Səhifə 1 / 2

Meşəliyin ortasında bir tala. Səhnənin sol tərəfindən bir çay axır. Çayın yanında böyük
bir çinar ağacı. Bəhram təpə başında durub ov gözləyir. Əyyar da əlində ağacdan
qayrılmış kamana ox qoyub atır. Ətrafdan səs-küy qalxır. Ceyranlar Bəhrama tərəf qaçışır.
Atların ayaq səsləri gəlir. Şeypur çalınır.

Vəzir
Hər yerdə sürüylə otlayır Ceyran.

Bəhram
Gözəl bir şikarla dönərəm burdan.

Əyyar
Sən vura bilməsən, mən vuraram, mən!

Vəzir
Çox igid ovçusan, mərhəba, əhsən!

Əyyar kiçik çubuqları kamana qoyub tez-tez atır.

Əyyar
Padşah, gəl məndən öyrən atmağı,
Şikarda ceyranı şirə qatmağı.
Bir oxum üç ceyran, beş dovşan vurur, Hünərim bir bax gör, nə büsat qurur!

Bəhram
Görürəm, ovçusan, məharətin var.
Dovşan tək hünərin, cəsarətin var.

Vəzir
O yandan bir sürü ceyran gəlir, vur!

Bəhram oxu kamana qoyub tez-tez atır.

Qoçaqlıq, igidlik, hünər, bax budur!

Bəhram

Oxumun biri də çıxmadı boşa.

Vəzir
Yaşa, padşahim, yaşa, min yaşa!

Əyyar
Mənim də bir oxum çıxmayır boşa, Torpağa sərirəm bax, qoşa-qoşa.

Vəzir
Ceyranlar meşəyə doğru qaçdılar.

Bəhram
Ov mənim əlimdən canmı qurtarar?!

Bəhram əlində kaman meşəyə tərəf gedir. Əyyar onun arxasınca gedərkən Bəhramı
nişan alır. Bəhram çevrilib arxaya baxır.

Əyyar
Nə yaxşı çevrildin, batmışdım yasa, Qabana bənzədib vurmuşdum yoxsa.

Qoca görünür. Əyyarı görüncə sevinir.

Qoca
Əyyarı tapmışam mən, qənimətdir Borcumu almağa gözəl fürsətdir.

Qoca vəzirə yanaşır. Əyyar onu görüncə ağac arxasına keçir.

Qoca

Vəzir həzrətləri, şikayətim var.

Vəzir
Nə deyirsən, qoca?!

Qoca
Sizin bu Əyyar
Bir aya, əlli üç dirhəm borc almış, Bir ildir bu günə-sabaha salmış,
Borcunu verməyir.

Vəzir
Bura gəl, Əyyar

Əyyar
Ey qoca, nə qədər sənə borcum var?

Qoca.
Əlli üç dirhəmdir.

Əyyar
Otuz bir dirhəm
Sənin bu borcundan sabah verərəm.
İyirmi bir dirhəm də birisi gün, gəl,
Borcunu verim ki, yaxamdan çək əl.
Nə qalır borcumuz?

Qoca
Bir dirhəm ancaq.

Əyyar
Bəs onu mən necə verim? Mənə bax! Qəm çəkmə, ona da tökmüşəm tədbir: Küçəmizdən sürü qoyunlar keçir;
Yollara tikanlı kol-kos yığmışam,
Qoyunlar keçirkən hər səhər, axşam
Tikanlar üstündə qalacaq yunu.
Hər gün çəngə ilə yığaram onu,
Bazarda sataram, verrəm borcunu.

(Qoca gülür)

Borcunu vermişəm, deyə şənlənir,
Bax, necə sevinir, gülür, əylənir!

Vəzir
Borcunu aldın ki, durma, get daha!

Qoca
Nə aldım, ey vəzir, boş söz, boş hava...

Əyyar
Söz, hava, vermişəm!

Qoca
Bura bax, Əyyar!

Əyyar
Verdiyim boş sözü, havanı qaytar!
Yoxsa, on dirhəm də alaram səndən.

Qoca
Görünür, borcluya borclu çıxdım mən.

(Qaçıb getmək istərkən)

Əyyar
Ey qoca, haraya? On dirhəmi ver!

Qoca
Qoy gedim gətirim.

Əyyar
Bax, yalan deyir.

Qocanın dalınca gedir. Bəxtiyar əlində tar görünür. Ətrafı diqqətlə süzür,
əlindəki tara baxır.

Bəxtiyar
Könlümün getdikcə sönür həvəsi,
Eşidə bilmirəm o gözəl səsi.
Mizrabım dəydikcə hər dəfə telə
Səsi az qalır ki, bağrımı dələ.
İlhamım qurumuş, çala bilmirəm.
Sənətə, qüvvətə dola bilmirəm.
Fitnənin səsinə qalmışam həsrət,
Bəhram şah nə yerdə keçirsə işrət,
Xoş səsli bülbülüm oxuyur mənsiz;
O səsdir mənə bu canımdan əziz!
Deyirlər, şikarə çıxmışdır Bəhram.

Of, aman, ürəyim tutmayır aram!

Fitnənin səsin eşitsəm bir də.

Şəfadır qəlbimdə sızlayan dərdə.

Gələn var... Onlardır... Ah, gözəl Fitnə!

Vurğunam özünə, gözəl səsinə!

Bəxtiyar uzaqlaşır, ağaclar arxasında gizlənir. Bəhram, vəzir və
Fitnə gəlir, axar çayın yanındakı iri çinar ağacı yanında dururlar.
Bəhram ətrafa baxır.

Bəhram
Nə gözəl çəməndir, açıldı könül,
Mənə bu çiçəklər deyir: – Açıl, gül!
Kədərə, qüssəyə yol vermə, Bəhram!
Bu qoca dövrandan doyunca al kam.

Vəzir
Üç şey var, könüldən kədəri silər:
Axar su, gözəl səs, yaşıl çəmənlər
Hər üçü toplanmış şahim, bu yerdə.

Bəhram
İnsana nəşəli gəlir kədər də;
Quşlar da bu yerdə gəlmiş həvəsə,
Yarpaqlar içində vermiş səs-səsə.
Susdur bu quşları, dayanma, Fitnə!
Oxu, bu yarpaqlar əl çalsın sənə!

Fitnə oxuyur. Bəxtiyar uzaqdan tarın simlərini dilləndirir.

Fitnə

Oxu, Bülbülüm, oxu!

Yazdır, səhər çağıdır,

Oxu, sənin xoş səsin

Şənliklər qaynağıdır.

Bəhram

(tar səsini eşidərək)

Nə səsdir? Dinləyin! Kimdir bu çalan?

Vəzir, tez get öyrən!

Fitnə
Aha. Bir az dayan!

Vəzir
Bilirəm.

Fitnə

(Yavaşca)
Oğlunuz Bəxtiyardır bu.

Vəzir

(gedə-gedə)
Başıyla oynayır, Bilməyir qorxu.

Bəhram
Tez gətir, göstərim ona həddini.
Nədir saymamazlıq, tanısın məni.

Fitnə
Bir sənətkar kimi, biz dostuq çoxdan. O məndən zövq alır, mən də ki, ondan. Üç aydır səsimə qalmış o, həsrət.
Şahim, başqa şeydir bu incəsənət!

Vəzir

(Bəxtiyarı gətirir)
Oğlum Bəxtiyardır, adil padişah!

Bəxtiyar

(baş əyərək)
Bağışla, etdimsə böyük bir günah.

Bəhram
Söylə, neyləyirsən bu göy çəməndə?

Bəxtiyar
Padişah, şikarə çıxmışdım mən də.
Siz ceyran, mən gözəl səs ovçusuyam. Bunu çox görməyin mənə...

Bəhram

Ey adam!
Gəl sənə göstərim, mən elə bir səs,
Boğazın qurusun, çıxmasın nəfəs!

Şah oxluqdan bir ox alıb yaya qoyur, Bəxtiyar nişan almaq istərkən, vəzir və Fitnə
onun ayağına yıxılırlar.

Vəzir
Amandır, padişah!

Fitnə
Bağışla bizə!

Hərikisi
Yaradan ömrlər bəxş etsin sizə!

Bəhram
Get burdan, gözümə görünmə, alçaq! O qoca atana qıymadım ancaq.

Bəxtiyar əlində tar gedir.

Vəzir

(təzim edərək).
Çox sağ ol, şövkətli, şanlı tacidar!

Fitnə
Ömrünüz çox olsun, adil hökmdar!

Quş ağacda yenə cəh-cəh vurub oxuyur.

Vəzir

(Fitnəyə)
Şanlı padişahım, bayaq, ey Fitnə,
– Quşu susdur, – deyə, əmr etdi sənə.

Bəhram
Bu qızın səsinə əsirəm, əsir,
Dinlərkən qəlbimin özülü əsir.
Varlığım sarsılır, bu nə hikmətdir?!

Vəzir
İnsanda gözəl səs böyük nemətdir.

Fitnə

(oxuyur)

Oxu, bülbülüm, oxu,

Yazdır, səhər çağıdır.

Oxu, sənin xoş səsin

İlhamlar qaynağıdır.

Başla yeni bir dastan

Ki, açılsın ürəklər.

Oxu, bülbülüm, oxu,

Hasil olsun diləklər!

Hünər göstər, bülbülüm,

Xoş bir təranə yarat.

Oxu, canlı nəğmənlə

Gülsün, şənlənsin həyat!

Bəhram
Susdurdun quşları, afərin, Fitnə!
Bu böyük hünərdir, eşq olsun sənə!

Fitnə
Padişah, məndə bu vərdişdir çoxdan.

Bəhram
Hünəri, vərdişi sən ayırmırsan?

Fitnə
Vərdişsiz hünər də getdikcə sönər; Vərdişə bağlıdır bütün sənətlər.

Bəhram
Gözəl səs olmasa, tək vərdişlə sən Quşları susdura bilməzdin.

Vəzir

Əhsən!

Fitnə
Dünyada istedad, hər böyük hünər Daima vərdişlə inkişaf edər.

Bəhram
Ağıllı bir qızsan, atma baş-ayaq.

(gülə-gülə)

Arabir düz yoldan çıxırsan ancaq.

Vəzir
Padişah, sözlərin doğrudur tamam.

Bəhram
Deyirlər ki, zülmə vərdişmiş atam.

Fitnə
Yaman vərdiş isə ziyan gətirər,
Ondan fayda görməz zavallı bəşər.

Vəzir
Sən bircə az danış, belə yaramaz!

Bəhram
Atamın zülmündən gəl söylə bir az!

Vəzir
Nə gərək padişah, keçmişə dönmək? Qorxuram kefiniz pozula, gerçək
Bu yaşıl çəməndə sönə nəşəniz.

Bəhram
Kədərsiz nəşəni kim tuta əziz?
Ovlaqda şikarı vurduğum zaman
Ceyran ki, əl-ayaq atır, verir can
Mənə həm bir nəşə gəlir, həm kədər. Kədərsiz nəşəni az ovçu sevər.
Atamın işindən mənə ver xəbər!

Vəzir
Öz doğma oğluna nifrət bəsləyən
Atadan padişah, nə söyləyim mən?

Bəhram
Bu nə sözdür, vəzir?

Vəzir

Padişah, inan!

Bəhram
Ata öz oğluna olarmı düşman?
Bu sirri durma aç, tez elə isbat!

Vəzir
Belədir sarayda qurulan həyat.
Sən on dörd yaşına girdiyin zaman,
Ərəb ölkəsinə göndərdi atan.
Atana bir məktub yazmışdı Mənzər.
Şah saldı mənə bir şübhəli nəzər.
Dedi: – Gör nə yazmış? – Oxudum ona, Gözləri dönmüşdü bir kasa qana.
Yazırdı: “Padişah, oğlunuz Bəhram
Şirlərlə döyüşür hər səhər, axşam
Çox igid, ağıllı qəhrəman olmuş,
Sərv tək boy atmış, kamala dolmuş,
Əlinə ox, kaman aldığı zaman
Aslanlar qorxaraq gizlənir ondan.

Bəxtiyar atasan, belə oğlun var,
İran görməmişdir belə tacidar”.
Məktubu oxuyub qurtaran zaman,
Dərindən inlədi rəhmətlik atan,
Əlini taxtının başına vurdu,
Acıq-acıqlı ayağa durdu.
Bağırdı: – Aslan da olsan, biləsən, Həsrət qalacaqsan bu ölkəyə sən.

Fitnə
Doğrudur, mənim də yadımdır bu, Canına düşmüşdü yamanca qorxu.

Bəhram
Ah, onda yox imiş ata ürəyi.
Atalıq duyğusu, övlad istəyi.
Demək, bir ata tək sevmirmiş məni, Övladmış onun ən böyük düşməni. Mənim göstərdiyim hər böyük hünər Öz doğma atama verirmiş kədər.

Fitnə
Şah, bu, taxtü tacın xasiyyətidir;
Atanı öz doğma oğlundan edir.

Vəzir
Tacidar, gərəksiz keçmişi burax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri