Ha yana-yana
Baxışların bir od vurub canıma,Qalmışam çarəsiz, ha yana-yana.Aşıq deyər, ha yana?Dara zülfün, ha yana.Eşqindən səməndərəm,Cismim oda ha yana.Ümidəm, gözlərin baxa üzümə,Nə isə hey baxır ha yana-yana.
Canan getdi bağçasından gül üzə,Güllər baxdı, heyran qaldı gül üzə.Mən aşiqəm gül üzə,Qoyma xoryad gül üzə.Bülbül fəğan eylədi,Endi güldən gül üzə.Kərəm yandı, həsrət qaldı gül üzə,Əsli də oduna ha yana-yana.
Məmmədhüseyn, yar yuxudan oyandı,Səhər günəş camalından o yandı.Aşıq deyər, o yandı,Günəş kimi oyandı.Mənim qəlbim onadı,Onun qəlbi o yandı.Bahar gəldi, ana dağlar oyandı,Çiçəklər köksündə ha yana-yana.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-ha-yana-yana
← → düymələri ilə keçid, R — təsadüfi şeir