İkinci pərdə
Səhnə şahzadə xanımın yataq otağını təsvir edir. Burğulu miz üstündə, üzündə ağ tül
kiçik bir qız oturubdur. Şahzadə xanım yuxudan oyanır.
Şahzadəxanım. Ox, mən nə üçün oyandım! Elə ki, gözlərimi açıram, yuxuda gördüyüm kukla gəlir gözlərimi qarşısında dayın. Ox, bircə o kuklanı mənə alsaydılar, heç fikrim olmazdı. (Yatağından sıçrayıb qalxır). Hər necə olsa gərək o kuklanı mənə alsınlar. (Birdən-birə kuklanı görür) Ay... Bu kimdir? Mən istədiyim kukladır, yoxsa mən yenə yuxu görürəm. (Gözlərini əlləri ilə silir) Yox, mən oyağam, yəqin ki, bu mən istədim kukladır. (Kuklaya yanaşır) Yuxuda gördüyüm kukladan da bu gözəldir. (Diqqətlə baxır) Bu gözəllikdə kukla mən heç fikrimə də gətirə bilməzdim. Ah, nə gözəl də saçları var! Birgə uzun kirpiklərinə iri-iri ala gözlərinə bax, deyəsən doğrudan baxır. Nə kiçikcə ağzı var! Heç belə kukla olmaz. Özü də mən boyda. İndi daha razı oldum. (Sevincindən sıçrayıb bağırır) Bura gəlin, bircə mənim gözəl kuklama tamaşa edin.
Xidmətçi daxil olur.
Xidmətçi. Nə var, xanım?
Şahzadəxanım (sevincək). Birdə mənim kuklama baxın. (Yanaşır) Görəsən danışırmı, yoxsa bu da o biri kuklalar kimi laldır? (Əllərini bir-birinə çarpazlayır) Gözəl kuklam, söylə görüm sənin adın nədir? (Kukla cavab vermir) Niyə cavab vermirsən? Ay, bu da laldır. (Ağlayır)
Xidmətçi. Şahzadə xanım, ağlama, bu, danışan kukladır.
Şahzadəxanım. Nə üçün bəs danışmır?
Xidmətçi. Danışa bilmək üçün gərək burğusunu burasan (Burğunu göstərir)
Şahzadəxanım (sevincək). Oy, mən onu heç görmürdüm. Əl vurma. Mən buracağam... (Burğunu burur) Aha!.. Gözəl kuklam, indi söylə görüm sənin adın nədir?
Kukla (ucadan). İnci!..
Şahzadəxanım (şad). Ox, nə qədər də gözəl söylədi, elə deyilmi? (Kuklaya) Ay, sənin nə gözəl adın var! Adın da özün kimi gözəldir. Bilsən mən səni nə qədər sevirəm! Söylə görüm sən də məni sevirsənmi?
Kukla. Sevirəm.
Şahzadəxanım. Ah, mən nə qədər xoşbəxtəm! (Xidmətçiyə) Sən get! Mən istəyirəm ki, öz kuklamla yalqızlıqda söhbət etdim. (Xidmətçi gedir) Demək ki, sən doğrudan danışa bilirsən?..
Kukla. Bəli!
Şahzadəxanım. Ox, bilsən mən səndən ötrü nə qədər ağlamışam, sən bunu bilmirdin?
Kukla. Yox, bilmirdim.
Şahzadəxanım. Sənin gəlməyinə mən çox şadam. Mənim kuklam olmağına razısanmı?
Kukla. Razıyam.
Şahzadəxanım. Mənim atam padşahdır, hər nə mən istəsəm, o saat əmələ gətirirlər. Sən hər nə istəsən, sənə verəcəyəm. Ancaq sən danış... Ox, bilsən sənin üçün nə qədər ağlamışam! İki ay idi ki, səni axtarırdılar. Sən harada idin ki, tapa bilmirdilər? (Kukla cavab vermir) Axırı tapıb gətirdilər. Nə üçün cavab vermirsən? Sən ki, mənimlə danışırdın, söyləyirdin. Gözəl kuklam, sənin gözəl səsini eşitməkdən doymuram, bir kərə yenə söylə, sənin adın nədir? (Cavab vermir) Sən nə üçün lal oldun? (Kuklanın üzündən tülü qaldırır) Vay, bu nədir?. Ağlayırsan... Doğrudan bu göz yaşlarıdır ki, sənin yanağından yuvarlanır. Sən indi danışan kukla deyilsən, ağlayan kuklasan. Yox, sənə kukla da demək olmaz, çünki insan o zaman ağlar ki, ürəyində bir dərdi, qüssəsi olmuş ola, məgər səni qüssən var? Söylə görüm nə qüssən var?.
Kukla (ucadan ağlayır). Bağışla məni, daha eləmərəm...
Şahzadəxanım (təəccüblə). Nəyi bağışlayım? İnci, İnci, ağlama! Sən məgər bir günah etmisən?
Kukla. Burada hərəkətsiz durmaqdan yoruldum, mən istəyirəm düşüb, qaçam.
Şahzadəxanım (şad). Məgər sən qaça bilirsən? Bu çox gözəl. Yapış məndən, mən səni düşürüm. (Kuklanı qucaqlayıb düşürür) Ox, bilsən indi mən nə qədər şadam! Bundan sonra bir yerdə oxuyub, oynayıb, gülüşüb, qaçışarıq. Ancaq daha ağlama.
Hər ikisi divanın üstündə yan-yana oturur. Mürəbbiyə, dayə, xidmətçi daxil olur.
Şahzadə xanım və kukla işarə ilə danışırlar.
Mürəbbiyə (yavaşca dayəyə). Deyəsən bunlarınkı tutub...
Dayə. Sus, s... Qızı kukla zənn etmişdir. Gedim padşahı çağırım.
Xidmətçi. Xanımı da çağırmaq lazımdır.
Mürəbbiyə. Deyəsən iş yolu ilə gedir. Gedək padşahı və xanımı çağıraq.
Hamısı. Gedək, gedək!..
Gedirlər.
Kukla (göz yaşlarını silir). İnanın, xanım qız, mən müqəssir deyiləm.
Şahzadəxanım. İnci, səndən təvəqqe edirəm, hər nə olubsa, mənə danışasan.
Kukla. Şahzadə xanım...
Şahzadəxanım. Mənim adım Rəmziyyədir. Biz indi yoldaşıq. (İncini qucaqlayır) Söylə, nə varsa söylə.
Kukla. Mən hamısını söyləsəm, sən məndən inciməzsən ki?
Şahzadəxanım. Yox, incimərəm, sən danışanda mənim ürəyim açılır.
Kukla. Elə isə söyləyim. Biz çox fəqirik. O vaxt ki, sizin xidmətçi gəlib, əhvalatı anama söylədi və məni sənə kukla olmaq üçün istədi, bizim bir parça çörəyimiz də yox idi. Biz bu işdən çox şad olduq. Çünki əvəzində atanız pul verəcəkdi, biz də çörək alıb doyunca yeyəcəkdik. Bu əynimdəki paltarı mənə göndərdilər və bu miz üstündə ayaqüstündə qoyub, əmr etdilər ki, kukla kimi heç hərəkət etməyim.
Şahzadəxanım. Demək ki, sək kukla deyilsən, mənim kimi qızsan.
Kukla. Bəli. O tövr hərəkətsiz durmaq mənə xoş deyil.
Şahzadəxanım. Amma kukla kimi necə hərəkətsiz dururdun?
Kukla. Nə qədər ki, sən yatırdın, mən hərəkətsiz durdum. Elə ki, oyandın, mən də öz fəqir evimizi, anamı, qardaşlarımı, bacılarımı yadıma saldım və birdən-birə evimiz ürəyimə elə düşdü ki, özümü saxlaya bilməyib ağladım. Rəmziyyə, məni burax, evimizə gedim.
Şahzadəxanım. Bəs sən deyirsən ki, biz fəqirik, yeməyə heç bir şeyimiz yoxdur.
Kukla. Ac olsaq da, bir yerdə xoş keçinirik.
Şahzadəxanım. Sən orada darıxarsan.
Kukla. Yox, darıxmıram, mən həmişə anama kömək edirəm, başım işə qarışır.
Şahzadəxanım. Sənin də kuklan varmı?
Kukla. Yoxdur, mən kukla əvəzində balaca qardaşımı oynadıram.
Şahzadəxanım. Sən səhərdən axşamacan ki, işləyirsən, necə rahat ola bilirsən? Belə olsa, sən evdə qüssələnərsən!
Kukla. Qüssə nə olduğunu mən ömrümdə bilməmişəm. Ancaq işsiz olduğum zaman darıxıram. O zaman ki, mizin üstündə işsiz, gücsüz durmuşdum, elə darıxdım ki, az qaldı üzüqoylu yerə yıxılam, Rəmziyyə, burax məni, evimizə gedim.
Şahzadə əlləri ilə üzünü qapayıb ağlayır.
Kukla (şahzadənin əllərini üzündən çəkməyə çalışır). Rəmziyyə, sənə nə oldu? Nə üçün ağlayırsan?
Şahzadəxanım. Burax doyunca ağlayım. Qonşuluqda sənin kimi balaca uşaqlar ac imiş. Nə üçün bunu heç kəs bu vaxtacan mənə xəbər verməyib?! Nə üçün tutduğum işin yanlış olduğunu heç kəs mənə anlatmayıb?! O zaman ki, mən darıxırdım, mənə də iş-güc görmək öyrətsəydilər, bu tövr axmaq fikirlər mənim başıma gəlməzdi. (İncini qucaqlayır) Gözəl İncim! Mən nə eləyim ki, həmişə səninlə bir yerdə olaq?..
Kukla (qalxıb şahzadənin əlindən tutur). Qalx, gedək, bizə. qalx, bu saat gedək!
Şahzadəxanım. Ata-anamdan necə ayrılım. Gözəl İnci, olmazmı siz hamınız köçüb bizim evə gələsiniz?
Padşah, xanım, mürəbbiyə, dayə,
xidmətçilər daxil olurlar.
Şahzadəxanım (İncinin əlindən tutub, anasının üstünə qaçır). Ox, ana can, bilsən mən indi nə qədər şadam! Bax, bu İnci yoldaşım həmişə mənimlə bizdə qalacaq. Hələ anası, qardaşları, bacıları da saraya gələcək. Mən də sizə söz verirəm ki, bundan sonra heç şıltaqlıq etməyəcəyəm.
Xanım. Qızım, sən nə danışırsan! Elə bu qalmışdı ki, bir lütün birisi ilə dostluq edəsən?! Yox, yox, bu bizim əsil-nəcabətimizə yaraşmaz. Mən onları saraya buraxa bilmərəm.
Şahzadəxanım. Bəs onda mən kiminlə oynayım? Kiminlə danışım?
Xanım. Mənimlə, atanla, dayənlə, mürəbbiyənlə. Bu qədər adam sənə bəs gəlmirmi?
Şahzadəxanım. Yox, mən bu qızla danışıb oynamaq istəyirəm. Gör o nə mehribandır!
Xanım. Onu görməyəcəksən.
Padşah. Qızım, ağlını başına yığ, padşah qızı hər yetənlə oturub-durmaz. Əgər darıxırsan, saray qızlarına əmr verim, sənin üçün çalıb-oxuyub, oynasınlar, ürəyin açılsın. Yoxsa...
Şahzadəxanım. Yox, ata, mən heç bir şey istəmirəm. Ancaq bu İnci ilə oynamaq, danışmaq istəyirəm. (Onu qucaqlayır) Nə yaxşı qızdır!
Xanım (Onları bir-birindən ayıraraq). Ölsən də bunu görməyəcəksən! (İnciyə) Ay qız rədd ol, get evinizə!
Qız getmək istəyir, Şahzadə xanım onu tutur.
Şahzadəxanım. Yox, getməsin, yoxsa mən ağlayacağam.
Xanım. Canın da çıxsa, o qız buranı birdə görməyəcək! (Qızı itələyir) Rədd ol, get!
Qız getmək istəyir, Şahzadə xanım ona tərəf qaçarkən, padşah
onu iki əli ilə tutur.
Padşah. Bir işə bax, şah qızı rəiyyət qızı ilə danışıb-oynamaq istəyir! (Acıqlı) Qoy getsin.
Qız gedir. Şahzadə xanım yerə yıxılıb ağlayır.
Xanım. Ölsən də o qızın üzünü də bir də görməyəcəksən!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/saiq-danisan-kukla-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yatardıq ağacda şad, bipərva,Nə gəldi düşdük bəlaya, xoruz
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.
Leyli və Məcnun, fəsil 11Bu söz incisini düzən zaman mən,Böylə danışmışdı bu nəqli deyən:
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz