Səhifə 2 / 3 · 33%

Üçüncü şəkil

Səhnə xanın həyətini təsvir edir. Anaxanım eyvanda xalçaları çırpır, Eloğlu
qəmli-qəmli anasına baxır. Telli aşağı otaqdan çıxır.

Telli. Ay yetim, qarabaşı çağır bura!

Eloğlu. Ana! Səni çağırır.

Anaxanım xalçaları eyvanda qoyub aşağı enir.

Telli. Sən niyə boş bikar durmusan?

Eloğlu. Çobanlara çörək aparacağam.

Telli. Ey, çoban qızı! Sən çox qudurmusan. Səhərdən hardasan?

Anaxanım. Sən kimsən, sən də bir kəndçi qızı deyilsənmi, Tısbağa qınından çıxdı, çanağını bəyənmədi. Mənimlə azğın-azğın danışma qudurğan özünsən, sözünü de.

Telli. Oho, sən bunda bir üzə bax! Bilmirsən axşamdan qalan bulaşıq qabları yumaq lazımdır?

Anaxanım. Bilirəm, mənim də bir canım var. Yeddi yerə bölünə bilmərəm ki.

Telli. Canın da çıxar, bölünərsən!

Anaxanım. Canın da çıxsın, gözün də!

Mərcanxanım. Ey, qarabaş, tez ol yuxarı gəl, vaxt keçir, bu xalçalar niyə burda qalıb?

Anaxanım. Çırpırdım, aşağıdan çağırdılar.

Mərcanxanım. Canına çər çağırdılar. Ay qız Telli, qabları özün yu, it-qurd əlinə salma!

Telli. Baş üstə, xanım.

Mərcanxanım. Ay gədə! Sən niyə əlləri qoltuğunda boş bekar dayanmısan? Get su tök, Telli qabları yusun!

Anaxanım xalçaları götürüb gedir. Eloğlu Tellinin əlinə su tökür.

Eloğlu. Ay Telli! Anamın üstünə çox bağırma, sonra yaxşı olmaz!

Telli. Neylərsən?

Eloğlu. Neylərəm? O qurdlu ürəyini parça-parça elərəm!

Səməndər. A gədə, yetim, durma, arabadan çuvalları anbara daşı!

Telli. Bircə itil burdan səndən qan iyi gəlir.

Eloğlu həyətdən çıxır. Ata ki ş i gəlir.

Səməndər (Atakişiyə). Durma, sən də get daşı, boş durmaq olmaz!

Səməndər Tellinin yanına gedib, onunla yavaşdan söhbət edir. Anaxanım
eyvanda görünür. Eloğlu dalında çuval gəlir.

Anaxanım. Can, yetim bala! Canın bu ağır yüklər altında çıxacaq. Uşağın dərdi kişinin ölümünü də yadımdan çıxardıb.

Balaoğlan (qaçaraq). Dur, sən tək apara bilməzsən, bir ucundan sən tut, bir ucundan mən.

Anaxanım. Sən ki yetimə kömək olursan, allah sənə kömək olsun, oğul!

Atakişi dalında çuval gəlir.

Səməndər. Ay arvad! Durma, tez aşağı en, inəkləri sağ, süd bişir, qaymağını tut, qatıq qoy, nəhrə çalxa! Günorta süfrəsinə tez yağ hazırla!

Anaxanım. Ay bala! Mənim burda işlərim tökülüb qalıbdır.

Səməndər. Tez ol, vınqıldama! Bunlar sənin işindir. Tez, tez!

Anaxanım. Qoy işlərimi qurtarım.

Mərcanxanım (Anaxanıma). Yenə eyvandan aşağı nə höküm kəsirsən?

Anaxanım. Höküm kəsmirəm, mənə deyir, en aşağı, inəkləri sağ, süd bişir...

Mərcanxanım. Bəs necə, yoxsa elə bilirsən, sən bura xanımlığa gəlmisən?

Anaxanım. Xanımlığa gəlməmişəm. Ancaq mənim də bir canım var. Deyirəm qoy işlərimi qurtarım, gəlim. Elə bağırır ki, tez ol, en aşağı!

Mərcanxanım. Sən iş görmürsən vaxt keçirirsən.

Anaxanım. Bəs bu işləri kim görür?

Mərcanxanım. Belə başlasan, səni də kişinin yanına göndərərəm.

Səməndər (Balaoğlana). A gədə, sənin öz işin yoxdur? Qoy yetimin arxasına, özü aparar.

Balaoğlan. Apara bilməz!

Mərcanxanım. Ana–balanın canı mumdan yaranmış.

Səməndər. Sən tez öz işinə get, qorxma, əriməz. Yetimin canı bərk olar, sən get atların altını təmizlə, qaşovla, arpa-saman ver!

Telli (Anaxanıma). Ay arvad, başımı yuyuram, gəl su tök!

Mərcanxanım. Qollarını sallayıb nə durmusan? Tez ol çobanlara çörək bişir, gədə aparsın!

Gedirlər, Atakişi ilə Eloğlu həyətdə durmuşlar.

Eloğlu. Uf... Yazıq anam!

Atakişi. Doğ ey günəş, çəkil ey duman! Üç aydır bu qapıda olursan, bir dəfə də üzün gülməyib.

Eloğlu. Mənim üzüm hələ gülməz.

Atakişi. Nə qədər bu qapıdayıq, bizim üzümüz gülməyəcək!

Zümrüd (daxil olur). Ata! Ata!

Atakişi. Can, qızım, gəl yanıma! (Qız sakitcə atasının yanında oturur) Bax, bu qız üzügülər, oynaq, çiçək kimi bir qız idi. Üç il bundan əvvəl xan həyətdə adam döydürürdü, atan kimi o da matraq altında öldü. Qız onu görəndən xəstədir.

Eloğlu. Yazıq qız.

Atakişi. Sən bunu gərək o zaman görəydin. Açılmamış təzə bir qönçə kimi idi. (Balaoğlan əli qoltuğunda gəlir) Sən niyə əlləri qoltuğunda gəzirsən, yeddi qıznan bir dərədə qalmamısan ki?

Balaoğlan. Başına dönüm, əmi, mənə bir çarə!

Atakişi. Nə var? Nə olmuş?

Balaoğlan. Dərdim böyükdür. Bilirəm, bu gün mən də matraq altında öləcəyəm.

Eloğlu. Arvad kimi ufuldama, sözünü de!

Balaoğlan. At naxoşlayıb. Çər dəymiş, eşşək kimi yerə sərilib ağnayır, nə yeyir, nə içir. Görünür bərk naxoşdur.

Atakişi. Bu çər dəymişə nə olub?

Balaoğlan. Bilmirəm əmi! Nə qədər çalışıram yerindən qalxmayır. Xana nə cavab verəcəyəm? Zalım oğlu bilsə. dərimə saman təpəcək.

Eloğlu. Atdır, naxoşlamış, buna sən neyləyəsən?!

Baloğlan. Bunu sən deyirsən. O zalıma söz qandırmaq olmayır. Elə deyəcək, sən naxoşlatmısan. Bir də gördün gözləri qızardı, di gəl qabağında dur görüm necə duracaqsan. Ölüncəyə qədər döydürəcək.

Eloğlu. Demək, sənin də ömrünə az qalıb. Vaxt ikən başına çarə qıl.

Balaoğlan. Nə çarə?

Eloğlu. Çobanların yanına qaç, onlar səni saxlar.

Balaoğlan. Yox, bu bir çarə deyil, mənə bir tədbir tökün!..

Atakişi. Mənim ürəyim arxayındır, sənə heç bir şey olmayacaq.

Eloğlu. Nədən bilirsən?

Atakişi. Bu qızdan, bu qanlı ocaqda qan olduğu gün qızın naxoşluğu başlayır. Qız bu gün çox sakitdir. Doğ ey günəş, çəkil ey duman!

Xan gəlir. Kənarda dayanır.

Xan. A gədə, Səməndər! Mehtərə de atları çəksin qapıya, kəndə gedəcəyik.

Səməndər. Baş üstə, xan!

Balaoğlan. Evim yıxıldı.

Eloğlu. Sənə qaç deyirəm, qaç çobanların yanına!

Səməndər. A gədə, Balaoğlan!

Balaoğlan. Nə deyirsən?

Xan. A gədə, atları qapıya çək!

Balaoğlan. Başına dönüm xan! At bir az xəstədir.

Xan. Necə? Heyvan oğlu heyvan, sənə hər gün deyirəm, ata yaxşı bax, qulağına girmir. O atın bir dırnağını yüz dənə sənin kimi tulaya dəyişmərəm, onun başından bir tük əksilə, başın bədənində qalmayacaq.

Balaoğlan. Neyləyim, xan. Baxmaq bundan artıq olmaz.

Xan. A gədə, Səməndər! Ata baş çək, gör necədir! (Səməndər gedir) Haram olsun sizə mənim çörəyim. Ürəyim heç sakit deyil. Deyəsən atın başında bir iş var. (Xan özü də aşağı enərək, atı yoxlamağa gedir) Ata bir şey olsa, diri-diri dərini başından soyacağam.

Balaoğlan (tərəfə). Yaman günlərim çatdı, mən neyləyim?

Eloğlu. Bura bax, gəl səni gizlədim.

Balaoğlan. Boş-boş danışma! Bu qurdlardan can qurtarmaq olar?

Eloğlu. Bura gəl! (Qolundan tutub otağa çəkir. Böyük xalçanı açaraq) Gir bunun içinə!

Balaoğlan. Bundan bir şey çıxmaz!

Xan (uzaqdan). Hanı o köpək oğlu?

Eloğlu. Sənə gir deyirəm!

Balaoğlanı xalçaya sarıyıb uzadır. Özü də, əlində bir daş qapının
çıxmış mıxını düzəldir. Xan ilə Səməndər gəlirlər.

Xan. A gədə, hanı o köpək oğlu?

Eloğlu. Kimi soruşursunuz?

Xan. Mehtəri.

Eloğlu. Bilmirəm, xan! Bir az bundan əvvəl burda idi.

Xan (Səməndərə). O köpək oğlunu bu saat tapmalısan! (Gedir)

Səməndər. A gədə, yetim, bilmədin hara getdi?

Eloğlu. Yox, bilmədim.

Səməndər. Sən bir həyət-bacanı gəz. Mən onun dalınca gedirəm.

Gedir. Telli qapının ağzından içəri baxır.

Telli. A gədə, bu saat o mehtər səninlə danışırdı, necə getdi ki, sən görmədin?

Eloğlu. Mən ona keşikçi deyiləm ki... Görəsən hara qaçdı.

Telli. A yetim, burda sənin əlin var, de görüm onu harda gizlətdin?

Eloğlu. Mən nə bilim! Adam gizlədənəm?

Telli. Canın yansın, gör üstümə necə atılır!

Eloğlu. Canını da alaram. Əvvəl-axır sən mənim əlimdə öləcəksən.

Telli. Görürəm, səndən hər şey çıxar.

Səməndər gəlir.

Səməndər. Gədə tapılmadı?

Telli. Onu, bax, bu canı yanmış itir-batıra saldı. Bura gəl, bircə onun otağını axtar.

Səməndər. Elə yerlərə girməz.

Telli. Sənə deyirəm içəri bax!

Səməndər (otağa gedir). Ay qız, o buralarda nə gəzir.

Eloğlu. Ay-hay, tapdın ha!

Xan. A gedə, Səməndər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri