Məzmun
  1. Müsəlman tələbələrinin fəaliyyəti
  2. Nəğmeyi-ordbehişt
  3. Zəhmətkeş ayı

Səhifə 1 / 3

(Müxbir məktubları)

1

Böyük Rusiyanın möcüznüma inqilab xəbəri şəhərimizə yetişdikdə ümumi əhalidə qəribə haləti-ruhiyyələr törətdi. Bəzi kimsələr böht və heyrət aləminə dalmış, inanmaq istəmədi. Bəzi kəsrəti-fərəh və sürurundan çıldırmaq dərəcəsinə gəldi. Qaragüruh firqəsinə mənsub bəzi hökumət məmurları çaşıb iztiraba düşdülər. Hər kəs səbirsizliklə hadisat və vəqayenin məbədini gözlədi.

Birinci gün bələdiyyə idarəsinin yazması ilə camaat nümayəndələri divanxanaya toplanıb vəqayeyi-cariyyə haqqında məlumat aldılar. Sonra Bakı və Tiflis qlavalarından peydərpey gələn teleqraflar vüquatın nə yolda cərəyan etdiyini ümumi elan etdi. Müztərib könüllər təskin tapdı, inanmayanlar inandılar. İşin belə olmasını sevməyənlər yasa batdılar.

İkinci gün əsr çağı rus kilsəsinin cünbündə vaqe olan meydana camaat toplandı. Bu hala qədər beş nəfərin bir yerə cəm olmasına mümaniət edən polis nəfəratı bu hala biganə duraraq təsirsiz qaldı. Bir neçə nəfər müstəsna olaraq ümum əhalinin üzündə bir şövq və məsərrət asarı nümayan oldu. Hər kəs qorxusuz, ürküsüz öz fikrini, öz düşüncəsini, öz əqidəsini bəyan edir...

Ox, yarəbbim! Bu nə gözəl aləmdir?!

İnki mibinəm bebidarist yarəb, ya bexab?

Hər kəsin ağzından elə söz, elə kəlmələr eşidilir ki, beş gün bundan irəli o sözlər onun qanının bahasıydı.

Bunun səbəbi nədir? Hürriyyət!

Ey böyük şairlərin, ədiblərin pərəstideyi-ruhu! Ey frişteyiasimani! Günlər, aylar deyil, ey illər ilə həsrəti-cəmalı ilə qara günlərdə qalan millətin işıqlı sitarəsi! Ey hürriyyət mələki!

Ey tari-zülfünə dili-divanələr fəda,

Canlar deyil, qüdumuna cananələr fəda.

Mən görmədən cəmalını qurbanın olmuşam,

Şəmi görüb olursa da pərvanələr fəda.

Sən nə fitneyi-cahanaşubsan! Sən nə neməti-səmavi, nə feyzisübhanisən!

Sübhanallah! Qapalı ağızlardan qıfıllar götürüldü. Böyük-kiçik, əla-ədna, bəy-rəiyyət, zabit-əskər, cümhuri-nas bilafərq və məzhəb hər kəs hüquqca müsavi olaraq sayeyi-hürriyyətdə ictima etdilər. Bu halda Şamaxı üləmasının ən bənam və ən fazili olan Mustafa əfəndi cənabları kursiyi-xitabata çıxdı. Bir nitqi-bəliğ ilə vüquati-cariyyə haqqında təfsilat verib də sonra o mübarək kəlmənin, o rəhmətimücəssəm olan hürriyyətin mədluli-həqqiyyəsi ilə camaatı aşina etdi.

Minlərlə toplanmış məxluqat bir vücudi-vahid kimi o məzaminibəliğin dürəri-mənsurinə xiridar olmağa canü dildən müştəri idilər. Əfəndi həzrətlərinin nitqi sürəkli alqışlarla bitdi. Bu dəfə qarnizon heyəti-zabitanından bir nəfəri kürsiyi-xitabata süud etdi. Möhtərəm zabitin nitqi mütərcim vasitəsilə camaata anladıldı.

Vətənin qəhrəman əsgərləri ümumən yeni hökumətə sadiq və tərəfdar olduqlarını bəyan etdikdən sonra zabit cənabları mövqeyini bir nəfər saldata tərk etdi. Sürəkli alqışlarla saldat nitq söyləməyə başladı.

Ax, yarəb! Bu nə aləm! Dünən öz zabitinin hüzurunda “la” və “nəəmdən” artıq söz söyləməyə ixtiyarı olmayan bir nəfər, indi necə azadə, ürküsüz, qorxusuz öz əfkarını bəyan edir; alqışlarla danışığını kəsməyə məcbur olur.

Müxtəsər, saldatın atəşli nitqi camaata elə təsir etdi ki, sürəkli, gurultulu alqışlarla onu əllərinin üzərinə götürüb gəzdirdilər. Bu arada şəhər naçalniki Jupranskiyə qəşş ariz oldu, yıxıldı. Hökumət məmurları fövrən fayton gətirib onu öz mənzilinə apardılar.

Həmin gün icraiyyə komitəsinə təsis etmək haqqında bir teleqraf varid oldu. Xəlayiqi bu məsələyə də aşina etmək üçün 3 gün cümə məscidin həyətində mitinq təşkil edildi. Bu dəfə qazi Əbdülhüseynzadə cənabları nitqi-iftitahı ilə məclisi açdı. Sonra yenə də dünki natiqlər növbə ilə əmnü asayişi təmin etmək, hürriyyətin paydar olması haqqında nə kimi iqdamatda bulunmaq lazım olduğunu bəyan etdikdən sonra icraiyyə komitəsinə nə kimi şəxslər intixab olunacağı xüsusunda yenə də Mustafa əfəndi cənabları bəyanat verdi.

Əsr zamanı icraiyyə komitəsi təşkil etmək üçün camaat vəkilləri bələdiyyə idarəsinə cəm oldu. Lakin bələdiyyə idarəsinin salona toplanmış camaatı sığdırmadığı üçün erməni lüteran kilsəsinin salonuna nəqli-məkan etdilər. İş burada şuluğ olmağa başladı... İcraiyyə komitəsi təsis etməyə rəislərimizin nabələd olduqlarındanmı, ya nədən isə yenə də partiyabazlıq məsələsi üçün geniş meydan açıldı, intriqalar başlandı, dəsisələr, iğvalar edildi.

Bir xeyli nəsayih və məvaizədən sonra səkkiz nəfər ruhani, dörd nəfər tacir, üç nəfər hökumət məmuru, iki nəfər dava vəkilindən ibarət bir komitə intikab olundu. Bələdiyyə idarəsindən də iki nəfər nümayəndənin komitədə iştirak etməsi haqqında söz açıldıqda yenə də hay-küy başlandı. Sabiq bələdiyyə idarəsinin ləğvi və yeni seçki tərtib etməyi israr etdilər. Bu məsələnin indilik mümkün olmadığı anladıldıqdan sonra duma vəkillərindən iki nəfər namizəd edildi. Komitənin sədarətinə birinci padşahlıq duma vəkili Məhəmmədtaqi Əliyev cənabları intixab olundu.

Bir neçə gün iş bu qərar üzrə davam etdi. Lakin qəzetlərin hər gün gətirdiyi yeni-yeni xəbərlərdən mütəəssir olan camaat qeyrişəhərlərdə edilən icraat və sərəncamların heç birinin Şamaxıda tətbiq edilmədiyindən yenə də qələyana gəlib çunü çəraya başladılar, dediqoduların arası kəsilmədi. Əliyev cənabları isə bu tənqidata təhəmmül etməyib komitə sədarətindən istefa verdi, tamam-kamal işdən çəkildi.

Demək, indi icraiyyə komitəmiz başsız qalmışdır. Maaşsız olduğu üçün qeyri-şəhərdən müqtədir hüquqşünaslardan gətirmək mümkün deyildir. Onun üçün işimiz çox ləng gedir. Hasili-kəlam, hürriyyət və məşrutiyyətin ancaq adı gəlmiş, özü gəlməmişdir. Sabir mərhum demişkən:

Köhnə idarəmiz durur,

Rəngi də solmayıb hələ.

2

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri