Məzmun
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil

Səhifə 6 / 7 · 71%

Dördüncü şəkil

Mehmanxanada ikiotaqlı bir nömrə. Kəblə Muxtar, İmamqulu, Mirzə Əliabbas, Əlibaba, Nəsrullah bəy və Əhməd bəy buradadırlar. Hamı sükut içərisindədir. Nəsrullah bəy ətrafa diqqətlə baxır.

Nəsrullah bəy (Əhməd bəyə müraciətlə)

Mən danışmaq istəyirəm.

Əhməd bəy

Cənablar, Nəsrullah bəy danışmaq istəyir. Sükut!

Nəsrullah bəy

Əgər məqsədim müqəddəs ticarət olmasaydı, əgər öz millətimə kömək eləmək arzusuyla ürəyim çırpınmasaydı, bu şəhərə qədəm basmaq mənə müyəssər olmayacaqdı.

Əhməd bəy

Nəsrullah bəy bərk millətpərəstdir.

Nəsrullah bəy

Bəşəriyyətin gələcəyi tacirlərin əlindədir. Ticarət hər şeyin əsasıdır. Dünyada hər tacir üçün yer var, ancaq hər tacir də öz yerini bilməlidir.

Kəblə Muxtar

Qızıl ilə yazılmalı sözlərdir.

Nəsrullah bəy

Al-ver deyirlər, al-vermə, ya da ki, almaver demirlər. Sən pullarını gətir ver mənə, birini beş eləyim, bir şərtlə ki, sözümüz söz, əhdimiz, əhd olsun. Tacir poladdan möhkəm olmalıdır. Ticarət sirri ər-arvad sirrindən möhkəm saxlanmalıdır. Hə, içərinizdə bu cür düşünməyən, mənim əleyhimə olan adam varsa, gəlsin qabağa, ona üç sual verim, üçü də bir-birindən dərin.

Kəblə Muxtar

Yoxdur, elə adam yoxdur.

Mirzə Əliabbas

Nə zəhmli adamdır!

Əlibaba

Mən qorxudan tir-tir əsirəm.

İmamqulu

Qorxmayın, əlim tapançadadır.

Nəsrullah bəy

Bir gün bir tacir bütün dünyanın dövlətinə, malına sahib olandan sonra deyib: gərək Allah ilə danışım, görüm, bu dünyanın axır qiyməti neçəyədir? Çıxıb Turi-sina dağına, ordan çığırıb ki, “Ya rəbb, ticarətə gəlmişəm, ancaq qarasına alver eləmək adətim deyil, camalını göstər mənə, sövdamızı eləyək”. Allah cavab verib ki, ya tacir, sən mənim sifətimi görəndə davam gətirə bilməzsən, bu dağa bax, mən də bu dağa nəzər edərəm. Xudavəndi-aləm bir dəfə dağa gözucu baxıb, dağ dərhal iki parça olub, bir parçası düşüb Asiyanın ortasına, o biri parçası sıçrayıb düşüb Avropanın ortasına. Tacirin dövləti isə dağılıb iki dağın arasına, səpələnib daşın, torpağın içinə. İndi o vaxtdan bəri Asiya ilə Avropanın arasında əlini hara atırsansa puldur. Sizin şəhəriniz də bu iki dağın arasındadır.

Kəblə Muxtar

Nə qəribə işdir! O pulların yerini dürüst haradan bilək?

Nəsrullah bəy

Mən göstərərəm, ey Allahın quzu bəndələri!

İmamqulu

Bizə də göstərin.

Əlibaba

Bir azca yığa bilsəm, bəsimdir...

Nəsrullah bəy

Kəblə Muxtar, sənin oğlun da pulsuzluqdan şikayət eləyir?

Kəblə Muxtar

Nəsrullah bəy, ağrın ürəyimə, oğul cəhətdən mən heç yarımamışam.

Nəsrullah bəy (qorxmuş)

Necə məgər? Yoxsa o da bəzi nadürüst ziyalılar kimi ağzına gələni danışır?

Kəblə Muxtar

Xeyr, bəy, o cəhətdən arxayınam. Danışan deyil. Ancaq bir nöqsanı var ki, qumara aludədir.

Əhməd bəy

Ol rayt, ol rayt.

Nəsrullah bəy

Qumar gözəl şeydir. Pul qazanmağın min bir üsulu var. Üç yüz otuz üçüncüsü qumardır. Fəqət gərək yədi beyzan olsun. (Əlibabaya) Yaxın gəl, başını sığallayım. Oyna, amma uduzma, çalış həmişə ud! Dünya bir qumarxanadır, Kəblə Muxtar, biz hamımız oyunçuyuq. Kimin əli gətirsə, o, cəmiyyətin yuxarı pilləsində dayanır, əli gətirməyən düşür ayaqlar altına.

Mirzə Əliabbas

Mənim kimi.

Nəsrullah bəy

Ticarət bir dəyənəkdir. Bu dəyənəyin bir başında dövlət yazılıb, o biri başında zillət. Zillət ucu birisinin başına dəydimi, göz açıb-yumunca müflis olur. Qorxun o dəyənəkdən, Kəblə Muxtar, o dəyənək bu saat mənim əlimdədir, sizi bir dəqiqədə zəngin də eləyə bilərəm, zəlil də.

Kəblə Muxtar

Allah, sən saxla!

Nəsrullah bəy

Bəs necə? Mən ticarət dünyasının Məmmədəli şahıyam, Allah onun taxt-tacını özünə qaytarsın. Mən ticarət dünyasının Soltan Əbdülhəmidiyəm, Allah onu yenə köhnə izzət-cəlalına qaytarsın, dörd yüz arvadı var, yazıqdır.

Əhməd bəy

Bəy dadaş, bəlkə bir azca...

Nəsrullah bəy (onun sözünü kəsir)

Dayan, Əhməd bəy, haradadır, vəzir-vəkillər, haradadır Zəki paşa, İzzət paşa, İsmayıl paşa, Kənan paşa... gəlib dayansınlar dövrəmdə, mən hücuma keçmək istəyirəm.

İmamqulu

Hücumda mənim də əlim var, bir yerdə keçək.

Nəsrullah bəy

Bu nə deyir, Əhməd bəy, soruş gör, mayası nə qədərdir?

Kəblə Muxtar

Onun mayası yoxdur, böyründəki tapança ilə nə qədər istəsəniz qazana bilir.

İmamqulu

Adamların başını fındıq kimi sındırıram.

Nəsrullah bəy

Əcəb eləyirsən. Dünyada sındırılmalı baş çoxdur. Ancaq oğlum, İmamqulu bala, pul tapançadan da güclüdür. Mənim bilirsən nə qədər pulum var?

Əhməd bəy

Nəsrullah bəy, fikir sizi yordu, bəlkə bir az istirahət eləyəsiniz...

Nəsrullah bəy

Nə danışırsan, yorulmaq nədir, istirahət nədir, əgər dincəlmək istəsəydim, İsveçrənin, Fransanın yaylaqları buradan daha yaxşıdır, orada dincələrdim. Mən bura pul ilə oynamağa gəlmişəm. Təkcə Fitilbörkün bankında bilirsiniz nə qədər ingilis pulum var?

İmamqulu

Bilmirik, bəy dadaş.

Kəblə Muxtar

Haradan bilə bilərik? Deyin.

Hamı diqqətlə qulaq asır.

Əhməd bəy

Nəsrullah bəy, çox xahiş edirik ki...

Nəsrullah bəy (onun sözünü kəsir)

Sən də xahiş eləyirsən, dostum? Yox, deyə bilməyəcəyəm. Çünki sirdir. Yalnız onu deyə bilərəm ki, bircə çeklə mən sizin hamınızı, Əhməd bəy qarışıq, əmlakınızla, ev-eşiyinizlə, ailənizlə, ürəyiniz, ciyəriniz, bağırsaqlarınızla bir yerdə satın alaram. Bir gün ingilis padşahı məni çağırıb dedi: mister Nəsrullah!

Qapı taybatay açılır, Rəşid Məğrur əlində qəzet, içəri atılır.

Rəşid Məğrur

Hanı onlar, Kəbleyi, hanı dünyanın iki böyük insanı?

Kəblə Muxtar (öz-özünə)

Bu gic haradan gəldi?

Rəşid Məğrur (yaxınlaşıb, Əhməd bəyin əlini tutub buraxmır)

Mən sizi elə bu cür təsəvvür eləyirdim. Üzünüzdə dövlət nuru parıldayır. Adınız ən adi müsəlman adıdır, Nəsrullah, amma özünüz dahisiniz, sifətinizdən görünür.

Əhməd bəy

Mənim adım Əhməd bəydir.

Əlini dartıb onun əlindən çıxardır.

Əlibaba

Dayı, ünvanı çaşdırmısan, Nəsrullah bəy bu birisidir.

Rəşid Məğrur

Budur? (Nəsrullah bəyin əlindən yapışır) Mənim adım Rəşid Məğrurdur. Əssalam, ey ruzigarın-şəsüvari səfdəri!

Nəsrullah bəy

Əleykəssalam. Əlimi burax, özümə lazımdır. (Əlini çəkir) Necəsiniz, həkimlərin müalicəsi kömək eləyirmi?

Rəşid Məğrur

Allah vurmuşdu həkimləri, hamısına nifrət elan eləyib, indi “Məhəbbət” adlı qəzet çıxardıram.

Nəsrullah bəy

Kəblə Muxtar, bu şəxs kimdir, nəkarədir?

Kəblə Muxtar

Mənim qayınımdır. Yazıq şairdir.

Rəşid Məğrur

Kəbleyi, sus, xamuş, dünya ədəbiyyatına ləkə salırsan, şair yazıq ola bilməz. Deməli hər ikinizlə tanış oldum. (Nəsrullah bəyə) Siz şahsınız, Əhməd bəy də sizin şahzadəniz. Sizin təşrifiniz münasibətilə şeir demişəm, qulaq asın: Şəhrimizə varid olub, şah və şahzadə,
Hər ikisinin ismi böyük əxlaqi-sadə,
Nəsrullah bəy Otaylinski, Əhməd bəy Butaylinski.
Dalı gəlmir, çünki qafiyə tapmıram!

Nəsrullah bəy

Qafiyə qıtlığı çəkirsiniz?

Rəşid Məğrur

Qətiyyən yox. Qafiyə itinə tök. Fəqət sizə layiq olanını tapa bilmirəm. Mənim qəzetimi oxumusunuz?

Kəblə Muxtar yanındakılara işarə edir ki, Rəşid Məğrurü kənara çəksinlər.

Əlibaba

Dayı, ağaları yorma!

Mirzə Əliabbas

Nəsrullah bəy elə indicə yanını yerə qoyub...

İmamqulu

Qəzeti bekar adam oxuyar, bunların işləri çoxdur.

Rəşid Məğrur

Çəkilin bir tərəfə, həşəratlar! Bəs bilməsinlər ki, mən onların haqqında qəzetimdə nə yazmışam?

Əhməd bəy (qorxmuş)

Bizim haqqımızda?

Rəşid Məğrur

Bəli, şahzadəm. Mənim qəzetim mizantərəzidir. Dünyada nə qədər hadisə varsa, orada öz əksini tapır. Düşmənlərə nifrət, dostlara məhəbbət. Dinləyin, nə yazmışam. Xronika: Bu gün ticarət dünyasının iki nəhəngi, müsəlmanların fəxri, milyoner Nəsrullah bəylə milyoner Əhməd bəy Həştərxan gəmisi vasitəsilə şəhərimizə daxil oldular. Təfsilatı gələn nömrəmizdə.

Nəsrullah bəy

Gələn nömrəniz nə vaxt çıxır?

Rəşid Məğrur

Sabah. Qəzetimin dörd səhifəsi var, dördünü də həsr eləyirəm sizə. Bu saat fotoqraf göndərəcəyəm, şəklinizi çəkəcək.

Əhməd bəy

Lazım deyil, biz şəkil çəkdirmirik.

Rəşid Məğrur

Niyə qorxursunuz?

Nəsrullah bəy

Nə üçün çəkdirmirik, Əhməd bəy, ingilis, firəng qəzetlərində bizim şəklimiz az çıxıb? (Rəşid Məğrura) Qəzetin vur-tut dördcə səhifədir?

Rəşid Məğrur

Bəli, Bakıda bütün qəzetlər dörd səhifə çıxır.

Nəsrullah bəy

Neçə nüsxə çap olunur?

Rəşid Məğrur

Beş yüz nüsxə.

Nəsrullah bəy

Çox kasıb şairsən, Rəşid Məğrur bəy, görürəm, təkcə qafiyədən yox, puldan da korluq çəkirsən. Sənin qəzetin gərək əlli səhifə olsun. Nüsxəsi də yarım milyon.

Rəşid Məğrur

Nə danışırsınız, o qədər qəzeti kim oxuyacaq?

Nəsrullah bəy

Bütün Şərq, Qərb, Şimal, Cənub. Sənin qəzetin dünyanın ən böyük, ən məşhur qəzeti olmalıdır. Mənə bax, qulağını bəri gətir. Hələlik əlli min versəm çatar?

Rəşid Məğrur

Aman Allah... Əlli min... başım fırlanır, gözlərim qaralır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 dəq
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 dəq
Yeni il hədiyyəsi

Neçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.

8 dəq
Cənnət xuliqanı

Proloq*– Sevil gəlmədi.

196024 dəq

Başqa şairlərin şeirləri