Səhifə 2 / 2 · 50%

Atakişi. Oğlum, bizi bu qəribə işlərdən agah et! Hələ bu tütəyi sənə kim verdi?

Eloğlu. Bax, bu çuxurda bitmiş qamışdan kəsib qayırdım. Çalmaq istərkən böyük anam xeyir-dua verdi, tütək dilə gəldi.

Atakişi. Böyük anan kimdir?

Eloğlu. Bu ucsuz-bucaqsız Vətənim! O mənə gözəl bir qadın simasında göründü. – Oğul, tütəyi çal, – dedi. Mən çaldım. Əlimi əllərinin içinə alıb dedi: – Oğlum, sənə verdiyim bu ağac. (Ağacı göstərir) xalqın biliyidir. Bu tütək isə xalqın səsi, xalqın sarsılmaz qüvvətidir. Bununla xalqını, Vətənini düşməndən qoruyacaqsan.

Atakişi. Doğ ey günəş, çəkil ey duman! Demək bəxtiyarlıq günlərimiz yaxınlaşır.

Eloğlu. Yaxınlaşır, əmi, yaxınlaşır!

Zəhra. Nə bilim, ay bala, görəsən o günü görəcəyikmi?

Atakişi (Eloğlunu qucaqlayıb bir az ona heyrətlə baxdıqdan sonra). Eloğlu, sən ki, bizi bu qədər sevindirdin, mən də səni sevindirmək istəyirəm. İndi səni işdən agah etmək olar.

Eloğlu. Necə, əmi, nə var ki?

Atakişi. Atandan xəbərin varmı?

Eloğlu. Bu nə sözdür? Atamın ölüsünü həyətdən sən özün götürüb aparmadınmı?

Atakişi. Doğrudur, mən apardım. Mən nə üçün apardım, bilirsənmi? Kişinin ölüsünü sallaqxana köpəklərinin əlindən almaq, onu bir insan kimi basdırmaq üçün.

Eloğlu. Əmican, tez söylə, sən sözlü adama oxşayırsan!

Atakişi. Ölünü min bir fənd ilə onların əlindən aldım. Dalımda oradan birbaş bura gətirdim. (Əli ilə Zəhranın evini göstərir)

Zəhra. Vay, bu oğlan yoxsa o kişinin oğludur?

Atakişi. Dayan!

Eloğlu. Hə, hə, söylə, sonra?

Atakişi. Onu dəfn etmək istərkən, birdən gözüm cənazəyə sataşdı. Kişinin əli tərpənirdi.

Eloğlu. Tərpənirdi? Bəs sonra?

Zəhra. Ay bala, biz onun üstündə nə zəhmətlər çəkdik. Halal xoşun olsun.

Atakişi. Sonra kişi yavaş-yavaş özünə gəldi.

Eloğlu. Demək atam sağdır. Bəs hanı o?!

Zəhra. Oğlum, tez təpitmə qayırdım. Canına çəkdim. Kişi gözlərini açdı. Bir mənə baxdı, bir də Atakişiyə, o bizi yaxşı tanımadı.

Atakişi. Yavaşca üç dəfə: – Eloğlu! – deyə səsləndi.

Eloğlu. Yazıq atam! Sonra?

Atakişi. Bir həftə ona bu evdə müalicə etdik. Yazığın bədəni tuluğ kimi idi.

Eloğlu. Ah, yazıq atam! Sonra? De görüm sağdırmı?

Atakişi. Arxayın ol, lap dəmir kimidir.

Eloğlu. Nə böyük bəxtiyarlıq! Əmi can, səni min yaşa! Durma, məni atamın yanına apar!

Atakişi. Sən onu hələ görə bilməyəcəksən.

Eloğlu. Nə üçün?

Atakişi. Çünki o indi burda deyil, onu çobanlarla dağa göndərdim.

Eloğlu (qolları yanına düşür). Dağa göndərdin?

Zəhra. Xanın qorxusundan qaçırtdıq, oğlum.

Eloğlu. Bəs mən onu nə zaman görəcəyəm?

Atakişi. Elin azadlıq bayramında.

Eloğlu. Demək, azad könlümüzün çalxalandığı, coşğun sevinc ilə dalğalandığı gündə. Buna razıyam. (Atakişinin əlini tutur)

Atakişi. Doğ ey günəş, çəkil ey duman!

Əlləri ilə dumanlara işarə edir. Qəhrəman ilə
Balağoğlan gəlir.

Balaoğlan. Eloğlu, yoxsa sən də zəlzələdən qaçmısan?

Eloğlu. Yox, mən qaçmamışam, sizə çörək gətirmişəm. Qaçan Səməndərdir.

Balaoğlan. Səməndər? O niyə qaçdı?

Eloğlu. Xanın qorxusundan, Balaoğlanı tapmasan, səni sağ qoymayacağam, deyirdi.

Balaoğlan. Səndə yaxşı xəbərlər var. Bəs Telli nə oldu?

Eloğlu. Nə olacaq, baş-gözünə vurub ağlayır.

Balaoğlan. Atdan nə xəbər?

Eloğlu. At öldü, xan yas içindədir.

Qəhrəman. Heç yasdan çıxmasın.

Balaoğlan. Bircə Səməndərdən danış! Mən qaçandan sonra nə oldu?

Eloğlu. Sən ki yuxarıdan şappıltı ilə düşdün başıma, mən tez palazı onun üstünə çəkib çığırdım: Vay, zəlzələ oldu, vay zəlzələ oldu!.. O, qorxudan dovşan kimi qısılıb qaldı. Sən qaçdın. Hərif ufuldaya-ufuldaya palazın altından çıxdı. İki əli ilə belini tutub, acıqlı-acıqlı üzümə baxdı: – Adə, yetim de görüm zənbilin içinə qoyduğun daş idi, nə idi? Belimi sındırdın. Mən ona dedim: daş nədir paltarımı qoymuşdum. O bir də üzümə acıqlı baxıb: – Yaxşı hayıf aldın, yetim, səninlə sonra görüşərik. Bunu deyib baş götürdü, qaçdı. Telli arxasınca ha qışqırdı, ha bağırdı, cavab vermədi.

Qəhrəman. Demək Səməndər də belə getdi. Sən bunun boyuna bax, tutduğu işlərə bax! Bu tədbirlər sənin ağlına hardan gəldi?

Eloğlu. Ehtiyac insana hər şeyi öyrədər.

Qəhrəman. Hovuzun içində başına qabaq keçirib gizlətmək kimin ağlına gələr? Balaoğlan bizə söylədikcə, gülməkdən qarnımız ağrayıb.

Atakişi. Hələ yavaşın, Eloğlunun hünərlərini bundan sonra görəcəksiniz.

Uzaqda itlər hürüşür, bir pələng çobanlara tərəf gəlir. Qəhrəman,
Balaoğlan həyəcan içində.

Balaoğlan. Pələng birbaş üstümüzə gəlir.

Qəhrəman. Tez, tez çomaqları götürün!

Balaoğlan. Hamımız birdən hücum edək!

Eloğlu. Dayanın, nənəm bu işləri mənə tapşırıb, özüm ona cəza verəcəyəm. Siz çəkilin!

Qəhrəman. Yox! Eloğlu, bu zəlzələ oyunu deyil, əlindən gəlsin. Çəkil, o səni parçalar.

Eloğlu. Arxayın olun, o mənim qabağımda diz çöküb pişik kimi miyoldayacaq.

Balaoğlan. Oho, səndə bu hünər də var?

Eloğlu. Var, var. Siz geri durun, gəlir. (Pələng hücum edir.

Eloğlu əlindəki ağacı ona vurur) Yapış!

Pələng yerə yapışır və çapalamağa başlayır.

Balaoğlan. Afərin, Eloğlu. Sən bu heyvana nə etdin?

Eloğlu. Xalqın biliyi ilə onu yerə yapışdırdım.

Balaoğlan. Necə yapışdırdın? Bu ki lap hikmətdir?

Atakişi. Buna Eloğlu deyərlər!

Eloğlu. Bax, bu ağacı mənə nənəm bağışlayıb. O dedi ki: xalqın biliyidir, yaxşı saxla, bununla Vətəni, xalqı qoru!

Atakişi. Sən bu ağac ilə dağı dağa yapışdırarsan.

Qəhrəman. Eloğlu, sənin bu işlərin bizə böyük müjdə verdi. Rüstəm xanın pəncəsindən qurtarmaq üçün bu ağac bizə çox kömək edər.

Balaoğlan. Pələngə bax, qurtulmaq üçün gör necə yalvarır!

Qəhrəman. Özündən qüvvətliyə rast gəldiyi üçün təslim olmaq istəyir.

Eloğlu. Siz çəkilin! Onu azad edəcəyəm. O bizə daha toxunmaz! (Pələngə yanaşır və ağac ilə vurur)Açıl!

Pələng ayağa qalxır, pişik kimi Eloğlunun ayaqlarına yalmanır. Eloğlu onun başını
oxşayıb. Pələng qorxa-qorxa çəkilib gedir.

Balaoğlan. Sən bir bunun boyuna bax, gördüyü işlərə, göstərdiyi hünərə bax!

Qəhrəman. Onda aslan ürəyi var, aslan.

Atakişi. Aslan nədir, onda xalqın polad kimi sarsılmaz gücü, qəlbi var. Eloğlu, tütəyi çal görək!

Eloğlu (tütəyi çalır):

Sən ey məni çalan oğlan,

Ey igid, qəhrəman oğlan,

Bu səs elin gur səsidir,

Dağlar yıxan qüvvəsidir.

Durma, xalqın gücünü al!

Get, düşməndən öcünü al,

Qoru bu əziz ölkəni,

Qoru xalqı, həm Vətəni!

Bu sözləri dağlardan gələn əks-səda təkrar edir. Hamı heyrət
içində o səsi dinlərkən

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri