Üçüncü pərdə
Səhifə 1 / 2
Dördüncü şəkil
Səhnə kiçik dağ ətəyini təsvir edir. Orta tərəf qamışlıqdır. Sol tərəfdə köhnə daxma,
yaxında dərə vardır. Yağış yağır, Eloğlu paltarını soyunub altına qoymuşdur.
Çobanlara apardığı xurcun içindəki çörəyi də yaş olmasın deyə, altında gizlədib.
Göyə baxır.
Eloğlu. Sus, ey üstümdə alovlu ilan kimi oynayan şimşək! Sus, ey lovğalanıb guruldayan ildırım! Sizdəki o qüvvə, o alov məndə olsaydı, başqa cür guruldar, başqa cür alovlanardım. (Düşünür) Uf, ana, ana! Yazıq ana, səni bu zalımların zülmündən qurtardığım günü görsəydim, heç ölməzdim. (Yağış kəsir. Eloğlu paltarını geyir. Getmək istərkən qarşısına qoca qarı çıxır) Xoş gördük, nənə!
Qarı. Xoş günün olsun, oğlum! (Əlini ona uzadaraq) Acam, çörəyin varmı?
Eloğlu (çuvaldan bağlı bir dəsmal çıxarır, dəsmalı açıb içindəki çörəyi qarıya verir). Nənə, bu çörək öz payımdır, al ye!
Qarı. Sağ ol, oğlum! Görürəm çox insaflı oğlansan. Hara gedirsən?
Eloğlu. Çobanlara çörək aparıram.
Qarı (ona diqqətlə baxır). Ay oğul! Üst-başını qurudur, bu yağış səni tutmadımı?
Eloğlu. Tutdu, nənə, tutdu.
Qarı. Bəs necə oldu ki, islatmadı?
Eloğlu. O məni islada bilmədi.
Qarı. Neylədin ki, islada bilmədi?
Eloğlu. Bu sirdir, demərəm.
Qarı. Deyərsən, oğlum. Bax, bu ağacı sənə verərəm, onda deyərsən.
Eloğlu. Eh, o ağacı neyləyirəm, meşələr dolu ağacdır.
Qarı. Oğul! Bu o ağaclardan deyil. Bu da sirli ağacdır. Hər kimə vurub, yapış desən, yapışar, açıl desən, açılar.
Eloğlu. Aha!.. elədir. Onda yaxşı ağacdır, ver, sirrimi sənə söyləyim.
Qarı. Al, oğul, söylə.
Eloğlu. Nənə, bu qədər çətin iş deyil. Gördüm yağış yağır, tez paltarımı soyundum, üstünə bir daş qoyub oturdum. Yağış kəsəndən sonra geyindim.
Qarı. Ağıl yaşda deyil, başdadır. Sən bunu kiçik şeymi bilirsən? Bunu hər kəs düşünə bilmir. Görürəm ağıllı oğlansan, oğlum, ağacı yaxşı saxla. Onu mən sənə verməyə gətirmişdim. Xalqımın biliyidir. Onun ilə vətənini, xalqını qoru!
Eloğlu. Sən kimsən, ay nənə?
Qarı. Bilirsən, oğul, tələsmə! Hələlik sağ ol.
Eloğlu. Sağ ol, nənə can. (Qarının arxasınca baxır)
Eloğlu. Sən bu kiçik ağacda hünərə bax: yapış deyirsən, yapışır, açıl deyirsən, açılır. (Çuxurda bir qamış görür) Ay, nə yaxşı qamışdır!
Qarı (ona tərəf dönərək). Oğlum, o qamışı kəs, tütək qayır.
Eloğlu (qamışı kəsir). Nənə can, sən bu kənddə yaşayırsan?
Qarı. Yox, oğlum, bu kənddə yaşamıram. Bütün bu yerlər mənim məskənimdir. Nə gözəl tütək qayırdın, bir çal görüm!
Eloğlu tütəyi çalır, tütək bu sözləri oxuyur: Sən ey məni çalan oğlan,
Ey igid, qəhrəman oğlan,
Bu səs elin gur səsidir,
Dağlar yıxan qüvvəsidir.
Durma, xalqın gücünü al!
Get, düşməndən özünü al!
Qoru bu əziz ölkəni,
Qoru xalqı, həm vətənini!
Eloğlu (heyrətlə). Vay, nənə can! Bu tütək insan kimi danışır.
Qarı. Oğlum! O səs bu odlu köksümdə bəslədiyim xalqın səsidir, səni köməyə çağırır.
Eloğlu. Məni köməyə çağırır... Mənim yüz canım olsa, xalqımın, vətənimin yolunda qurban verməyə hazıram.
Qarı. Belə oğul olduğun üçündür ki, xalq əvvəlcə sənə öz biliyini verdi. İndi də o öz sarsılmaz qüvvətini sənə tapşırır. Qorxma, xalqın qüvvəti yenilməzdir. Dağlara qarşı dursan, parçalar. Ah... demək, mənim də bəxtiyarlıq günlərim yetişdi. Daha köksümdə sevə-sevə bəslədiyim bu xalqın ah-naləsini deyil, şən səsini, sürəkli qəhqəhəsini eşidəcəyəm.
Eloğlu (qollarını açaraq). Ey bizi qoynunda bəsləyən böyük ana! Ey sevimli, əziz vətən, bu sənsən? (Qucaqlayır)
Qarı. Mənəm, oğlum, mənəm, ağıllı və namuslu oğullarımla iftixar edirəm. Get xalqını, Vətənini Rüstəm xanın pəncəsindən qurtar! Elsiz iş görmə! Bir əldən səs çıxmaz! Xalqı köməyə çağırmaq istədiyin zaman tütəyi göyə tərəf tut. O zaman səsi hər tərəfə yayılacaq. Bütün el axışıb köməyə gələcək.
Eloğlu. Gözəl Vətən! Əziz, sevimli ana! Xalqımın biliyi ilə, xalqımın qüvvəti ilə gedirəm. Gedirəm səni qorumağa. Mənə xeyirdua ver!
Qarı. Get, oğlum, get! Uğurlu olsun səfərin! Yoluna günəş doğsun, çiçəklər səpilsin!
Eloğlu qarının əlini əlləri içində sıxaraq öpdükdən sonra yavaş-yavaş geri çəkilir,
hər ikisi bir-birinə baxa-baxa ayrılırlar. Əkbər yoxsul bir qadının oğlağını qucağına
alıb aparır. Zəhra bir ətəyindən, oğlu o biri ətəyində tutub dartırlar.
Oğlan. Oğlağımı ver, oğlağımı ver... (Ağlayır)
Zəhra. Bura ver uşağın oğlağını! Yetimin göz yaşını axıtma!
Əkbər. Çəkil, arvad! Bir təpik ilişdirərəm canın çıxar. Bəs xana toy payı verməyəcəksən?
Zəhra. Ay kişi, toy payı verməyə mənim nəyim var? Bir oğlağdır, o da uşağındır. Gününü həyətdə onunla keçirir. Gəl insaf et, bu yetimi gözüyaşlı qoyma!
Əkbər. Çəkil deyirəm, yoxsa!..
Oğlan. Bura ver oğlağımı!
Ağlayır. Eloğlu Əkbərə yaxınlaşır.
Eloğlu. Bu oğlağı hara aparırsan?
Əkbər. Oho, bunun bir azğınlığına bax! Üstümə necə bağırır! Bu oğlaq olmasaydı, səninkini sənə verərdim.
Eloğlu. Uşağı ağlatma, oğlağı ver!
Əkbər. Əl çək, yetim, yoxsa canın əlimdə çıxar.
Zəhra. Başına dönüm, ay oğul! Xan toy eləyir, mənə nə! Mənim nəyim var ki, xana toy xərci verim? Bu oğlaq da uşağındır. Onu canından artıq sevir.
Əkbər. Məndən kimə şikayət edirsən? O da xanın qapısında nökərdir.
Eloğlu. Xanın nökəri sənin kimi namussuzlardır. Mən xalqımın nökəriyəm. Bura ver oğlağı!
Bərk çəkir, oğlağı oğlana tərəf atır. Oğlan oğlağı götürüb qaçır.
Əkbər. A yetim, indi o qədər böyüdün ki, əlimdən oğlaq alırsan?
Eloğlu. Canını da alaram! Camaata dolaşma!
Əkbər (ona hücum edir). Sərçə kimi boğazını üzüb ataram.
Eloğlu. Al, alçaq (Bir sillə vurur. Əkbər dərəyə yıxılır) Sənin kimi xainlərin cəzası budur.
Zəhra. Başına dönüm, ay oğul! Sən neylədin? Öldümü?
Eloğlu. Atası da yandı.
Zəhra (heyrətlə). Dağ kimi kişi bir yumruqla yerə yıxıldı. Səni doğan anaya qurban olum! Nə qeyrətli, güclü oğlansan! Xan bilsə, işimiz nə olar?
Eloğlu. Qorxma, heç bir şey olmaz!
Zəhra. Nə bilim. Başına dönüm, ay oğul! Uşaq olsan da, görürəm igidsən, pəhlivansan. Ancaq gedib xana xəbər versə, bizim lap axırımıza çıxar.
Eloğlu. Xala can! Otur yanımda! Qorxma, bundan sonra sənə heç kəs əl uzada bilməz!
Oğlan (keçisi ilə gəlir. İpindən tutub, oynada-oynada oxuyur):
Keçim, keçim, şən keçim,
Atlanıb düşən keçim.
Böyü, oğlaq doğ bizə,
Südündən ver mən içim.
Eloğlu. Sağ ol, sağ ol! Bu sözləri kimdən öyrənmisən.
Oğlan. Heç kimdən, özüm qoşmuşam.
Eloğlu. Afərin, yaxşı qoşmusan.
Zəhra. Bax, sən də bunun kimi qoçaq ol. Dadına çatmasaydı, oğlaq getmişdi.
Oğlan. Hə, getmişdi, heç verərdimmi?
Zəhra. Neylərdin? Gücün çatmazdı.
Oğlan. Sən də mənə kömək etsəydin, gücüm çatardı.
Atakişi (gəlir). Xoş gördük, oğul!
Zəhra. Ayaqlarına qurban olum, nə yaxşı ki, dadıma çatdı. Yoxsa uşağın oğlağını xana toy payı aparırdılar.
Atakişi. Kim?
Zəhra. O ilan vurmuş Əkbər. Bu oğlan dadımıza çatdı. Uşağın keçisini alıb özünə verdi.
Atakişi. Bəs Əkbər nə oldu?
Zəhra. Dinmə, heç kim bilməsin. Bu oğlan onu bircə yumruq ilə vurub dərəyə saldı. Başına dönüm, meyidi buradan uzaqlaşdırın. Xan bilsə, ətimizi şişə çəkər.
Atakişi. Qorxma heç bir şey olmaz! Bu mərd oğul səni saxlar.
Zəhra. Allah köməyi olsun, sən onu hardan tanıyırsan?
Atakişi. Necə hardan tanıyırsan. Onu eldə tanımayan adam yoxdur.
Eloğlu. Hələ bir qulaq asın görün bu tütək nə deyir (tütəyi çalır):
Sən ey məni çalan oğlan!
Ey igid, qəhrəman oğlan!
Bu səs elin gur səsidir,
Dağlar yıxan qüvvəsidir.
Durma, xalqın gücünü al!
Get düşməndən özünü al!
Qoru bu əziz ölkəni,
Qoru xalqı, həm vətənini!
Zəhra. Ay oğlan! Bu nə qəribə tütəkdir. İnsan kimi danışır. Bu kimin səsidir?
Atakişi. Bu sözlər kimindir?
Eloğlu. Bu tütək bizi Rüstəm xan il vuruşa çağırır. Xanın axır günləri gəlib çatmışdır.
Zəhra. Dilinə qurban olum! O günləri görəcəyikmi.
Eloğlu. Görəcəyik, xala, görəcəyik!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-eloglu-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Getdi qışın ayazı,Parladı ilin yazı.
Canlı Dərbənd çiçəyiDərbəndin gül bağından dərdim qönçə bir çiçək,Rəngi, ətri, görkəmi biri-birindən göyçək.
TəbrizMən çoxdan həsrətəm vüsalə, Təbriz.O ceyran baxışlı cəmalə, Təbriz.
Yeni ailələrəHər oğlan ki evlənir, hər qız ki gedir ərə,Xoşbəxtlik istəyirsə, bunu alsın nəzərə:
Başqa şairlərin şeirləri
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Bilməm, nə oldu, qoydu məni, getdi dilbərimBilməm, nə oldu, qoydu məni, getdi dilbərim,Ağlar göz ilə aşiqi tərk etdi dilbərim.
Qəzəl: Ançe ma rəncə kəşidimآنچه ما رنجه کشیدیم عبث بود عبثدر ره عشق دویدیم عبث بود عبث
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,