olub, Əyyub əmi?
Əyyub əmi
Mirzə Cəlil artistlərlə bura gələcək. Xosrov, nə yığırsan?
Xosrov
“Həqiqət”in baş məqaləsini.
Əyyub əmi
Səhərdən qurtarmamısan? Qız, nə donub qalmısan, tez eləsənə. Samovar qoy, demirəm?
Roza
Əyyub əmi, samovar qaynayıb, dəmləmişəm.
Əyyub əmi
Yalan demə.
Roza
Həzrət Abbas haqqı.
Əyyub əmi
Ay sağ ol. Bircə səni məscidə apara bilsəydim, el qaydası ilə toyunuzu eləyərdim, şüğülzümmə olmazdım.
Xosrov
Mirzə Cəlil bilsə ki, “Molla Nəsrəddin”in müvəkkili rus qızlarını müsəlman məscidinə dəvət eləyir, yaxşı bir şəkil çəkərdi.
Əyyub əmi
“Molla Nəsrəddin” gərək birinci sizin şəklinizi çəksin. Mən gedən kimi sən ayrı iş görməyə başlayırsan, Roza da ilim-ilim itir. Hara getmişdin, kafir qızı?
Roza
Teleqram vurmağa.
Əyyub əmi
Kimə?
Roza
Pərvizə.
Əyyub əmi
Nə olub ki, teleqram vurursan?
Roza
Onun sevdiyi qızı ərə verirlər, biz də tel vurduq ki, tez özünü yetirsin.
Əyyub əmi
Sənin zarafatınla həqiqətini mən bu yaşa çatmışam, başa düşə bilmirəm.
Xosrov
Zarafat deyil, Əyyub əmi, doğrudan elədir.
Əyyub əmi
Siz istəyirsiniz ki, Pərvizi yenə təzədən tutsunlar?
Roza
Niyə tuturlar ki? Xəlvət gələcək, heç kəsin xəbəri olmayacaq.
Əyyub əmi
Pərviz mənə qardaşoğlu olmadı, bəla oldu. Yenə, təzədən, düşəcəyəm işə. Tel vuranda mənimlə məsləhət eləsəydiniz olmazdı?
Qapı döyülür.
Xosrov
Yəqin, qonaqlardır.
Roza
Çay hazırlayaq. Gəl, Xosrov!
Çıxırlar. Əyyub əmi qapını açır. Mirzə Cəlil, Hüseyn və Ağa içəri girirlər.
Əyyub əmi
Buyurun, buyurun! Qədəminiz mübarək, Molla əmi!
Mirzə Cəlil (Hüseynə və Ağaya)
Bu, bizim Əyyub əmidir, həm “Molla Nəsrəddin”in Bakı müvəkkili, həm də mətbəənin ustası. Əyyub, yəqin rejissorumuz Hüseyni, cavan komikimiz Ağanı tanıyırsan?
Əyyub əmi
Həyatda – xeyr, səhnədə – bəli. (Görüşürlər)
Mirzə Cəlil
Əyyub, “Molla Nəsrəddin”in axırıncı nömrəsindən iki nüsxə tap, qonaqlarımıza bəxşiş vermək istəyirəm.
Əyyub əmi
Qalmayıb, Mirzə, Bakıya çox az göndərirsiniz, uşaqlar küçəyə çıxan kimi, göydə qapırlar.
Hüseyn
Axırıncı nömrəni biz ikimiz də oxumuşuq, Mirzə, nigaran qalmayın.
Əyyub əmi
Bakıda elə ziyalı yoxdur ki, məcmuə gələn günü almasın. Bəzən saatlarla poçtun qabağında gözləyirlər.
Ağa
“Zənbur” da yavaş-yavaş vızıldayıb uçmağa başlayır ha, Mirzə, amma hələ çox körpədir. Bir-iki boynuyoğunu dişlədi, dəriləri qalın olduğundan dişləri batmadı.
Mirzə Cəlil
Boynuyoğunlara heç nə təsir eləməz. Biz məcmuəmizi fağır-füğəra üçün nəşr eləyirik. Qoy, dostla düşməni tanısınlar, gözləri açılsın, ölü kimi uzanıb qalmasınlar.
Əyyub əmi
Şeytan xəbər gətirib ki, siz bir “Ölülər” yazmısınız, düzdürmü, Mirzə?
Mirzə Cəlil
Bir elə xata əlimizdən çıxıb.
Hüseyn
Əgər senzura məmaniət göstərməsə, o “xatanı” səhnəmizdə oynayacağıq.
Ağa
Biz həmin “Ölülər” haqqında danışmaq üçün Mirzəyə zəhmət vermişik. Hüseyn, başlasana!
Hüseyn
Mən “Ölülər”i sizdən aldığımız əl xəttində bir neçə dəfə oxumuşam. Ürəyim həm zavallı millətimizin avamlığına, nadanlığına təəssüf, həm də sizin qüdrətli qələminizə fəxarət hissi ilə dolub.
Mirzə Cəlil
O sözlər artıqdır, Hüseyn, hər kəs əlindən gələni eləyir ki, bu bədbəxt xalqı bir ağ günə çıxartsın.
Ağa
Necə məgər, Molla Nəsrəddin əmi, bizim tərzi-həyatımız xoşunuza gəlmir? Yer üzündə bir millət yoxdur ki, müsəlman adı gələndə tir-tir titrəməsin. Heç bir padşah bizim müsəlman padşahları ilə dava eləyə bilməz.
Əyyub əmi
Sabir yaxşı deyir ki, harada müsəlman görürəm, qorxuram.
Ağa
Bi səbəb qorxmayıram, vəchi var
Neyləyim, axır bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram. (Qəhqəhə ilə gülür) Biz gərək yaralarımızı gülə-gülə sağaldaq. Yazın, Mirzə, sizdən yazmaq, bizdən oynamaq. Ancaq, komediya tamaşaçıların ürəyinin tellərini dilləndirə bilər.
Hüseyn
Yox, Ağa, sənin gülüş haqqında dediyin sözlər məni qənaətbəxş eləmədi. Sən medalyonun yalnız bu üzünə baxırsan. Bəs o biri üzü? Sən hissi, ruhu, düşüncəsi kütləşmiş, ölmüş adamlar haqqında danışırsan. O adamlara gülmək lazımdır, sözüm yoxdur. Ancaq, bəs, ölmək istəməyənləri, pula, şöhrətə, ada öz millətini satmayanları niyə yaddan çıxardırsan? Sürgünlərdə, dustaqxanalarda çürüyüb, ac qalıb, bel əyməyənlər, mənliyini itirməyənlər haqqında da yazmaq, həm də gülə-gülə yox, göz yaşları içərisində yazmaq lazımdır.
Ağa
Sən faciə axtarırsan, Hüseyn, bizim söhbətimiz komediyadan, gülməkdən gedir.
Hüseyn
Yumor, satira yaxşı şeydir, komediya lazımdır, ancaq insanları yalnız güldürməklə kifayətlənmək olmaz. Ağlatmaq və düşündürmək də lazımdır.
Əyyub əmi
Ağladıqca kişi biqeyrət olur, necə ki, ağladı İran oldu.
Mirzə Cəlil
Sən onu bil ki, Molla əmi ağlaya-ağlaya güldürür. Hər bir təzə əsər mənim bədənimdə təzə bir xəstəliyin əmələ gəlməsi ilə nəticələnir. Mirzə Ələkbər Sabirin yaradıcılığı satiradır, həyatı faciə. Günlərlə özü, ailəsi ac qalır, əli silahlı, qoluzorlu adamların yumruqları həmişə onun başının üstündən asılıb. Ancaq gör o, bir addım geriyə çəkilirmi? Ağlamaq, sızlamaq, nalə çəkmək əvəzinə öz düşmənlərinin üzünə baxıb qəhqəhələrlə gülür. Bu qəhrəmanlıq deyilmi? Bizim xalqımız bu şairin timsalıdır. Üzü gülür, ürəyi ağlayır. Ümidini itirmə, əziz rejissor, bunları da yazan tapılacaq.
Hüseyn
Bəlkə də tapılacaq, amma yazmağa qoyacaqlarmı? Zəmanə satiranı da, faciəni də zəncirləmişdir.
Xosrov və Roza çay gətirirlər.
Ağa
Mətləbdən kənara çıxdıq, Hüseyn, “Ölülər”in üstünə gəl.
Mirzə Cəlil
O barədə mənim “Astoriya” mehmanxanasındakı mənzilimdə ətraflı danışarıq. İndisə gərək üzrxahlıq eləyək, bu cavanların işlərinə mane olduq.
Əyyub əmi
Xeyr, Mirzə, onlar bugünkü işlərini qurtarıblar.
Xosrov (Əyyub əmiyə)
Tanış elə bizi, tanış elə.
Əyyub əmi
Xahiş eləyirəm, bizim cavanlarla yaxından tanış olun. Bu, bizim mürəttibimiz Xosrovdur.
Xosrov
Bağışlayın, əlim qətranlıdır.
Mirzə Cəlil
Eybi yoxdur. Dünyaya işıq saçan bu cür qətranlı əllərdir.
Görüşürlər.
Əyyub əmi
Bu da ki, çapçı qızımız Roza xanım.
Ağa
Elə doğrudan da gülə oxşayır...
Əyyub əmi
Ehtiyatlı olun, azərbaycanca bizdən yaxşı danışır.
Mirzə Cəlil
Tanış olaq... Roza... Atanızın adı?
Əyyub əmi
Aleksandr.
Mirzə Cəlil
Deməli, Roza Aleksandrovna?
Roza
Xeyr, mənim adımın azərbaycancası belə olur, Gül İsgəndər qızı. (Hamı gülür)
Ağa
Hə, bax, buna varam. (Hüseynə) Nə səhnəlikdir.
Hüseyn
Roza xanım, səhnəmiz sizi gözləyir.
Roza
Qorxuram, mümkün olmaya.
Hüseyn
Nə üçün? Səhnə mübarizi olmaq istəmirsiniz?
Roza
Biz həyat mübariziyik. O mübarizədə mən kiçik bir rol oynayıram, onu başa çatdıra bilsəm, böyük işdir.
Ağa
Nə dilavər qızdır!
Hüseyn
Yaman iti dili var.
Roza
Siz səhnədən özgənin sözlərini deyirsiniz. Molla əmi kimi yazıçılar yazır, siz onu camaata çatdırırsınız. Biz isə camaat ilə danışmaq üçün özümüz söz düzəltməyə məcburuq. Həyat dilimizi itiləyib.
Hüseyn
Bəs rejissorunuz kimdir?
Roza (Xosrovu göstərir)
Bunun kimi oğlanlar.
Hüseyn
Biz qışqır-bağır salmasaq, öyrədə bilmirik. Amma bunun heç səsi çıxmır.
Xosrov
Biz səssiz rejissoruq. Bir işarəmizlə ya faciə oynanır, ya da ki, komediya.
Mirzə Cəlil
Hə, aldınız cavabınızı?
Əyyub əmi
Siz bunlara dil çatdıra bilməzsiniz. İndiki cavanlar çox diribaşdırlar.
Xosrov
İcazə verin gedək, Əyyub əmi, mən axşam gəlib işləyəcəyəm.
Əyyub əmi
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-diriler-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.
Altı qızın atasıArvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!
Yeni il hədiyyəsiNeçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.
Cənnət xuliqanıProloq*– Sevil gəlmədi.
Başqa şairlərin şeirləri
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
EyləsinAşıq olan cövri-cəfaya dözsün,Ciyərini qara daşdan eyləsin.
DağlarBahar fəsli əskilməyirGüneylərdən lala, dağlar.