Səhifə 1 / 4

Birinci şəkil

Böyük bir istirahət evinin tikintisi, səhnədən dəstə-dəstə işçilər danışa-danışa keçirlər. Səhər tezdəndir. Nəsirov qəti addımlarla səhnəyə çıxır, o yan-bu yanı gəzir. Bərbərzadənin otağına baxır, bir-iki ağız Bərbərzadəni səsləyir, sonra Maralın otağına baxır, yuxarı boylanaraq, “Mirzə Qərənfil” deyə səslənir, heç bir cavab olmur. Səhnədən çıxmaq istədikdə, birinci işçi və ikinci işçi ilə qarşılaşır.

Nəsirov

Hə, gəlmisiniz?

Birinci işçi

Çoxdan, yoldaş Nəsirov! Odur ey, dülgərlər, dəmirçilər işə başlayıblar. Biz də gərək damı düzəldək, ancaq materiallarımız yoxdur. Bərbərzadə hələ gəlməyib.

İkinci işçi

Rəngsazlar da orada avara qalıblar. Materialları yoxdur.

Nəsirov

Budur da... Onları danlayanda, çox danışmağa qoymayanda, hələ bəzilərinin xoşuna da gəlmir. Yaxşı, o avara hələ buralara hərlənməyib?

Birinci işçi

Hansı avara? Bir nömrəli, ya iki nömrəli?

Nəsirov

Bu nə sözdür, avaraları nömrələmisiniz, nədir?

İkinci işçi

Öz aramızda biz Mirzə Qərənfilə birinci avara adı qoymuşuq. Bərbərzadə avaraçılıqda bir az ondan geri qalır.

Nəsirov (gülür)

Eybi yoxdur, mən onları tərlədib, avaralığı və tənbəlliyi bədənlərindən damcı-damcı çıxardacağam. Mühəndislər, fəhlələr, əsl iş işləyən adamlar öz istirahət günlərində alaqaranlıqdan durub gələ bilirlər, ancaq bunlar utanmırlar, hələ gecikirlər də!

Birinci işçi

Bu cür böyük tikintini başa çatdırırıq, heç gəlməmək olar, Nəsirov yoldaş?

Nəsirov

Yoldaşsız.

İkinci işçi

Əlbəttə, yoldaşsız. Arvad-uşağı gətirsək, əlayağımıza dolaşarlar. Söz vermişik bayramlara qədər qurtaraq, gərək qurtaraq.

Birinci işçi

Bizdən arxayın olun, qurtaracayıq. Amma siz onları bir az tərpədin.

Nəsirov

Onları tərpətməyəcəyəm, silkələyəcəyəm. Buruqda neft gözləniləndə buruq ustası gəlib evdə yatırmı? Yox, maraqlanır, həyəcan keçirir, gecə-gündüz buruqla əlaqəsini üzmür. Amma bunlar hazır materialı da daşıyıb gətirə bilmirlər. Biz gərək Staxanov hərəkatını genişləndirib, bu tikintini vaxtından iki ay qabaq qurtaraq. Söz vermişik, sözümüzün üstündə durmalıyıq. Gəlin gedək, mən özüm sizə material verərəm.

Birinci işçi

Halvaçı qızı daha şirin. Gedək.

Gedirlər. Mürşüd və İnci həyəcan içərisində səhnəyə gəlirlər.

Mürşüd

İcazə ver, əzizim, bu axırıncı gün də iş uğrunda canımı fəda eləyim, sonra ömrümün quşunu qəfəsə salıb açarını həmişəlik verəcəyəm sənin əlinə. Qara fikirləri başından dağıt. “Ayrılacağam, yaşamayacağam” kimi sözləri muzeyə təhvil ver. Gördün ki, işə gəlirəm? İndi daha arxayın ola bilərsən. Ayrılıq vaxtıdır, ver gözəl əllərini sıxım, günortaya qədər.

İnci

Sən mənə dil tökmə, əllərimi də sıxmaq lazım deyil. Ya mən deyən olacaq, ya sən deyən. Bu saat gərək həll eləyək.

Mürşüd

Çox tələsirsən. Bu saat həll eləmək olmaz. Mən gedirəm işə, sən də get evə. Bədənə qida verən şeylərdən bir qədər hazırla. Mən qayıdaram, oturarıq səadət stolunun dalında. Mən xırda-xırda yeyərəm, sən də xırda-xırda deyərsən, həll eləyərik. İndi isə xudahafiz...

İnci

Heç bir Xuda da lazım deyil, Hafiz də. Səni heç yerə buraxan deyiləm. Çünki bu gün istirahət günüdür. Get de ki, işləyə bilməzsən. Di tez get, mən burada gözləyirəm.

Mürşüd

İnci, axı, mən evdə sənə bir kitab söz danışdım. Bu gün biz hamımız öz arzumuzla işləyirik ki, istirahət evini vaxtından tez açaq. Özün də bilirsən ki, bu iş bizim təşəbbüsümüzdür. Dünən hamıya təbliğat aparmışıq ki, gəlin işləyək. Amma bu gün hamı işləsin, mən çıxım gedim? Mən də gərək öhdəmə götürdüyüm işləri qurtaram, ya yox?

İnci

Yox! Sabah işlərsən. Bu gün isə mənim ixtiyarımdasan. Namusla səkkiz saat işləmisən qurtarıb. Daha istirahət günü işləyib, özündən hoqqa çıxartma. Bax, Mürşüd, ya bu saat buradan gedirik operaya bilet almağa, ya da ki...

Mürşüd

Ya da ki?..

İnci

Ya da ki, ayrılaq, çıxsın getsin. Daha mən dözə bilmirəm. Burada oturub, işini qurtarıncaya qədər ağlayacağam.

İki fəhlə söhbət edə-edə keçir.

Mürşüd (həyəcanla)

İnci, axı ayıbdır, görən nə deyər. Kişi gəlib işləməyə, arvad göz yaşı tökə-tökə qarovulunu çəkir. Olmaz axı...

İnci

Niyə olmur? Çox gözəl olar. Yoxsa, qorxursan, buradakı qızlar, xanımlar məni görüb, sənin evli olduğunu bilərlər?

Mürşüd

Ay İnci, guya, mən evli olduğumu danıram?

İnci

Danmasan, özünü bu cür subay kimi aparmazsan. İstirahət günü arvadını gözü yaşlı qoyub buralarda hərlənməzsən.

Mürşüd

İnci, axı, o gün mən sənə isbat elədim ki, qısqanclıq keçmişin tör-töküntüsüdür. Beynindəki o tör-töküntüləri təmizləməmiş sənin mənim işlərimdən başın çıxmaz. Onu bilirsən, ya yox?

İnci

Mən heç bir şey bilmirəm, onu bilirəm ki, burada oturub gözləyəcəyəm. Ya səninlə gəzməyə gedəcəyəm, ya da ki... ZAQS-a.

Mürşüd

Ay mənim ruhumun qarovulçusu! ZAQS-a getməyin özü də vaxt istəyir, yoxsa yox? Vaxtım olsa, səninlə gəzməyə gedərəm, ZAQS-a niyə gedirəm ki? Di xudahafiz! İstəyirsən heç görüşməmişdən ayrılaq. Di mən getdim. (Getmək istəyir, İnci qoymur)

İnci

Xeyr, getmədin! Bu saat buradanca birbaş gedirik gəzməyə. Bir ildir evlənmişik, hələ sən məni yanına salıb bir yerə aparmamısan, daha dözə bilmirəm.

Mürşüd

İnci!

İnci

Kor deyiləm ki?

Mürşüd

İnci!.. İşə düşmədik!

İnci

Kimdən əskiyəm? Bəlkə mənimlə gəzməyə utanırsan? Yox, iki yolumuz var, ya ayrılıb, ailə zəncirini birkərəlik qırırıq, ya da ki, elə bu gecə gedirik operaya, kinoya, sirkə...

Mürşüd

Hamısına bu gecə?

İnci

Hamısına bu gecə. Bəsdir daha. Park açılıb, görməmişəm, sirkə getməmişəm. İki gündə bir dəfə kino görmürəm. Xalxın arvadları...

Mürşüd

İnci! Bir dayan görüm. Pah atonnan sənin! Pulemyot kimi düzürsən bir-birinin dalına. Dayan, mən də bir kəlmə deyim də...

İnci

Nə deyəcəksən, axı? Xalxın arvadları...

Mürşüd

Ay balam, xalxın arvadları ilə mənim nə işim var? Bu saat iş mənim xirtdəyimdəndir. Başımı naryadla qaşıyıram. Qoy bir bu istirahət evini qurtarıb təhvil verək. Sonra, vallah, çarpayımın ayağına dörd təkər qayırıb ipini verəcəyəm sənin əlinə, gəzək parkları, bağları sutkada iyirmi dörd saat. Başa düşürsən?

İnci

Düşmürəm!

Mürşüd

Daha onun təqsiri məndə deyil. Adamda gərək qanacaq anadangəlmə olsun. Ərin bu işdə sənə heç bir köməyi ola bilməz.

İnci

Ola bilər!

Mürşüd

Nə ola bilər?

İnci

Mən nə bilim? Sən dedin ola bilməz. Mən də acığnan deyirəm, ola bilər.

Mürşüd

Bu olmadı ki, demək, mən nə desəm, sən onun əksini deyəcəksən?

İnci

Mürşüd, mənə yazığın gəlmir? Dur bu saat gedək kinonun birinci seansına bilet almağa. Oradan da çıxıb teatra gedərik. Gecə saat on ikidən sonra da parkda böyük gəzinti var.

Mürşüd

İnci, qadan alım, mən bu gün ta gecəyə qədər burada məşğul olacağam. Özün bilirsən ki, bu boyda bina bizim proyektimizlə tikilir, hər mıxının belə, məsuliyyəti bizdədir. Bircə həftə səbr elə...

İnci

Yox, Mürşüd! Mən daha buna dözə bilmərəm. Bu cür evli həyatdansa, subay olmaq minqat yaxşıdır.

Mürşüd

İnci! Axı, sən də mənim vəziyyətimi düşün. Mən iş sahibiyəm. Qoy bu söhbətin dalını axşam evdə aparaq. Mən getdim, hələlik! (Öz-özünün əlini sıxır)

İnci

Mürşüd! O cür asanlıqla yaxanı qurtarma! Hara gedirsən? Mənə qəti bir cavab ver. Gündüz iş, gecə iş, istirahət günü iş. Yanıma düşüb bir yana çıxmazsan...

Mürşüd getdikcə, İnci də onun dalınca bu sözləri deyə-deyə çıxır. Sadıq qoltuğunda böyük bir bağlama, yavaş-yavaş, fikirli içəri girir, dalınca Gülər gəlir.

Gülər

Sadıq!

Sadıq

Aman, aman, yenə gəldi.

Gülər

Sadıq! Yerindən qımıldanma.

Sadıq

Qımıldanma deyirsən, qımıldanmaram.

Gülər

Aç bağlamanı!

Sadıq

Aç deyirsən, açaram.

Gülər

ZAQS kağızını hara aparıb gedirsən? Bura ver!

Sadıq

Ver deyirsən, verərəm. Daha acıqlanmaq nə üçün?

Gülər

Acıqlanaram da, hələ bir az da o yana gedərəm. (Kitabları eşələyib kağızı çıxarır)

Sadıq

Deməli, Gülər can, kitab bağlandı?

Gülər

Kitab da bağlandı, bazar da. Bu gün istirahət günüdür. ZAQS bağlıdır. Sabah, düz bu vaxt gedərsən müdirinizin yanına, yarım saatlıq icazə alıb gələrsən, məni gözləyərsən, kağızını verərəm qoltuğuna, gedərsən. Soruşsalar ki, niyə belə? Deyərsən ki, bazar bağlandı. Başa düşdün?

Sadıq

Düşdüm, niyə düşmürəm ki?

Gülər

Paltarlarını, yorğan-döşəyini büküb qonşuda qoyacağam. Gəlib aparırsan və bir də çalışarsan ki, mənim gözümə görünməyəsən.

Sadıq

Çalışaram, niyə çalışmıram ki? Təkcə sən deyil, istəyirsən heç kəsin gözünə görünməyim.

Gülər

Bircə birisi səni görsə kifayətdir. Daha ayrı adam nəyinə lazımdır?

Sadıq

Gülər, vicdanıma and olsun...

Gülər

Sadıq, and içmə, hamısını bilirəm. Ah... o kimdirsə, o sənin dalınca gəzən qız kimdirsə, düşə mənim əlimə, mən ona müharibənin təzə üsullarını göstərərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri