O ağır xəbəri aldığım gün səhər tezdən qapımızın zəng səsinə diksindim. Ürəyimə dammışdı ki, nəsə olacaq. Yuxumu qarışdırmışdım. Nə qədər gözləməsəm də, onun gəldiyini düşündüm və dərhal özüm-özümə güldüm. Müharibənin belə qızğın vaxtı heç telefonlara cavab vermir, o da ki, durub gəlmək ola. Amma o, həmişə gözləmədiyim anda gəlmişdi. Ən ağır səfərlərdən, ən dəhşətli döyüşlərdən qayıtmışdı. Onu ən çox qayıdan yerdə xəyal eləmişdim. Yaddaşımda evə dönən gülər üzlü zabit kimi qalmışdı. Bəlkə, ən çox sevindiyim o anlar idi, ona görə. Gəlməyin bir getməyi də var axı. Vidalaşıb getdiyi anları yaddaşımdan silmək istəyirdim.

Yenə qayıtmışdı, yəqin. Qalxıb qapıya qaçdım, gözlükdən baxanda qorxudan az qala qışqıracaqdım. Mülki geyimli bir şəxs əlində avtomat qapımızın ağzında durmuşdu. Üzü görünmürdü. Blokda dayanan silahlı adama baxa-baxa nə edəcəyimi bilmirdim. Başını azca aşağı salanda tanıdım: Zabil! Qapını açıb az qala döyəcəkdim onu. Bu nə silahdır?

“Nihada almışam! Oyuncaqdır” - gülümsəməyə çalışsa da, üzündə narahatlıq vardı.

“Zabil, silah almaq vaxtıdır? Ürəyim düşdü eee...” - bədənim uçunurdu.

“Dedim, bir xəbər alım sizdən. Zəng-zad eləməyib ki?” - duruxdu - “Atam çox narahatdır.”

Nə zəng etmişdi, nə də zənglərimə cavab vermişdi. Telefon dəlisi olmuşdum. Gecə yatanda zəng gələr, eşitmərəm deyə yastığın altına qoyur, səhər oyananda ilk ona əl atırdım. Əslində, istədiyim vaxt zəng edə bilməzdim. Adətən, axşamlar edirdim. İndi lap qayğılıydım. Dözə bilmirdim. Bütün günü yığırdım. Onsuz da cavab vermirdi. Nömrəni hər yığanda ürəyim əsə-əsə dinləyirdim. Əgər “Bu nömrəyə zəng çatmır” ifadəsi tez deyilirsə, demək, telefonu sönüb, bir az gec deyilirsə, şəbəkə xaricindədir. Düşünürdüm, bunun hansı yaxşıdır? Cavab tapa bilmirdim. Çalışırdım özümə təskinlik verəm. Zabit adamdır, telefonu “zaryadka”ya qoymağa həmişə imkanı olmur. Ya da belə: ola bilsin, şəbəkə tutmayan yerdədir. Məsələn, təlimdə! Bu variant da vardı: enerjiyə qənaət üçün özü söndürüb. Lakin belədirsə, açanda niyə zəng etmirdi? Hər varianta, uzağı, bir-iki saat inandırırdım özümü. Sonra yeni variantlar düşünürdüm, tapmayanda, yaxud ağlıma pis şeylər gələndə təzədən yığırdım. Və eyni cavab. Heç olmasa çağıranda təsəlli tapırdım. Hər “qudok” ona uzanan bir ümid yoluna çevrilirdi. Zəng çatmayanda... İlahi!

“Axşam televizora baxdınız? Bir mayor şəhid olub. Vəziyyəti ağırdır” - canımdakı təlaşı yanan kürə kimi Zabilin üstünə atdım. Sarsıldığımı görüb “İnşallah, yaxşı olar” dedi. Silahı Nihada verəndə mənimlə zarafatlaşdı:

“Dayılarına oxşama eee... bizə oxşa! Al! Avtomat! At görək, bacarırsan?”

“Nolub, ə, dayılarına? Ağdamlı lovğalığın tutmasın.”

Güldü, gözlərində doğma işıq parıldadı:

“Sevinc, yadıma, bilirsən, nə düşdü? Xındırıstanda həyətdə tir atmağım.”

“Yada düşməli nə var orda?” - güldüm - “Butulkaların heç birini vura bilmədin.”

“Yox eee... qəfil o gəldi, gördü ata bilmirəm, silahı alıb bir əliylə bütün butulkaları aşırdı.”

“Yadımdadı” - səsimdəki qəhər özümə qəribə gəldi.

Biz ondan niyə xatirə danışırdıq axı. Zabil lap ağ eləmişdi:

“Xındırıstana gedəndə sizi qohumlargilə qonaq apardım? Xatırlayırsan? Evə gec gəldiyin üçün necə hirsləndi sənə? Necə qorxdun?”

“Sən qorxmadın guya? Qaçıb o biri otağa girdin. Özünü yatmışlığa vurdun. Mən qaldım tankın qabağında.”

“Eşidirdim!” - güldü - “Onun o sözləri var haaa! Tapançasını çəkib adamı vursa, daha yaxşıdır!”

“Demə-demə. Hələ baxışları. Üzümə necə baxdısa, dedim, Allah, yer yarılsın, yerə girim. Adama bircə dəfə baxırdı, sonra düz on gün baxmırdı.”

“Uşaqlıqda da eləydi, incidisə, azı on gün çəkirdi. Onda da deyirdin, nə deyir-desin, təki mənimlə danışsın.” - öskürdü - “Amma şirin dili də vardı haa! İstəsə, ilanı yuvasından çıxarardı. Bir dəfə qohumlardan birinin əsgərlikdən gələn oğluna görə on manat muştuluq almışdım, məni dilə tutub necə əlimdən aldısa, ruhum da incimədi.”

Divardakı xəritəyə baxıb səsini qaldırdı:

“Bu nədi belə?”

“Mən vurmuşam!” - o biri otaqdan Aqşinin səsi gəldi.

“Sən niyə gəlib görüşmürsən, yoldaş professor?!” - Zabil bu dəfə Aqşinə sataşdı. Aqşin gülə-gülə otağından çıxdı, əmisiylə görüşüb əlini xəritədə işarələdiyi yerə uzatdı:

“Atamın kəndidir. Cinli.”

“Bizə dəxli yoxdu də bu kəndin, yalnız atana aiddi, hə?”

Aqşin gülümsədi:

“Mən atama görə tanıyıram.”

Zabilin gəlişi içimdəki qorxunu xeyli azaltmışdı. Ürəyimdə deyirdim:

“Yaxşı ki, Zabil var! Çətin anlarda hamımızın dadına çatmaq bir yana, həm də eynimizi açır.”

Aqşinin son sualı Zabillə aramızdakı söz yarışmasında hesabı bizim xeyrimizə dəyişdi:

“Cinli adında da kənd olar? Mənası nədir ki?”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 2. Komandir

Canavar yalının üstündəki postda bir az dincəlib irəliyə - daha hündür yerdə qərar tutan Əyri yamaca adladıq. Yemək yeyib, bir-iki saat yatdıq. Mən yuxudan tez qalxdım və durbini götürüb müşahidə nöqtəsindən Göyçə tərəfə baxdım. Uzaq düzənliklərdə ot yığan, taxıl biçən adamlar gözə dəyir, maşınlar, kombaynlar görünürdü. Qarşıda elə bir mənzərə açılmışdı ki, gözünü qırpmadan tamaşa eləmək istəyirdin. Hava təmiz şüşə kimi şəffaf idi. Buralar dövlət sərhədi olduğundan güclü müharibə getməmişdi. Bizim dağlardan fərqli olaraq, Kiçik Qafqazın bu hissəsi top və “Qrad” səsindən diksinməmiş, təbii şuxluğunu itirməmişdi.Qırğı blindajdan çıxıb mənə yaxınlaşdı:

20182 dəq
Üçüncü hissə, 3. Gizir Səfərov

“Ermənistan” sözünü eşidəndə təəccüb elədim. Bu qədər kəşfiyyatda olmuşdum, bizə heç vaxt dövlət sərhədini keçmək icazəsi verilməmişdi, indi taqım komandiri özbaşına keçirdi. Keçirdi və bizi də özüylə aparırdı. Məncə, doğru addım deyildi. Kəşfiyyata çıxanda atəşkəsi pozmamağı dönə-dönə tapşıran komandirlər bu addımımıza nə deyəcəkdilər? Narahat idim. Məsləhətləşməyə ehtiyac vardı. Bəlkə də, komandir qərargahla məsləhətləşmişdi, sadəcə, Qırğıya öz fikri kimi söyləyirdi.Qrup üzvləri yuxudan qalxan kimi komandir bizi postun qabağında cərgəyə düzüb gəzinə-gəzinə danışmağa başladı:

20184 dəq
Üçüncü hissə, 4. Komandir

Gecə Yeddiqardaş dağının bizə ən yaxın zirvəsində gümüşü işığı gördüm. Ətrafa nur çiləyən o işıqdan bir topa da mənim içimə düşmüş, varlığımı nura bələmişdi. Kövrək bir xoşbəxtlik duyğusunun içində itib-batmışdım. Səadət dənizində xəyal kimi üzürdüm. Bu dəqiqə yaxınlıqdakı yamacın tinindən atılıb qollarımı çalsam, qartal kimi havalanaram. Gümüşü işıq yanına çəkər məni. Ona qarışıb əriyərəm, həm itirdiklərimə, həm arzuladıqlarıma qovuşaram.Ölüm gümüşü işığa qovuşmaqdırsa, buna hazıram və ondan zərrəcə qorxmuram. Bir gün ölümlə qarşılaşsam, onun üstünə gülümsünərək gedəcəm. Ölümü yanımdakı “flyaqa” kimi hiss edirəm. O, həmişə mənimlədir.

20181 dəq
Üçüncü hissə, 5. Qırğı

Yenə qabaqda gedirdim. Təmas xəttindən bir az aralananda Əsgər Mazanovla yerimizi dəyişəcəkdik. Hərəkətə başlamazdan əvvəl komandir Maralı “dozor” göndərmişdi. O, tez qayıtmış və demişdi: “Sakitlikdir.”Maralın belə deməsi sərhədi söhbət edə-edə keçəcəyik anlamına gəlirdi. Doğrudan da, elə oldu. Müharibə edən iki ölkənin sərhədinə heç oxşamırdı. Komandir neytral zonanın bizim posta ən yaxın yüksəkliyində Rəfiyevlə başqa bir əsgəri müşahidəçi kimi saxladı. Onlar biz gəlincə burda gözləyəcək, təhlükə yaranarsa, atəş açıb mühasirəni yarmağımıza kömək edəcəkdilər. Görünür, komandir Rəfiyevi, haqlı olaraq, dərinliyə aparmaq istəmirdi.

20181 dəq

Başqa şairlərin şeirləri