Məzmun
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil

Səhifə 5 / 7 · 57%

Roza

Hansılardan?

Əyyub əmi

Divarlara yapışdırdığınızdan?

Xosrov

Çox elə dərinlərə getmə, Əyyub əmi, əmanətdir, ələ keçməsin.

Əyyub əmi

Qorxmayın, keçməz.

Xosrov

Hə, indi hərəmiz bir tərəfə.

Əyyub əmi

Durun, bir xəbər eşitmişəm, indicə Kəblə Muxtarın hesabdarı dedi ki, bu axşam nişandır.

Roza

Alagözün?

Əyyub əmi

Alagözdür, Qaragözdür, xəbərim yoxdur. Kəblə Muxtarın qızına bu gün nişan gətirirlər.

Roza

Xosrov, iş daha da çətinləşdi.

Xosrov

Pərviz gəlib çıxsın, tədbir tökərik.

Casus içəri girir. Onun bığı və pariki var, yerişini dəyişmişdir.

Casus (Rozanın üstünə qaçır)

Xanım, Həştərxan gəmisi gəlib?

Xosrov (qabağını saxlayır)

Ey, adını bilmədiyim cənab, məndən niyə soruşmursan, birbaş qadının üstünə cumursan?

Casus

Qadını yemədim ki! (Rozaya) Xanım, bu vəhşiyə sübut eləyin ki, siz mədəni bir Avropa qadınısınız.

Xosrov

Səhər-səhər işə düşmədik.

Roza

Cənab, biz də bu saat bu əmidən onu soruşurduq. (Əyyub əmini göstərir) Deyir ki, hələ gəlməyib.

Əyyub əmi

Ancaq əli qulağındadır. Elə bu saat fitini çalacaq.

Gəminin fiti eşidilir.

Roza

Gördünüz?

Casus

Sizin nə gözəl səsiniz var, xanım, oxumursunuz ki?

Xosrov

Cavabını aldın, əkil, yoxsa vəhşilərin səbri olmur.

Roza (Xosrova)

Bircə dava salmağın qalıb.

Casus

Yaxşı, yaxşı, qazlı cayıl olma... (Rozaya) Sağ olun.

Roza

Şübhəli adamdır.

Xosrov

Mənə də şübhəli gəldi. Tatar cəncəli salmaq istəyirdim, qoymadın.

Əyyub əmi

Yeri deyildi. Hə, uşaqlar, vəziyyət lap dəyişdi. İndi daha sizin Pərvizə yaxınlaşmağınız qorxuludur. Onu mən aradan çıxardaram. Siz qoşulun camaata, gələnlərə tamaşa eləyin.

Gedir.

Roza (Xosrova)

Gedək də.

Xosrov (pıçıltı ilə)

O tip bizi güdür.

Roza

Gəl, özünü elə göstər, guya görməmisən.

Gedirlər. Körpüdə haray qalxır. Nəsrullah bəy, Əhməd bəy, Kəblə Muxtar, Əliabbas, Əlibaba, İmamqulu və Rəcəb səhnəyə gəlirlər. Rəcəbin iki əlində çamadan var.

Nəsrullah bəy (ətrafı diqqətlə gözdən keçirir, nifrətlə)

Əhməd bəy, mən bu şəhərdə bir gündən artıq qala bilmərəm.

Əhməd bəy

Düz buyurursunuz, dünyanın o gözəl şəhərlərindən sonra bu cür kənddə yaşamaq sizinçün ağır olacaq.

Nəsrullah bəy

Bu nədir? Hanı ağaclar, meşələr, şəlalələr, gül, çiçək, fəvvarə?

Kəblə Muxtar

Onlar hamısı Mərdəkandadır.

Nəsrullah bəy

Xub, gedək Mərdəkana!

Əhməd bəy (yavaşdan)

Xubun yeri deyil.

Nəsrullah bəy

Ol rayt. Kəbleyi, əgər Mərdəkan buradan böyük şəhərdirsə, ora gedək.

Kəblə Muxtar

Xeyr, şəhər deyil, kənddir.

Nəsrullah bəy

Əhməd bəy, bunlar necə məxluqdur? Mənim kənddə nə işim var? Sən mənə geniş fəzalar ver, mən uçmaq istəyirəm.

Əhməd bəy (ətrafdakılara)

Nəsrullah bəyin xüsusi aeroplanı var.

Məşədi

Avtomobili də var?

Əhməd bəy

İyirmi beş dənə.

Nəsrullah bəy

Bu sualı verən kimdir? (Məşədiyə) Gəl, oğlum, yaxın gəl, necəsən, debitin-kreditin necədir?

Məşədi (özünü itirir, Hacıya)

Necə deyim?

Hacı

Əla.

Məşədi

Əladır, çox əladır.

Nəsrullah bəy

Neçə bankın var?

Məşədi

Bankım yoxdur, bunlarınkı da yoxdur.

Kəblə Muxtar

Özündən danış, bizimlə işin olmasın.

Mirzə Əliabbas

Bunlar tacirdirlər, bankir deyillər.

Nəsrullah bəy

Aha, siz necəsiniz? Adınız İsgəndər deyil ki?

Mirzə Əliabbas

Xeyr, Mirzə Əlabbasdır...

Nəsrullah bəy

Ən çox hansından istemal eləyirsiniz?

Mirzə Əliabbas

Sualınızın fəlsəfi mənasını başa düşmədim.

Nəsrullah bəy

Əhməd bəy, dünyada nə avam insanlar varmış. Sən onu başa sal.

Əhməd bəy

Nəsrullah bəy demək istəyir ki, hansı şərabı, hansı markanı daha çox sevirsiniz, şampan, bordo, likyor, benediktin...

Əlibaba

O ən çox naxünək markasını sevir.

Nəsrullah bəy (gülür)

Ol rayt, ol rayt. (Əlibabaya) Siz də tacirsiniz?

Kəblə Muxtar

Qulbeçənizdir.

Nəsrullah bəy

Maşallah, mister Kəblə Muxtar, oğlunuza söz ola bilməz, əli çörəyə çatıb?

İmamqulu

Xeyr, əli gətirmir.

Nəsrullah bəy

Bu tapançalı igid kimdir?

Kəblə Muxtar

İmamquludur, bizim məhəllənin qoçusudur.

Nəsrullah bəy

Mister Kəblə Muxtar!

Kəblə Muxtar (öz-özünə)

Ə, bu mənə mastır niyə deyir?

Nəsrullah bəy

Qazancınız nə qədərdir?

Kəblə Muxtar

İllik qazancım yüz mini keçib.

Nəsrullah bəy

Nə qədər? Yüz min? Əhməd bəy, biz hara gəlib çıxmışıq? Bunlar lap dilənçidirlər.

İmamqulu

Nə dedi?

Kəblə Muxtar

Bizi dilənçiyə oxşatdı?

Əhməd bəy (yavaşdan)

Şit eləmə də.

Nəsrullah bəy

Əhməd bəy, bunlar söz başa düşmürlər. İzah elə...

Əhməd bəy

Nəsrullah bəy demək istəyir ki, hanı bəs, qabağımıza dilənçi-zad çıxmır, pul paylamaq istəyir. O, dilənçiləri bilirsiniz nə qədər sevir?

Mirzə Əliabbas

Aman Allah, nə böyük sima, nə qüdrətli insan!

Kəblə Muxtar

Özgə vaxtda dilənçi əlindən buralarda ayaq atmaq olmur, bu gün bilmirəm niyə yoxa çıxıblar?

Nəsrullah bəy

Əhməd bəy, məni bu qədər ayaq üstə saxlamayın.

Əhməd bəy

Kəbleyi, sizlərdə qonağı küçədə qarşılayırlar?

Kəblə Muxtar

Xeyr, evdə, öz evimizdə. Buyurun, faytonlar gözləyir.

Əhməd bəy

Xeyr, xeyr, biz evə düşməyə adət eləməmişik.

Nəsrullah bəy

Bizi ən yaxşı, ən bahalı mehmanxanaya aparın.

Əlibaba

“Astoriya” hamısından yaxşıdır.

Kəblə Muxtar

Düzdür, sizə layiq deyil, ancaq yenə hamısından mərifətlisi “Astoriya”dır. (Rəcəbə) Adə, get, düz “Astoriya”ya.

Rəcəb

“Astoriya” hansıdır, ağa, ləzgi karvansarası?

Kəblə Muxtar

Tfu sənə, nanəcib oğlu, nanəcib.

Hacı

Bir hambal tuta bilmirdiniz?

Məşədi

Hamballar bütün mehmanxanaları tanıyırlar.

Mirzə Əliabbas

Bir ali təhsilli hambalımız da yoxdur.

Əlibaba

Bolşoy Morskoyun tinində mehmanxana var, ey, oranı deyirlər.

Rəcəb

Tanıdım, ağa, tanıdım. Bu saat apararam.

Əhməd bəy (Rəcəbi çağırır)

Oğlan, bura gəl, sənə pul verim.

Kəblə Muxtar

Pul lazım deyil, öz itimizdir.

Əhməd bəy

Eybi yoxdur. Kasıb adamdır, pul həmişə lazım olan şeydir.

Rəcəbə bir qızıl verir.

Rəcəb

Ağa, o boyda pula məndə xırda haradandır?

Əhməd bəy

Bu özü xırdadır, qoy cibinə.

Nəsrullah bəy

O azdır, Əhməd bəy, bir qızıl azdır. Oğlan, gəl bura, iki qızıl da mən verim. (Rəcəbə iki qızıl verir) O sağ əlindəki çamadandan ehtiyatlı ol, oğlan, daşa-zada dəyməsin, ingilis padşahının əmisi oğlunun yadigarıdır.

Kəblə Muxtar

Arxayın olun, Rəcəb sınanmış nökərdir.

İmamqulu

Arxayın olun, cənablar, nə qədər ki, mən varam, bu şəhərdə sizin başınızdan bir tük də əskik olmaz.

Kəblə Muxtar

Faytonlar hazırdır, buyura bilərsiniz.

Gedirlər. İşıqlar sönür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 dəq
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 dəq
Yeni il hədiyyəsi

Neçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.

8 dəq
Cənnət xuliqanı

Proloq*– Sevil gəlmədi.

196024 dəq

Başqa şairlərin şeirləri