Dərdindən dəliyəm, mürvətin olsun,Eşqini qəlbindən yaz, yana bir bax.Şeyda bülbüllər də gül fərağında,Ətirli bir bahar, ya ana, bir bax.

Düşmür dildən o gül yanağın adı,Lalənin çöhrəsi yanağındadı.Gedərmi ağzımdan yanağın dadı,Açılmış hüsnündə yaz, ana, bir bax.

Cilvələnib çıxıb gülşən seyrinə,Yarsız cənnət olsun onun seyri nə?Məmmədhüseyni xub salıbdı sehrinə,Yaraşır al-əlvan ya ona, bir bax.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar