Qürbət eldə, yad məkanda qalmışam,Yoxdur bir yadına salanım mənim.Qüssədən alışıb yanan olmuşam,Hanı o, qayğıma qalanım mənim.

Gündə üç yol dolanırdım başına,Qail idi mülkə, torpaq, daşıma.Fələk yaxşı zəhər qatdı aşıma,Hanı bir qisasım alanım mənim.

Könül yaman dərdə, qəmə batıbdır,Bir əzabdan o birinə çatıbdır.Məmmədhüseyn, oyan bəxtin yatıbdır,Hanı qəm əlindən alanım mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale