Səhnə vəzirin sarayını təsvir edir. Sağda ikimərtəbəli evin eyvanı. Solda qırx
pilləkən. Pilləkən başında bir otaq. Yaz fəsli. Həyət güllük, çiçəklikdir.

Gövh ər

Qalx, Fitnə, Afətlə bəzənin bir az;

Bu günü sadəcə keçirmək olmaz!

Fitnə

Qonaqmı gələcək?

Afət

Bir söylə, nə var?

Gövhər

(Fitnəyə)
Səninçin görülür bu hazırlıqlar.
Bu gün ən şərəfli bir gündür bizə;
Bu gündə toy-bayram girmiş evmizə.

Fitnə

(utanaraq)
Anladım, anladım, hörmətli ana,
Vurğunam səndəki o pak vicdana.
Bu evə gələni demək, ana can,
İki il tamamdır, iki il, inan,
Borcluyam vəzirə, sənə, Afətə,
Mənə qarşı olan bu məhəbbətə!

Gövhər
Bu nə sözdür, ay qız!

Afət

Bu nədir, Fitnə?
Bu evdə biz ki, yad deyilik sənə.

Gövhər
Sən iki gözümsən.

Afət

Canımsan mənim.

Gövhər
Ey iki bülbülüm, gülüm, gülşənim.
Bəzənmək, geyinmək, keçinmək gərək! Bayramdır, atan da indi gələcək.

Fitnə
Bəs mənim inəyim? O gözəl Mərcan? Mən bura gələn gün doğmuş, anadan. O körpə buzovla keçdi günlərim;
Onunla şən idi axşam, səhərim.
Onu qucağımda qırx pilləkandan
Qaldıra-qaldıra oldum pəhləvan.

Qulam
Uğur olsun, xanım!

Gövhər

Xeyir olsun, Qulam?

Qulam
Bu gün süfrənizdə qonaqdır Bəhram,

Gövhər
Mən bu gəlişdən çox xovf edirəm, ah!..

Qulam
Başqa bir məqsədlə gəlir Bəhram şah. Bəhramı bir ceyran yamanca yordu.
Nəhayət bir keçid başında durdu,
Bir qədər dincəlmək istədi Bəhram.
– Evimiz yaxındır, – deyincə ağam,
Padşah gəlməyə riza göstərdi.

Gövhər
Neçin təklif edir, bilmirmi dərdi?

Qulam
Sarayı çox tərif etmişlər ona,
Evini görməyə gəlir, o, ana!

Gövhər
Yaxşı, get, ürəyim çırpınır, qızlar!

Afət
Qoy gəlsin, qorxacaq nə işimiz var!

Fitnə
Biz aydan arıyıq, çeşmədən duru.

Gövhər
Ayıq ol, Bəhramdan özünü qoru!
Bu şahlar bənzəyir bir yanar dağa,
Kim yaxın gələrsə, dönər torpağa.
Vaxt keçir, bəzənin, dur, qızım, Fitnə!

Fitnə atlazdan tikilmiş böyük bir xələti götürüb baxır.

Afət
Nə gözəl atlazdır, a bacım, bu nə?

Fitnə
Afət, iki yaşı tamamdır, deyə
Xələtdir, tikmişəm Mərcan inəyə.
Gəl, bacım, gəl, Afət, bərabər gedək! Mərcan inəyimlə bir az əylənək.

Afət
Gəl gedək, bu gün də, qadın pəhləvan, Qaldır o inəyi qırx pilləkandan

Gövhər
İnsanın başına, ah, nələr gəlir!
Yadıma düşdükcə qəlbimi dəlir.
Rəhmə gəlməsəydi o zaman atan,
Fitnədən qalmazdı bu gün bir nişan.

Eyvanı bəzəyirlər, qoca əlində bir dəstə gül daxil olur

Qoca
Uğur olsun, qızım, hardadır, Fitnə?

Gövhər dəstə gülü qocanın əlindən alır.

Gövhər
Fitnəyə gətirdin bunu, ya mənə?

Qoca
Ananı qızından kim ayıra bilər?

Gövh ər
Baba can, qəlbimi dəlir bir nəştər.

Qoca
Xeyir olsun!

Gövh ər
Könlümə yatmır toy-bayram,
Bu gün süfrəmizə qonaqdır Bəhram.

Bəxtiyar daxil olur. Bu xəbəri eşidib həyəcanlanır

Bəxtiyar
Nə deyirsən, ana?! Hardadır Fitnə? Qəlbimdə həyəcan başlanır yenə.

Qoca
Nə fikirlə gəlir sarayımıza?
Qorxuram ki, ziyan yetirsin qıza.

Gövhər
Məni çox qorxudur bu işin sonu.

Bəxtiyar
Hardadır? Saraydan qaçırım onu.

Gövhər
Bu gün iki yaşı tamamdır deyə
Getdi baş çəkməyə Mərcan inəyə.

Bəxtiyar.

(həyəcanlı)
Yox, onu burdan qaçırım gərək!

Gövhər
Özüylə get danış, nə deyir, görək.

Getmək istərkən, birdən qocanı görüb, onun əlindən tutur.

Bəxtiyar
Bağışla, bağışla məni, baba can,
Sizinlə görüşmək çıxdı yadımdan.

Bəxtiyar, Qoca və Gövhər bərabər çıxır. Bir az sonra Fitnə ilə
Bəxtiyar daxil olur.

Bəxtiyar
Bir söz deyəcəkdim birlikdə sənə, Görüncə unutdum, ah, gözəl Fitnə!

Fitnə
Haçandan getmisən, hardaydın ağa?!

Bəxtiyar
Getmişdim Fitnəyə üzük almağa.
Sevgilim, qəlbimə sığmayır qürur, Bizə bu şən gündə nişan qoyulur;
Bununla bağlanır iki gənc ürək.

Fitnə

Bəxtiyar hələ də uşaqsan, gərçək. Biz çoxdan bağlıyıq bir-birimizə.
Nə gərək bu qızıl halqalar bizə?
Bizi bağlamışdır bu incəsənət.

Bəxtiyar
Nə böyük olurmuş təmiz məhəbbət! Ah, Fitnə!..

Fitnə
Nə üçün susdun, Bəxtiyar.

Bəxtiyar
Heç, gözüm işığı.

Fitnə

Səndə bir sirr var, Tez söylə!

Bəxtiyar
Deyəcək sözüm olsa da,
Başıma min çeşid fikir dolsa da,
Ah, görüncə səni çıxır yadımdan.

Fitnə
Qəlbində sirr yatır, gizlətmə, şeytan!

Gövhər

(daxil olur)
Xoş gördük sizi, şux göyərçinlərim!
İşıqlı baharım, aydın səhərim!
Bu gün ən sevimli bir gündür sizə.
Xeyir ilahəsi yar olsun bizə!

Hər ikisini öpür.

Qulam

(daxil olur)
Gəlirlər, gəlirlər, qoy xanım Fitnə
Dişarı çıxmasın, girsin evinə.

Bəxtiyar
Of, ana, Fitnəni görərsə Bəhram,
Bizə matəm olar, bu toy, bu bayram.

(Fitnəyə)
Deyəcək sözüm, bax, bu imiş, aman!
Fürsətkən, sevgilim, gəl qaçaq burdan!

Fitnə
Yox, belə fürsəti qaçırmaq olmaz!

Bəxtiyar
Gəl gedək, yubanma, ah, düşün bir az!..

Fitnə
Bəxtiyar, səndən var böyük bir ricam, Biz də Bəhram şahdan alaq intiqam!
Bu haqda tökmüşəm gözəl bir tədbir, Sevgilim, mənimlə sən də ol əlbir!

Danışa-danışa çıxırlar. Bəhram, vəzir və Qulam daxil olur.

Vəzir
Buyurun, padişah, şənlənsin ocaq;
Bu gəliş bizimçin bayram olacaq.

Bəhram diqqətlə imarətə baxır.

Bəhram
Mərhəba, çox gözəl imarətin var.

Vəzir
Peşkeşdir sizə, ey böyük tacidar!

Bəhram
Görünür, çox incə bir zövq var səndə. Tikilmiş bu bina gözəl çəməndə.

(Eyvana çıxır, oradan sarayı diqqətlə süzür)

Bu uzun pilləkən haraya gedir.

Vəzir
Qızımın evinə.

Bəhram
Neçə pillədir?

Vəzir
Qırx pillə, padişah!

Bəhram
Qırx pillə? Heyrət!
Çıxanda, enəndə olmurmu zəhmət?

Vəzir
Padişah, zəhmətli olsa da bu iş,
Fitnə qız demişkən, etmişik vərdiş.

Bəhram
Of, yenə səbrimi əlimdən aldın,
O gözəl Fitnəni yadıma saldın.

Qoca ilə Əyyar üz-üzə gəlirlər. Hər ikisi bir-birini görüncə qaçır. Əyyar
birdən dayanıb düşünür.

Əyyar
Mən ona borcluyam, yoxsa o mənə?
Ey, dayan, qaçma, dur! Sözüm var sənə. Borcunu gəl apar.

Qoca

(sevincək)

Borcumu? Əyyar!
Görünür ki, səndə bir az insaf var!

Əyyar
Nə qədər borcluyam?

Qoca
Əlli üç dirhəm.

Əyyar
Otuz bir dirhəmi o gün vermişəm.
Sonra iyirmi bir... Söylə nə qalır?

Qoca
Məni, bax, bu əyyar yenə aldadır.

Əyyar
Neçin aldadıram? Nə sözdür axmaq!
Mən sənə bir dirhəm borcluyam ancaq!

Qoca
Yenə də verirsən boş söz, boş hava.

Əyyar
Haqqını verirəm, nə gərək dava?!
Verdiyim boş sözə on dirhəm qiymət
Qoymuşdum. Ondan da bir çıxsaq, əlbət Doqquz dirhəm qalır, tez ver pulumu!

(Qoca getmək istəyir)

Qoymaram gedəsən!

Qoca

Kəsmə yolumu! Belə bir haqq-hesab sığmaz kitaba.

Əyyar
Yenə də sözün var bu düz hesaba;
O doqquz dirhəmi alaram səndən!

Qoca
Bu nədir, borcluya borclu çıxdım mən?

Fitnə gözəl səsi ilə oxuyur. Bəxtiyar çalır. Bəhram heyrətlə dinləyir.

Fitnə

Yenə gözəl yaz gəlir,

Durna gəlir, qaz gəlir,

Çəmənlərə, çöllərə

Söhbət gəlir, saz gəlir.

Quşların şən nəğməsi

Verir bayram nəşəsi;

Dostumun incə səsi

Qulağıma az gəlir.

Bəhram

(həyəcanla)
Kimdir bu oxuyan? Nədir bu nəfəs? Fitnənin səsinə bənzəyir bu səs.

Vəzir
Qızımdır, padişah.

Bəhram
Heyrətli bir iş!

Vəzir
Fitnənin səsinə vərdiş eyləmiş.

Bəhram
Onu hey andıqca hər axşam, səhər
Qəlbimin başına saplanır xəncər.
Bu gün iki ildir o gözəl mələk
Torpaqlar altında çürüyür, demək...

Vəzir
Qəzəbin tutmasın mənə, padişah!
Əmrindən çıxmağı sandım bir günah.

Bəhram
O idi məclislər yar-yaraşığı,
O idi sarayın parlaq çırağı.

Fitnə pilləkənlərdən inəyi qolları üzərində yuxarı aparır. Bəhram
ona diqqətlə baxır.

Bəhram
Vəzir, kimdir bu qız, bu dişi aslan? Böyük bir inəyi qırx pilləkandan
Qaldırır yuxarı.

Vəzir

Qızımdır.

Bəhram

Heyrət! Bir qızda olarmı bu hünər qüvvət?
O necə qaldırır?

Vəzir

Çağırın onu;
Özündən soruşun siz bu oyunu.

Bəhram
Çağırın!

Vəzir

(Qulama)

Durma, get, çağır o qızı!

Bəhram
Başqa cür görürəm sarayınızı;
O mənə görünür əfsanə kimi,
Sirlərlə dolu bir kaşanə kimi.

Vəzir
Yaxşı da, yaman da olsa, hökmdar,
Öz mətbəxinizdir

Bəhram

Burda hikmət var.

Ağıllı, sınaqlı kişilər ancaq

Bacarır bəxtiyar ailə qurmaq.

Qoca daxil olur.

Qoca

(Baş əyir)

Uğurlar, padişah!

Bəhram

Ay!.. Qoca, nə var?

Nə üçün gəlmisən?

Qoca

Uca tacidar!

Vəzirin evində xidmət edirəm,

Odur ki, arabir gəlib-gedirəm.

Bəhram

Əyyarın borcunu verdin?

Qoca

Hökmdar, o mənə borcludur.

Bəhram

Bax, gəlir əyyar.

Onlar bir-birini görüncə yenə qaçıb gizlənmək istəyirlər.

Vəzir

Dayanın, kim kimə borcludur, görək.

Əyyar

O mənə borcludur!

Qoca

Yalan nə gərək!

Əyyar
Sən mənə borclusan!

Qoca

Yox, sən borclusan!

Bir-birinin yaxasından yapışırlar.

Əyyar
Pulumu ver mənim!

Bəhram
Dayan, bir dayan!
Bu dava qoy qalsın hələ sonraya!

Qoca
Borc verdim ki, borclu çıxım borcluya?

Vəzir
Günümüz xoş keçməz Əyyar olmasa.

Bəhram
Hardaydın, günəşdən qaçan yarasa?!

Əyyar
Şah, indi göylərə yol açmışam mən,
Hər yana istəsəm uçuram.

Vəzir

Əhsən!

Bəhram
Yoxsa göylərdə də borcluların var?

Vəzir
Bu xəsis kişidən nə desən, çıxar.

Qoca
De görüm, göylərə sən yol açanda,
Qat-qat fəzaları yarıb uçanda
Üzünə dəydimi yumşacıq bir şey?

Əyyar
Nə bildin? Əllamə qocasan, hey, hey!.. Üzümə toxunda bir şey... doğrudur.

Qoca
Bizim boz eşşəyin, o, quyruğudur.

Hamı gülür

Vəzir
Əyyarı yamanca tələyə saldı!

Bəhram
Bu qoca, gözümdə yaman ucaldı.
Ey əyyar, demək, sən borclusan buna! Pulu ver, baxma çox oyan-buyana!

Qoca
Qoymaram qaçmağa!..

Əyyar

Qaçmaram, dayan!

Bəhram
Qocanın pulunu ver!

Vəzir

Bizdən utan!

Bəhram
Tez ol, ver pulunu, bu hiylə nədir?

Əyyar
Çox yaxşı, bu işdə tökmüşəm tədbir. Bağda hər meyvədən şitil əkərəm,
Dörd-beş il becərib zəhmət çəkərəm, Şitillər böyüyər, bağım bağ olar,
Meyvələr yetişər, kefim çağ olar,
Elə ki, budaqlar başını əyər,
Nar, heyva, şaftalı, gavalı dəyər,
Fərəhlə girərəm əkdiyim bağa,
Meyvələr ki, dəyib düşər torpağa,
Hər gün mən səbətə yığaram onu,
Sataram, verərəm cəmi borcunu.

(Qoca acı-acı gülür)

Nə gülür, borcunu verirəm, deyə.

Qoca
Borcumu alaram mən döyə-döyə.

QulamFitnəni gətirir

Qulam
Gətirdim, tacidar!

Fitnə

Salam, padişah!

(baş əyir)

Əmriniz?

Bəhram

Bu işdən et məni agah!
O böyük inəyi qırx pilləkandan
Necə qaldırırsan, ey dişi aslan?

Fitnə
Şah, onu anadan olduğu gündən
Bir körpə buzovkən, sevə-sevə mən Hər gündə bir kərə, heç yorulmadan Əlimdə çıxartdım qırx pilləkandan. Getdikcə bu işə elədim vərdiş.

Bəhram
Vərdiş hər hünərin açarı imiş!
Ah, Fitnə, sözünə indi verdim haq, Neyləyim ki, səni çürütdü torpaq!..

(iki əli ilə başını tutur)

Elə sənətkara necə qıydım, ah!

Vəzir
Nə verərsən mənə, adil padişah,
Qaytarım sənə o gözəl Fitnəni?

Bəhram
Hər nemətdən qəni edərəm səni! Hanı o?

Vəzir

Bax, budur o Fitnə şeytan.

Fitnə birdən üzündən rübəndi açır. Bəhram heyrət və diqqətlə ona baxır, yenə
rübəndlə üzünü örtmək istəyir. Bəhram onun əllərindən tutur.

Bəhram
Ey bülbül nəfəsli dişi pəhləvan!
Sən isbat elədin: hər sənət, hünər Daima vərdişlə inkişaf edər.

Vəzir
Bu günkü şənliyə Fitnədir bais,
İzin ver naminə qurulsun məclis! Bu səs aşiqini çağırım gəlsin;
Fitnənin bir az da səsi yüksəlsin!

Bəhram
Çağırın! Getdikcə açılır əsrar.

Qoca Bəxtiyarı çağırmağa gedir.

Vəzir
Bu gün nişan taxır Fitnə, Bəxtiyar.

Bəhram

(yarışən halda)
Çox gözəl, çox gözəl!

Bəxtiyar

(gəlir)

Uğurlar olsun! Qəlbiniz hər zaman fərəhlə dolsun.

Bəhram
Ey damad, otur, çal, oxusun Fitnə, Çoxdandır həsrətəm gözəl səsinə.

Fitnə

(oxuyur)
Bəzəkli gəlindir yenə hər ağac;
Dərələr, çəmənlər, çöllər al-əlvan.
Yaşıl don geyinmiş çaylar, dağ, yamac; Bir şənlik məclisi qurmuş hər orman. Min rəngə boyanmış hər budaq, hər gül Həyata vermədə yaraşıq, ziynət
Hər yana baxdıqca açılır könül,
İnsana can verir gözəl təbiət.

Bəhram
Ey bülbül nəfəsli dişi pəhləvan,
Sənin hər işinə olmuşam heyran.
Sən isbat elədin; hər sənət, hünər
Daima vərdişlə inkişaf edər!
O incə səsində açıldı könül.

Qoca
Canlı gül başına, səpir qızıl gül!

Bəhram
Min yaşa, min yaşa, gözəl sənətkar!

Vəzir
Taleyin yar olsun, yaşa bəxtiyar!
Qoşa həyatınız bir gülşən olsun.

Bəxtiyar

(Çiçəkləri Fitnəyə verir)
Bu dəstə gül kimi könlün şən olsun.

Fitnənin başına çiçək səpirlər. Musiqi...

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri