Dördüncü pərdə
Yeddinci şəkil
Səhər ertə. Dəmirçi Musanın dükanının qabağı. Dükan bağlıdır. Surxay və bir neçə kolxozçu səhnəyə çıxırlar. Mehralı, Şirəli və sairə kolxozçular onları qarşılayırlar.
Surxay
Mehralı dayı, sən get xəbər ver ki, o yoldan keçən olmayıb.
Mehralı
Yaxşı, bəs bu yoldan keçmədilər, o yoldan keçmədilər, quş olub uçdular?
Şirəli
Yox, onlar bu kənddədirlər. Evləri, anbarları, tövlələri, hətta ot tayalarının arasını möhkəm axtarmaq lazımdır.
Surxay
Hər halda tapılacaqlar, geci-tezi var.
Şirəli
Bəs təzə sədrimiz haradadır?
Surxay
İdarədədir, şəhərlə danışır.
Çıxırlar. Musa zümzümə edərək səhnəyə çıxır.
Musa
Kimin ki, yarı var, onda qəm olmaz, kimin ki, yarı yoxdur, xürrəm olmaz.
Zalxa gəlir, onun əlində bir bağlama var.
Zalxa
Sabahın xeyir.
Musa
Ay səbbəhükumullahi bilxeyri vəl afiyə. Nə xəbər var, tapıldılar?
Zalxa
Yox, hələ axtarırlar.
Musa
Xeyir ola, bu əlindəki nədir?
Zalxa
Sənə gətirmişəm.
Musa
Mənə?
Zalxa
Hə, sənə bir az qatıq, bir az da qaymaq gətirdim ki, ac qalmayasan.
Musa
Bu yaşa çatmışam, hələ birinci dəfədir ki, yeməyi mənə gətirirlər, özüm hazırlamıram.
Zalxa
Təqsir özündədir. Bu vaxta kimi bir ağıllı vaxtın olmayıb ki...
Musa
Zalxa!
Zalxa
Can, qurban olum, nə var?
Musa
Əşi, daha bu olmadı ki... Heç bilmirəm, nə cavab verim.
Zalxa
Elə bunu deyəcəkdin?
Musa
Zalxa, sənə bir sözüm var.
Zalxa
De, görüm.
Musa
O indi kolxoz sədri olub, mən istəyirəm ki...
Cibindən kağız çıxarır.
Zalxa
Hə, başa düşdüm, ərizə yazmısan? Ver görüm. Ziynət səni də kolxoza götürməyib, daha kimi götürəcək?
Musa (kağızı verir)
Ancaq bir məsələ var, deyir ki:
Qələm aldım ələ bu naməni cananə yazım,
Şövqdən düşdü əlim, bilmədim, amma nə yazım?
Zalxa
Bu ərizədir, yoxsa eşqbazlıq kağızı?
Musa
Xeyr, xeyr, ərizədir... Ancaq məsələ burasındadır ki, çox qarma-qarışıq yazılıb, mən təzə hərfləri hələ yaxşı bilmirəm.
Zalxa
Eybi yoxdur. Bizim qızlardan birinə verərəm üzünü köçürərlər. Ziynət xətrini o qədər istəyir ki, ərizəni alan kimi səni kolxoza götürəcək.
Musa (Ziynət adını eşitcək yenə özünü itirir)
Of... Yenə onun adı çəkildi. Həqiqətən mənim ondan xoşum gəlir.
Zalxa
Sənin kimdən xoşun gəlir, deyirsən?
Musa
Heç. Mən... Mən göylərlə danışıram...
Zalxa
Sən yenə göyə çıxdın? Demədim, düş aşağı? Düş, mən tələsirəm, iş adamıyam, düşdün?
Musa (tərini silir)
Of, düşdüm, düşdüm.
Zalxa
Bir də mən sənin yanında olanda göyə çıxma. Gül kimi torpağımıza nə olub ki?
İbrahim kişi və Təmraz yoldan keçib işə gedirlər.
İbrahim kişi
Səhər-səhər bizdən bir salam qəbul eləyin.
Musa
Qəbul eləyirəm, hələ, üstəlik, mən özüm də birini sizə təqdim eləyirəm.
Zalxa
İş üstünə gedirsiniz?
Təmraz
Səhərə kimi yuxulamamışıq, ona görə də bir az ləng olduq.
İbrahim kişi
Kərəmov bərk keflidir, bir kəlmə söz almaq olmur.
Musa
O elə həmişə kefli idi.
Təmraz
Hamımız deyirdik ki, bu nadürüst adamları başından elə, qulaq asmırdı.
Zalxa
Qoy bir onlar tapılsın, gərək bu kənddə bir büsat quraq ki... Ziynət söz verib, ictimai məhkəmə düzəldəcək.
İbrahim kişi
Biz gedək, daha yubanmayaq. Zalxa, Musadan muğayat ol.
Gedirlər.
Zalxa
Yaxşı, mən gedirəm, vaxtım yoxdur. İşdən sonra gələrəm, doyunca güldən-sünbüldən söhbət eləyərik. (Çıxmaq istədikdə, Şeyda ilə Kamilənin gəldiyini görüb dayanır) Yenə pıçı-pıçı, səhər alaqaranlıqdan?
Şeyda
Zalxa xala, icazə verin, sizi öz nişanlımla tanış eləyim...
Zalxa
Necə, necə?
Şeyda (qulağına pıçıldayır)
ZAQS-a gedirik. Əmisi ayılmamış məsələni qurtarmaq istəyirik.
Zalxa
Nə danışırsan, müəllim? Musa, eşidirsən? Gəl sizi qucaqlayıb öpüm. (Onları qucaqlayır, Kamiləyə) Utanma, ZAQS-a gedəndə utanmırsan, məndən utanırsan? Xoşbəxt olasınız, oğul-uşaq əlindən evə girə bilməyəsiniz.
Şeyda
Zalxa xala, bir o qədər də sizin özünüzə lazımdır.
Zalxa
Mənim yaşım keçib, bala, yarısı da kifayət eləyər.
Şeyda
Eşidirsən, Kamilə? Biz gərək belə işlərdə böyüklərdən ibrət alaq.
Kamilə
Şeyda, məni utandırma.
Şeyda
Sağ olun.
Zalxa
Xoşbəxt olun, sizə bir toy eləyəcəyəm ki...
Şeyda
Bir toy yox, çox toy olacaq.
Çıxırlar.
Zalxa
Eşidirsən, Musa? Deyir, çox toy olacaq. Başa düşürsən nəyə işarə eləyir?.. Sən də tələs, aç ürəyinin sözünü de, məsələni qurtar...
Musa
Mənim sözüm ona çoxdan bəllidir.
Zalxa
Kimə, ona?
Musa
Zalxa, mən insanların ən bədbəxtiyəm.
Zalxa
Bədbəxt niyə olursan? Üzün həyalıdır, ürəyindəkini açıb deyə bilmirsən. Utanma, eybi yoxdur. İstəyirsən mən deyim? Bax, qoy bir başımız açılsın, Kamiləni Şeyda ilə, Ziynəti Surxay ilə evləndirərik, sonra da...
Musa
Necə, necə? Mənim qulağım aldandı, nədir? De görüm, ey insan qızı, axırıncı cümləni bir də təkrar elə!
Zalxa
Səbirli ol, darıxma... Deyirəm qoy qabaqca Ziynət ilə Surxay da evlənsinlər, sonra... Onlar bir-birini dəli kimi sevirlər...
Musa
Bu nə sözdür mən eşidirəm? Gör mən neyləmişəm, kimə öz sirrimi açmışam? Sevgilini sevgilidən ayırmaq istəmişəm... Ah, aman! (Ürəyini tutub divara söykənir)
Zalxa
Musa, ay Musa, sənə nə oldu? Ay uşaq, kim var orada? Su gətir...
Surxay içəri girir.
Surxay
Nə olub, Zalxa xala?
Zalxa
Ay Surxay, bu cür dəmir kimi bir adamın ürəyi xarab oldu...
Surxay
Nədən oldu?
Zalxa
Sevindiyindən. Toydan danışan kimi bu kökə düşdü...
Surxay
Yavaş-yavaş özünə gəlir. Sən get, Zalxa xala, mən onu özüm başa salaram.
Zalxa
Mən gedim görüm, Kərəmovu nə elədilər. Sən bunu başa sal, sevindiyindən ürəyi niyə gedir?
Surxay
Başa salaram, sən arxayın ol.
Zalxa gedir.
Surxay
Musa dayı, bir başını qaldır görüm, nə olub?
Musa ətrafa baxır. Zalxanın olmadığını görüb, Surxaya yaxınlaşır.
Musa
O nə söz idi mənim qulaqlarım eşitdi, Surxay?
Surxay
Haradan bilim, Musa dayı? Sizin qulaqlarınız o sözləri eşitdiyi vaxt mən burada deyildim.
Musa
Bağla söz körüyünün ağzını. Zalxa dedi ki, Ziynət kimə isə ərə gedir?
Surxay
Ərə gedir? Nə danışırsınız, a kişi? Kimə ərə gedir?
Musa
Bilmirsən?
Surxay
Bilmirəm. De görək kimə? Tez ol, bağrım çatladı!
Musa
Zalxa arvad səni nişan verirdi.
Surxay
Məni?
Musa
Səni.
Surxay
Hə, məni... Çox gözəl... Doğrusunu desəm, Musa dayı, şeydir... Lap təsadüfi oldu. Bir de, görüm...
Musa
Bağışla məni, Surxay, iki sevən ürəyin arasına girmək istəyirdim. İndi üzr istəyirəm. Doğrudan da, Zalxa haqlıdır. Mən göylərdən yerə enməliyəm. Budur, sabah-birigün əlli yaşım tamam olacaq. Onun isə hələ iyirmi yaşı yoxdur. Baba nəvəsinə eşq yetirib. Yox, Surxay, mənim bu saat başım daşa dəydi, ayıldım. İndi doğrusunu de görüm, Zalxa nə üçün mənə bu qədər hörmət eləyir, nə üçün?
Surxay
Çünki sevir... Sevgi...
Musa (onun sözünü kəsir)
Sükut! Bağla söz körüyünün ağzını, qoy fikrimi tamamlayım. Mənim dünyada heç kəsim yoxdur, Surxay! Yetiməm!
Surxay
Nə olar ki?
Musa
Dayan, sözümü kəsmə... Mənim tərəfimdən sən öz sevgilin Ziynətdən üzr istə, de ki, indi mən onu qızım kimi sevirəm.
Surxay
Üzr istəmək lazım deyil.
Musa
Lazımdır, dedim, qurtardı.
Surxay
Qurtarmadı, Ziynətin heç bu işlərdən xəbəri yoxdur...
Musa
Xəbəri yoxdur? Sən mənim sevgimi ona yetirməmişdin?
Surxay
Yox.
Musa
Demək, mən saqqalı da nahaq qırxdırmışam?
Surxay
Musa dayı, bax bu mənim başım, bu da çəkic, qoy zindanın üstünə, əzim-əzim elə, səhv eləmişəm.
Musa
Yox, Surxay, yaxşı olub. Mən onu görəndə xəcalət çəkmərəm. Bağlan, ey köhnə eşq üçün çırpınan ürəyim!
Surxay
Bağışla, Musa dayı, ürəyi geniş açmağın əsl vaxtı indidir.
Musa
Çəkil gözlərimin səkisindən. Mən təzə eşqimin qaymağını yeməyə gedirəm.
Musa, Zalxanın gətirdiyi yeməyi götürüb çıxır. Şeyda gəlir.
Şeyda
Surxay, bu gün mənim ən xoşbəxt günümdür, niyə təbrik eləmirsən?
Surxay
Nə olub ki, Mirzə Hüseyn ilə Salmanovu tutubsan?
Şeyda
Yox, tapa bilmədim.
Surxay
Yəqin yenə şerin çap olunub?
Şeyda
Dostum, bu elə bir işdir ki, yüz şerə əvəzdir.
Surxay
Yüz şerə əvəzdir? Bu nə ola bilər? Hə, yəqin istiqrazla pul udmusan?
Şeyda
Pul nədir ki, hələ onun haqqında söhbət də aparırsan? Sevgi aləmindən danış!
Surxay
Hə, yəqin evlənmisən!
Şeyda
Özüdür ki, var, tapmısan. Bu saat ZAQS-dan gəlirəm.
Surxay
Ürəkdən alqışlayıram! Gəl səni qucaqlayım. Dostum, xoşbəxtsən ki, o cür üzüyola nişanlın var, sevəndə də gərək o cür qızı sevəsən, yoxsa mənimki kimi?.. İndi də kolxoz sədri oldu, daha heç o barədə danışmağa qoymayacaq.
Şeyda
Mən sənə onun yolunu öyrədərəm. (Yavaşdan) Pəncərədən düş evlərinə, ha çıx desələr, çıxma.
Surxay
Mümkün deyil, Şeyda! Mən çıxmaram, o, məsələni qoyar kolxozun iclasına... Sədrlə o cür zarafat eləmək olar?
Ziynət və Kamilə içəri girirlər.
Ziynət
Xoşbəxt ol, bacım! Belə gündə sən gərək sevinəsən, güləsən, niyə belə bikefsən?
Şeyda
Əmisinin dərdini çəkir.
Ziynət
Nahaq, əmin qoy öz dərdini özü çəksin.
Kamilə
Aləmdə biabır oldum. Hələ indi də keflidir, ayılmır.
Şeyda
Bizim evləndiyimizi eşitsə, o saat ayılar.
Ziynət
Şeyda, toyunuz mübarək.
Surxay
Hələ toy deyil, toyu ayrıca eləyəcəyik...
Ziynət
Surxay, sən niyə Kamiləni təbrik eləmirsən?
Surxay
Sədr imkan verir ki... Kamilə, icazə verin, əlinizi sıxım. Tez-tez ki, müəllimi soruşurdunuz ha, mən bilirdim ki, axırı ZAQS-la qurtaracaq.
Ziynət
Bu cür ciddi məsələni zarafata salmazlar, Surxay!
Surxay
Onu özünə də de də, heç olmasa, bunlardan ibrət al.
Zalxa tələsik gəlir.
Zalxa
Gətirirlər, yer verin, yer verin, gətirirlər.
Ziynət
Kimi gətirirlər, Zalxa xala?
Zalxa
Kərəmovu gətirirlər, özündən çıxıb, bir yerdə dayanmır.
Kamilə
Mən gedirəm. Başımı yerə soxdu... (Çıxır)
Şeyda
Kamilə, dayan, Kamilə!
Onun arxasınca gedir. Mehralı, Şirəli və qeyri-kolxozçular Kərəmovu gətirib daşın üstündə oturdurlar. Onu güclə saxlayırlar, kiminsə üzərinə hücum çəkmək istəyir.
Kərəmov (bərk keflidir)
Hanı o? Tapın onu, gətirin mənim kabinetimə.
Mehralı
Dayan görək, a kişi! Kimi axtarırsan?
Kərəmov
Onu... o yazanı... məqalə yazanı... Salmanov, protokol bağla!
Zalxa
Bəs Salmanov, Mirzə Hüseyn hardadırlar? Elə biz də onları axtarırıq, tapsaq, özümüz protokol bağlayacağıq. De görək, haradadırlar?
Kərəmov
Araq şüşəsində.
Zalxa
Çaxır boçkası kimi doldurub qarnını, üç günə ayılmaz.
Şirəli
Yoldaş Kərəmov, bəs tapança haradadır?
Kərəmov
Araq şüşəsində, hörmət də araq şüşəsindədir, kef də...
Surxay
Bundan bir kəlmə də söz almaq olmaz. Dünya bu saat bunun gözünə araq şüşəsi şəklində görünür.
Kərəmov
Bütün dünya qurulub araq şüşəsinin üstündə, bircə mən ora yerləşmirəm. Mən Kərəmovam. (Ayağa qalxır, yenə hücum çəkmək istəyir, onu güclə saxlayırlar) Buraxın məni, mən bu saat yaralanmış aslanam. (Birdən gözü Ziynətə sataşır) Görün, mənim yerimə kimi qoydunuz, ağzından süd iyi gələn bir qızı. (Ziynətə) Mənim kabinetimə ayağını basma. Bəs, hanı o demaqoq? Mirzə Hüseyn, Salmanov, tutun qapı-pəncərəni, qaçmağa qoymayın.
Mehralı
Bunu kefləndirən araq deyil, vəzifədən çıxarılmağıdır.
Şirəli
Bundan bir kəlmə də söz almaq olmaz.
Zalxa
Aparaq salaq zirzəmiyə, ikicə saata ayılar.
Kərəmov
Buraxın məni, özüm gedib onu tapacağam. Buraxın məni, aslan azadlıq sevir.
Kərəmovu aparırlar.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-toy-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Çiy ətTədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:
CeyranAtalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.
Altı qızın atasıArvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!
Başqa şairlərin şeirləri
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Sənə bu hüsn, xəyal eyləmə müdam qalırSənə bu hüsn, xəyal eyləmə müdam qalır,Çəməndə hansı güli-tər ələddəvam qalır?!
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.