Birinci hissə, 9. Komandir
Uşaqlıqdan silahı çox sevmişəm. Silah görəcəyəm deyə müharibə filmlərindən ötrü ürəyim gedirdi. Hər gecə yerimdə mürgüləyib gah sağa, gah sola yıxıla-yıxıla saat 11-i gözləyirdim. Anam nə qədər təkid edirdi, yatmırdım. Saat 10-da rusların “Vremya” verilişi başlayırdı. Müharibə filmlərinin sevgisindən dilini bilmədiyim xəbərlərə axıracan baxırdım. Rus sözlərinin çoxunu belə-belə öyrəndim. O zaman televizorda anons verilmirdi, biz filmlərin adına televiziya proqramları çap olunan qəzetlərdən baxırdıq və döyüş filmi olubolmadığını təxmin edirdik. Təxminimiz düz çıxırdısa, səhəri gün bütün kənd uşaqları filmdəki fraqmentləri canlı oynayırdı. Bunun üçün bizə silah lazım idi. Silahları taxtadan mən düzəldirdim. Özümün oyuncaq bir neçə tapançam, iki avtomatım vardı. Tapançanın birinə nazik borudan lülə qoymuş, qara lentlə sarıyıb əməllibaşlı silaha oxşatmışdım. Qənbərlidəki məktəbdə bir uşağa göstərdim, elə bildi həqiqi tapançadır.
Silahın dərdindən hərbi dərslərə böyük sevgiylə hazırlaşırdım. Təlim avtomatını ilk dəfə əlimə alanda rahatca söküb-yığdım. Müəllim də məəttəl qaldı, özüm də. Elə bil avtomatla doğulmuşdum. Hərbi yerişi, salamı, marşı, əleyhqazdan istifadəni də yaxşı bacarırdım.
Müharibə filmləri içimdə qarşısıalınmaz bir istək yaratmışdı: hərbçi olmaq! Əvvəl-əvvəl bu istəyimin uşaq xəyalı olduğunu düşünürdüm, sonra gördüm, yox, əməlli-başlı gerçəkləyirəm. Yuxarı siniflərdə kim olacağımızı soruşan müəllimlər mənə çatanda deyirdilər: “Sən hərbçi olacaqsan!”
Döyüş oyunlarının başçısı həmişə mən olurdum.
Uşaqları məcbur edirdim ki, mənə “Komandir” desinlər. Çoxu paxıllıqdan demirdi. Ən çox da qardaşım bu sevinci mənə qıymırdı. Üstəlik, futbolda qol vurmağıma mane olurdu. Çox yaxşı oynayırdı. Rəqib komandanın müdafiəsində duranda heç cür keçə bilmirdim. Hamını keçirdim, gəlib onda ilişirdim. Oyunumun çəmini elə götürmüşdü ki, ayağını atan kimi topa ilişib-qalırdı.
Böyüdükcə özümdə qəribə bacarıqlar kəşf edirdim. Misal üçün, çöldən qapıya yaxınlaşan adamı tanımaq, hətta tanımadığın adamın tanımadığın adam olduğunu bilmək mənim üçün çox sadə bir vərdiş idi. Evdə uzanırdım, divarın o üzündəki adamın atam, anam, nənəm, yoxsa qardaşım olduğunu bilirdim və bunu adi hal kimi qəbul edirdim. Sən demə, belə deyilmiş. Yaxud oyun zamanı evdə, həyətdə, məktəbdə elə gizlənirdim, məni heç kim tapmırdı. İstədiyim adama o hiss eləmədən yaxınlaşa bilirdim. Evin içində otura-otura çöldə baş verənlər mənə məlum olurdu. Lakin bütün bu qeyriadilikləri adamlardan ustalıqla gizləyirdim.
Atamın silahlarının içində ən çox tapançanın azarkeşiydim. Əl boyda bir əşya insan öldürməyə qadirdir! Bu, mənə möcüzə kimi gəlirdi.
Neçə gün anama yalvarandan sonra tapançanı mənə göstərməyə razılıq verdi və bərk-bərk tapşırdı ki, bu barədə heç kimə heç nə deməyim. Əgər hökumət bilsə, bütün silahları əlimizdən alar, atamı tutub həbsə atardı. Mən, onsuz da, kimsəyə bir söz deməzdim, lakin atamda silah olduğunu hamı bilirdi.
Əlim ilk dəfə tapançaya dəyəndə elə bil dünyanı mənə verdilər. Heyif, anam Cahangir kişinin qorxusundan onu məndən tez aldı, doyunca baxmağa, qurdalamağa imkan vermədi.
Atam silahlarını tez-tez silib təmizləyir, yağlayır, əsgiyə büküb gizləyirdi. Bəzənsə gizləmək üçün anama verirdi. Mən altdan-altdan onları izləyib tapançanın yerini öyrənmişdim; arxa otaqda yükün arasına qoymuşdular! Yiyəsizliyə salıb silah olan otağa keçdim, götürmək istədim, yorğan-döşəyi qaldırmağa gücüm çatmadı. Qalın döşəklərin birini qaldıra bilməzdim, o da ki, yük ola. Qardaşımı çağırası oldum, xahiş elədim ki, bu barədə ata-anamıza heç nə deməsin. Söz verdi, köməkləşib tapançanı çıxartdıq. Atam onu qara əsgiyə bükmüş, əsginin üstünə ağ sapdan nişana qoymuşdu. Silahın yerini, ağ sapın qoyulma və əsginin bükülmə qaydasını yadımda saxlayıb tapançanı açdım. Soyuq və zəhmli idi. Soyuq, zəhmli və ağır! “Axırıncı aşırım” filmindəki Qəmlonun silahına oxşayırdı. Filmlərdə görəndə asan gəlir, amma bu ağırlıqda silahı bir əldə saxlamaq, atmaq, üstəlik hədəfi vurmaq adamdan hünər istəyir. Ayağa verəndə barabanı asta uğultuyla fırlanır, mənə inanılmaz zövq verirdi. Oraburasına baxdım, qoxladım, üzümə söykədim, ehtiyatla, hər detalını yadda saxlaya-saxlaya sökməyə başladım, təzədən yığdım. Bir dəfə... İki dəfə... Ona o qədər aludə olmuşdum ki, atamın gəlib bizi görəcəyindən qorxmurdum. Hər ehtimala qarşı qardaşımı qapıya gözətçi qoymuşdum. Qəfil çöldən hənirti gəldi. Qardaşım asta səslə “Deyəsən, atam gəlir” dedi, silahı cəld əvvəlki qaydada büküb, yerinə qoydum.
Amma... İndi xatırladıqca gülmək tutur məni... Əliağalı kəndinə futbola getmişdik. Püşkatmada qardaşım rəqib komandaya düşdü. Ha çalışsam da, onu bizdəki oyunçuların heç biri ilə dəyişmədilər. “2-1” uduzurduq. Oyunun qurtarmasına üç-dörd dəqiqə qalmış mənə yaxşı bir pas verdilər. Qapıçı ilə aramda yalnız qardaşım vardı.
Qardaşımı keçsəm, hesabı bərabərləşdirəcəkdim. Alınmadı. Hirsimdən stadiona uzanıb ağladım.
Axşam evə gələndə Xaçının üstündə qardaşıma bir şillə vurdum. Ağlaya-ağlaya evə qaçdı və silahı yükün arasından götürdüyümü atama söylədi. Atam məni çağırdı. Təmkinini pozmadan, səsinin qaltanlı yerinə salıb soruşdu:
“Silahı çıxartmısan?”
Sakit, soyuq səslə, heç nə olmamış kimi dilləndim: “Yox.”
“Atana yalan deyirsən?”
“Yalan demirəm. Silah-zad görməmişəm.”
Atam iri, zəhmli gözlərini geniş açaraq gözlərimin içinə baxdı, təmkinimi pozmadığımı görüb şübhəyə düşdü:
“Bəs qardaşın niyə elə deyir?”
“Futbol oynayanda ayağıma vurdu, mən də onu döydüm, acığından elə danışır.”
Sözləri səlis, heç bir həyəcan hiss etmədən söyləyirdim. Qosqoca Cahangir kişi mənə inandı. İçimdə gülürdüm ona. Başımı sığallayıb qapıdan çıxmaq istəyəndə ürəyim dözmədi. Qardaşıma nə qədər acığım tutsa da, atamı axıracan aldatmağa ürəyim gəlmədi:
“Ata.”
Geri döndü, maraqla üzümə baxdı:
“Nədir?”
“Baxdım silaha...” - başımı aşağı saldım - “Qardaşım düz deyir...”
“Bəs niyə məni aldatdın?”
“Aldatmadım ki! Bax, boynuma alıram.”
“Bəs niyə qurdalayırsan o silahı? Silah uşaq işi deyil axı.”
“Tapançadan ötrü ölürəm, özümdən asılı deyil.”
Atam heç nə demədi, axsaya-axsaya arxa otağa keçdi, yükü dartıb yerə tökdü, tapançanı çıxarıb stolun üstünə qoydu, stul çəkib oturdu və məni yanına çağırdı. O gün ömrümün ən xoşbəxt günü idi. Gecəyəcən atamla birlikdə tapançanı söküb-yığdıq. Əllərim elə cəld işləyirdi ki, atam bir neçə dəfə ucadan gülüb, “Maşallah” söylədi. Sonra mənə söz verdi; Novruz bayramında tapançadan güllə atacaqdım.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-birinci-hisse-9-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Erməni hərbçilərinin bu qədər əl-ayağa düşəcəyini gözləmirdim. Ən çox da Albert adlı o uşaqla maraqlanırdılar. Bir gün əvvəl biz onlara yalvarçı düşmüşdüksə, indi vəziyyət tamam dəyişmişdi. Uşaq deyirdilər, başqa heç nə demirdilər. Yalan olmasın, Kəlbəcəri geri istəsək, verərdilər. Uşağın kimliyi ilə maraqlandım və biləndə dəhşətə gəldim; alay komandirinin oğlu idi! Böyük Mərzəyə dayısıgilə qonaq gəlmiş, dayısı ilə birlikdə əsir düşmüşdü.Erməni hərbçilər belə bir şayiə yaymışdılar ki, guya bizimkiləri ora xüsusi hərbi vertolyot aparıb. Onlar kəşfiyyatçıların bu qədər dərinliyə gedib çıxmasına heç cür inanmır, başqalarının da inanmasını istəmirdilər. Bu, Kiçik leytenant Orucovun süngüylə göylərə yazdığı bir əfsanəydi.
Üçüncü hissə, 20. KomandirQərargaha çatan kimi qanım qaraldı. Xidmət rəisi Kapitan Rəşidovun sevinə-sevinə boynuma sarılması da kefimi açmadı. Hərbi hissənin növbətçisi mərkəzi qərargahdan məni axtardıqlarını söylədi. Getdim. Zəng edən generalın köməkçisi idi. Aramızda belə bir dialoq oldu:“Kiçik leytenant Orucov, yanınıza bir adam gələcək, onun uşağının adı sizin taqımda gedəcək. Nəzərə alarsan.”
Üçüncü hissə, 21. Kapitan RəşidovBriqada komandirinin sözünə xilaf çıxdığını görəndə yerdən-göydən əlimi üzdüm. Bu, hərbi qulluqda rastlaşdığım ilk iriçaplı ədalətsizlik idi - içimi şumlayıb keçdi.Briqada komandiri Kiçik leytenant Orucovu yanına çağırmalı, şəxsən təşəkkürünü bildirməli, vəzifəsinin və rütbəsinin artması üçün müraciət etməli idi. Etmədi. Qərargahın həyətində qrup üzvləri ilə ümumi görüş zamanı əlini sıxmaqla kifayətləndi. Orucov bu barədə heç düşünmürdü. Mən söhbətin içində olduğum üçün vicdan əzabı çəkirdim. Axı niyə? Niyə bu qədər zəhmətin dəyəri verilməsin? Kəşfiyyat xidmətində bundan artığını etmək mümkündürmü? Özümü saxlaya bilməyib Polkovnik Nəbiyevdən bu barədə soruşdum. Cavabı gözlənilməz oldu:
Üçüncü hissə, 22. KomandirAxırıncı dəfə məzuniyyətə nə vaxt getdiyimi xatırlamıram. Deyəsən, məktəbdən göndəriş alanda atamgilə dəydiyim idi. Ondan bəri getməmişdim. Əməliyyatdan qayıdan kimi avqustun maaşını aldım. Pulum varkən üç günlük məzuniyyət götürüb Sumqayıta yola düşdüm. Uşaqlara da növbəylə məzuniyyət veriləcəkdi. Əvvəl Gizir Səfərov, dalınca Çavuş Əsədov bir sıravi əsgərlə gedəcəkdilər. Qalanlarını da növbəylə göndərəcəkdim.Bölükdə işlərim getdikcə çoxalırdı. İşdən iş çıxırdı. Murova xidmətə gələn gündən yığcam bir hamam quraşdırmaq arzusundaydım. Bit-birə əsgərləri basıb yeyirdi. Mənim kimi ailəli olmayan, əsgərlərin içində qalan zabitlər də onlardan seçilmirdi. Dərimiz qaysaq bağlamışdı. Bəzən aylarla bədənimizə su dəymirdi. Əlbəttə, mən zabit idim, istəsəm, çimməyə imkan tapardım, bəs əsgərlər? “Yol evi”ndəki kazarmada qışın ən sərt şaxtasında da bit-birə olurdu. Taxtabiti uşaqları yeyib-bitirir, gecələr yatmağa qoymurdu. Qışın şaxtasında çöldə təpik döyürdülər. Hamısının bədənində qırmızı şırımlar açılmışdı. İçəridə his verən solyarka yandırırdılar deyə sifətləri qapqara qaralmışdı. Kazarmaya girəndə elə bilirdin zəncilərin arasındasan. Görüşə gələn valideynlər səsi çıxmamış uşaqlarını tanımırdılar.
Başqa şairlərin şeirləri
Zülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
9 martCəmo Cəbrayılbəyliyə*Ey sevgili yavərim Cəmobəy!
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Çoban Əli ilə Aşıq Heydərin deyişməsiCOBAN ƏLİ:Bir sarı köynəyin yandın oduna,