İkinci pərdə
Səhifə 3 / 3 · 67%
Səməndər. Nə buyurursan, xan?
Xan. Mehtər tapılmadı?
Səməndər. Yox, başına dönüm, axtarıram.
Xan. Tapılmasa bu həyətdə bir divan quracağam ki, bütün dünya tamaşasına dursun.
Səməndər. Axtarıram, xan.
Xan. O tapılmalıdır... Yoxsa... Tez ol atı yoxla, gör necədir!
Gedirlər. Eloğlu palazı açır.
Eloğlu. Balaoğlan! Tez ol qaç! Çobanların yanına qaç!
Balaoğlan. Həyətdə görən olmasın, yaxşı bax!
Eloğlu. Qorxma, heç kim yoxdur.
Balaoğlanı qaçırtmaq istərkən Səməndərin səsi gəlir.
Səməndər. Bu it oğlu bizi işə saldı.
Telli otaqdan çıxıb Səməndərə tərəf yüyürür.
Səməndər. At öldü. İş fırıqdır. Tapılmasa, xan yaxamdan əl çəkməyəcək... Ancaq hələlik atın ölməsini xandan gizlətmək lazımdır.
Telli. Gəl bura, qorxma, gedəni tapmışam.
Səməndər. Hardadır?
Eloğlu onları qapıdan güdür
Telli. Böyük xalının içində. Sən gələn kimi mən otağa girib yetimi pusdum. Balaca bir deşik var, ordan baxırdım. Sən ki, otaqdan çıxdın, Eloğlu xalını açıb, gədəni qaçırtmaq istədi. Sonra sənin səsin gəlincə yenə xalının içinə büküb gizlətdi. Otağa girib tutmaq istədim, qorxdum əlimdən qaçsın. Bir də bilirsən, bu yetimdən mən necə qorxuram! Durma gəl, mehtəri diri tutub əlinə verim.
Eloğlu (Balaoğlanı sandıqda gizlədir). Balaoğlan, durma, gəl gir sandığa!
Onu gizlədir. Özü də bükülmüş xalının üstə uzanır.
Telli. A gədə, qalx xalının üstündən!
Eloğlu. Niyə qalxım, uzanmışam.
Səməndər (əlindən tutaraq). Sənə qalx deyirlər.
Eloğlu. Qalx deyirsən, qalxaram. Ancaq nə üçün? Nə səbəbə? (Qalxır)
Telli. Sən bilmirsən bu necə üzlü yetimdir. Qaya kimi, nə deyirsən, cavab verir. Aç xalını!
Eloğlu. Ona mənim gücüm çatmaz.
Səməndər. Görürəm sənin gözlərindən qan damır. Başını tez batırmaq gərəkdir.
Eloğlu. Sən ağılda adamlar mənim başımı batıra bilməz. Bilirəm, Balaoğlanı gəzirsən. Onun ağlı var, xalı içində gizlənməz!
Xalını açırlar. Xalı boşdur.
Səməndər. Yox, bir şey yoxdur...
Telli. Vay, canın yansın, gedə, bu it oğlunu sən xalıdan çıxarıb yenə xalıya bükəndə öz gözümlə gördüm. Bu nə oldu, yerəmi batdı, göyəmi çıxdı?
Eloğlu. Sənin yalançı gözün var, bundan sonra ona inanma.
Telli. Görürsən bu yetimi?
Səməndər. Onun əcəli çatmış, a gədə, çıx buradan!
Eloğlu ona qəzəbli baxışlarla baxır.
Telli. Mən bu gədədən qorxuram. Xəlvətdə əlinə düşsək, bizi boğar. Sən də özünü ondan qoru.
Xan gəlir.
Xan. A gədə, Səməndər!
Səməndər. Bəli, başına dönüm, nə buyurursan?
Xan. At necədir?
Səməndər. İndi bir az rahatdır.
Xan. Gədədən nə xəbər?
Səmənd ər. Xan, dünyanı əldən salmışam, tapılmır.
Xan. Eşşək oğlu eşşək, necə tapılmır? Bu gün o tapılmalıdır!
Səməndər Axtarıram, xan!
Xan. Ata yenə baş çək, gör necədir?
Xan gedir.
Eloğlu (divarın deşiklərini bir-bir gözdən keçirir). Bu it qızı bizi görür, çarə yoxdur, qaçırmaq lazımdır. (Sandığın ağzını açır)
Baloğlan, durma, tez qaç!
Balaoğlan. Qorxuram, həyətdə görərlər.
Eloğlu. Həyətdə heç kim yoxdur. Sənə qaç deyirəm. Birbaş çobanların yanına!
Balaoğlan qaçmaq istərkən Səməndərin səsi gəlir.
Səməndər. Telli, Telli, bura gəl!
Telli (Səməndərə tərəf qaçır). Durma, tapmışam.
Səməndər. Eh... sən də bu yalanı-palanı burax!
Telli (əli ilə anladır). Sən gedən kimi sandığın ağzını açdı. Gedəni çıxartdı. qaçırtmaq istərkən yenə sandıqda gizlətdi. Sən bircə gəl!
Səməndər. Telli, yetim demişkən, daha sənin gözlərinə inanmıram. Başına çarə et!
Telli. Nə çarə?
Səməndər. Mehtər tapılmasa, onun acığını xan məndən alacaq, qaçmaqdan başqa çarə yoxdur.
Telli. Hara? A kişi, dəli olmamısan ki? Sənə adam kimi söz deyirəm, sən bircə gəl!
Eloğlu qapıdan onların danışığını eşidir, rəfdən başı kəsik böyük
qabağı götürüb, Balaoğlanın başına taxır.
Eloğlu. Balaoğlan, başqa çarə yoxdur, tez ol gir hovuzun içinə! Tərpənmə!
Onu həyətdəki hovuzun içinə soxur, Səməndər ilə Telli gəlir.
Telli. Bircə bu sandığı aç!
Səməndər (sandığın içinə baxır). Sənə dedim ki, gözlərin səni aldadır.
Telli (xalçanın da içinə baxır). Bəs bu it oğlu hanı? Öz gözümlə gördüm.
Eloğlu. Sənin nə gözünə inanmaq olar, nə də sözünə. Kişini uşaq kimi ələ salıb oynadırsan.
Səməndər. Mən getdim, başına çarə qıl!
Telli. Qoymaram, özümü öldürərəm, əvvəl-axır gedəni tapacağam. Özünü dağa-daşa salma.
Səməndər. Sən tapınca xan da mənimkini mənə verər.
Telli. Qorxma, mən onu tapacağam.
Xan. A gedə, S ə m ə n d ə r!
Səməndər. Bəli, xan, nə buyurursan?
Xan. At necədir?
Səməndər. Bir az rahatdır, daha ağnamır, Allah ona verən bəlanı mənim canıma versin. Bircə arxayın ol!
Xan. Gedədən nə xəbər?
Səməndər. Hələ ki, tapmamışam, izinə düşmüşəm, tapacağam.
Xan. Tapılmasa, vay halına, yaxşı axtar!
Əkbər həyətə gəlir.
Səməndər. Yaxşı gəldin. Bura bax, xanın atı naxoşlayıb, mehtər də qorxusundan qaçıb gizlənib. Xan onu axtarır. Bu yetim yerini bilir. Gəl onu cəzaya tutub boynuna qoyaq.
Əkbər. Bu nə çətin işdir. Yetimi yıx yerə, matrağı al əlinə beşon matraq yeyəndən sonra yerini deyər.
Səməndər. Gəl bura, bu işi sənsiz edə bilmərəm. Zalım oğlunun gözlərindən qan damır.
Əkbər. Yoxsa qorxursan?
Səməndər. Qorxmuram, ehtiyat edirəm. Qorxuram əlimdə ölsün.
Əkbər (Eloğluya). Ey, mehtəri harda gizlətmisən?
Eloğlu. Heç bir yerdə.
Səməndər. Doğrusunu de!
Telli. Yalan deyir. Mehtəri bu gizlətmiş, yerini demir.
Səməndər (Eloğlunun qolundan çəkərək). Bura gəl!
Eloğlu (qolunu dartaraq). Gəlirəm, qolumu burax!
Əkbər. Pəh, yarma da daşarmış!
Eloğlu. Yağlı eldən olanda daşar.
Səməndər. Çox danışma, mehtərin yerini göstər! (Matraq ilə vurur)
Eloğlu. Boş yerə mənə dolaşmayın, mən heç nə bilmirəm. (Matrağı dartıb Əkbərin əlindən alır)
Əkbər. Səməndər! Sən o yandan, mən bu yandan, tut bu yetimi! (Eloğlu əlindəki matraq ilə onların baş-gözünü əzir, nəhayət, onu tuturlar) Çək, çək, ağaca bağlayaq!
Eloğlu (dartınır). Buraxın! Alçaqlar!..
Səməndər. Əlimizdən qurtarmazsan. Telli, telli, kəndiri gətir, qollarını bağla!
Əkbər ilə Səməndər Eloğlunu tuturlar. Telli onun əllərini bağlayır.
Eloğlu. Məndən ən istəyirsiniz? Mən adam gizlədənəm?
Əkbər (matraq ilə vurur). Mehtərin yerini söylə!
Eloğlu. Vicdansızlar! Siz məndən nə istəyirsiz? Bilmirəm deyirəm.
Səməndər (vurur). Mehtərin yerini göstər!
Telli. A yetim, de canın qurtarsın.
Anaxanım (eyvandan görüb qışqıra-qışqıra aşağı qaçır). Balamı nə üçün döyürsünüz? Yiyəsizdir, atasızdır. Buraxın oğlumu!..
Səməndər (matraq ilə vurur). Di tez ol, göstər yerini!
Eloğlu (anasına). Mən bilmirəm.
Anaxanım. O yiyəsizdir? Özümü öldürərəm. Buraxın balamı!
Əkbər. Bunun xəbəri yoxdur olsa deyərdi. Sonra qana düşərik.
Eloğlunun qolunu açır. Anaxanım oğluna sarılıb ağlayır.
Eloğlu. Ağlama! Namərd qabağında kişi qızı ağlamaz!
Əkbər. Səməndər, mən getdim, işim var.
Gedir. Xan gəlir.
Xan. A gedə, Səməndər! At necədir?
Səməndər. İndi bir az yaxşıdır, xan! Rahatlanır.
Xan, Gedə tapılmadı?
Səməndər. Görünür bağdadır. İndi Əkbər ilə bağı axtaracağıq.
Xan. Tapılmasa, səhərə salamat qalmayacaqsan. (Gedir)
Telli. Doğrudan, bağa yaxşı baxmısanmı?
Səməndər. Ötəri baxmışam.
Telli. Yetim gedəni ora qaçırmış olacaq. Sən get bağı axtar, mən də burda göz-qulağam, tez, qorxuram.
Səməndər gedir. Telli eloğlunu güdür. Eloğlu hovuza yanaşır qabağı
götürüb Balaoğlanı qaçırmaq istərkən Tellini görür.
Eloğlu. Vay, bu küpəgirən yenə gördü. Başqa çarəm qalmadı. (Qabağı yenə Balaoğlanın başına qoyur və qayıdır)
Atakişi. Sağ ol, Eloğlu! Elin mərd oğlusan, sağ ol!
Eloğlu. Dünyada, mərdlik qalacaq!
Telli qapıya tərəf gedir. Eloğlu Balaoğlanı hovuzdan çıxarıb
paltarını qurulamaq üçün onu otağa salır.
Atakişi. Vay, Balaoğlan, sən buradasan?
Eloğlu. Sus, əmi! Balaoğlan, o Telli kəsmiş səni yenə gördü, axırıncı bir tədbirim var (Köhnə böyük bir zənbilə kəndir bağlayır. Bir ucunu ağaca bağlayır. Balaoğlanı zənbilin içində oturdur. Atakişiyə) Əmi, gəl kömək elə, bunu çəkək yuxarı!
Atakişi. Vay səni, Eloğlu! Aslansan, aslan! (Zənbili yuxarı çəkirlər) Balaoğlanı burda tapsalar, üçümüz də fələyin xərcinə gedərik. Bunu bilirsənmi?
Eloğlu. Bilirəm. Qul kimi yaşamaqdansa, mərd kimi ölmək yaxşıdır.
Telli ilə Səməndər gəlir.
Telli. Gəl bura, mehtəri diri tutub verim əlinə, bax gör, bu kimin ağlına gələr. (Qabağı götürür) Vay, şeytan oğlu şeytan, yenə gözdən itdi.
Eloğlunun qapısına tərəf gəlirlər. Eloğlu görür ki, Balaoğlanın ayağı zənbilin
deşiyindən görünür. Tez bir palaz götürüb zənbilin altına salır. Sonra Səməndərə
yanaşır.
Eloğlu. A kişi, bu arvadın sözünə inanma! Bir gəl, əhvalatı sənə danışım.
Səməndər. Nə deyirsən, yetim?!
Eloğlu. Adam atadan yetim olmaz, ağıldan yetim olar. Gəl, burda otur. Əhvalatı sənə başa salım. (Səməndəri zənbilin altına saldığı palaz üstündə oturdur. Telliyə) Telli, gəl, səndə otur!
Telli. Mən burdan baxıram.
Eloğlu. İndi qulaq asın! Biz, uşaqlıqda itirdiyimiz şeyi tapmaq üçün həmişə bir şer oxuyardıq. İndi həmin şeri oxuyum, o saat Balaoğlanı tapacaqsınız. Bir qulaq asın! (Əllərini sözlərin ahənginə uyğun şəkildə oynada-oynada)
Bostan kəlikdir, ay bala,
Quzun əmlikdir, ay bala,
Ayağını çək yuxarı,
Zənbil dəlikdir, ay bala!
Telli. Bu nə sözdür, uşaqda bir hiyləyə bax!
Səməndər (əlini havada oynadaraq). Pəh-pəh, söz danışdı, ləzzət apardıq! Bəs hanı? Sən bizə mehtərin yerini göstər!
Balaoğlan zənbilin deşiyindən ayağını yuxarı çəkmək istərkən kəndir qırılır, tappıltı
ilə Səməndərin üstünə düşür. Eloğlu qışqırır.
Eloğlu. Vay, zəlzələ!.. Köməyə gəlin, zəlzələ!..
Palazı tez Səməndərin üstünə çəkir. Telli qorxudan qaçır.
Eloğlu Balaoğlanı qapıdan qaçırır.
Səməndər. Vay, vay, belim sındı!
Eloğlu. Dinmə, zəlzələdən yaxşı qurtardın.
Atakişi. Yer bircə dəfə ayağımızın altından getdi. Bir də getsəydi, dağı dağ üstə qoymazdı.
Eloğlu. Çox şükür, yaxşı qurtardıq, əmi!
Səməndər (ufuldaya-ufuldaya ayağa qalxır). A yetim, hayıfını yaxşı aldın, de görüm zənbilin içindəki daş idi, nə idi? Belimdə tutar qoymadı. Vay!.. (Belini əlləri ilə tutur)
Eloğlu. Daş nədir, a kişi, paltarımı asmışdım.
Səməndər (belini çəkərək, acıqlı Eloğluya baxır və qapıdan çıxarkən). Telli, mən getdim. Sağ ol! Sən də başına bir çarə qıl. (Gedir)
Telli (ağlaya-ağlaya Səməndərin dalınca qaçaraq). Hara gedirsən? Qoymaram!
Atakişi (Eloğlunun alnından öpərək). Sağ ol! Ağıllı bala, sağ ol! (Bir əli ilə Eloğlunu qucaqladığı halda, o biri əlini havada oynadaraq) Doğ ey günəş, çəkil ey duman!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/saiq-eloglu-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Vərəmli həyatƏsir doğuldum, əsir getdim, ah, gənc ikən.Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.
ŞəklindəÜzümdə gərdi-təkəddür niqab şəklində.Gözümdə əşki-təhəssür hübab şəklində.
LaylaLayla, mələgıim, körpə balam, sevdiciyim, yat!Bir də ələ düşməz bu uşaqlıq dəmi, heyhat!
Başqa şairlərin şeirləri
Billəm ki, edər axir ol nərgisi-məstanəBu aşiqi şeydanı Məcnun kimi divanə.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Teleqraf müxbiri şərm eyləməyirTelqraf müxbiri şərm eyləməyir,Döndərib aslana balkanlıları.
Qeyrət eyləGəldi, şura gəldi,El, qeyrət eylə.