Üçüncü hissə, 21. Kapitan Rəşidov
Briqada komandirinin sözünə xilaf çıxdığını görəndə yerdən-göydən əlimi üzdüm. Bu, hərbi qulluqda rastlaşdığım ilk iriçaplı ədalətsizlik idi - içimi şumlayıb keçdi.
Briqada komandiri Kiçik leytenant Orucovu yanına çağırmalı, şəxsən təşəkkürünü bildirməli, vəzifəsinin və rütbəsinin artması üçün müraciət etməli idi. Etmədi. Qərargahın həyətində qrup üzvləri ilə ümumi görüş zamanı əlini sıxmaqla kifayətləndi. Orucov bu barədə heç düşünmürdü. Mən söhbətin içində olduğum üçün vicdan əzabı çəkirdim. Axı niyə? Niyə bu qədər zəhmətin dəyəri verilməsin? Kəşfiyyat xidmətində bundan artığını etmək mümkündürmü? Özümü saxlaya bilməyib Polkovnik Nəbiyevdən bu barədə soruşdum. Cavabı gözlənilməz oldu:
“Mən təqdimat vermişəm, özü işləri korlayıb!”
“Nə edib?” - təəccüblə xəbər aldım.
“Generalı eşitməyib.”
“Nə general?”
“Kəşfiyyat taqımına uşaq göndərmək istəyirdilər, adı gedəcəkdi. Mənə dedilər, xasiyyətini bildiyimə görə, dedim, özünüz söyləyin.”
“Məsuliyyətdən qaçdınız?” - aramızdakı səmimiyyətdən istifadə edib ərklə soruşdum.
“Qaçdım. Daha doğrusu, Orucova hörmət əlaməti olaraq, onu bu saxtakarlığa məcbur etmədim. Dedim, özü cavab versin. Heç səni də qarışdırmadım. O da ki...”
“Generalın özünə yox deyib?”
“General bizim qəhrəmanla şəxsən danışacaq qədər ehtiyatsız deyil. Köməkçisi zəng edib və “yox” cavabı alıb. Mən Orucovun sənədlərini təltif üçün göndərmək istədiyimi söyləyəndə etiraz etdilər. O zaman özümü saxlaya bilmədim, yalandan dedim ki, artıq məktubu göndərmişəm. Və köhnə tarixlə məktub hazırladıb Gəncədən yola saldım.”
“Yox cavabını bilə-bilə.”
“Bəli, kapitan!”
“Görəsən, biz bununla vicdan rahatlığı tapa biləcəyik?” “İnanmıram. Amma hər halda mənim əlimdən bu qədər gəlirdi.”
“Generala vəziyyəti izah etmək olardı.”
“Anlayışla yanaşacağını zənn etmirəm. Əmr müzakirə olunmur.”
“Bu, əmr deyil, polkovnik!”
“Nə deyirsən, Rəşidov? Murovda qiyammı qaldıraq?” “Söz tapmıram.”
“Onda deyim, bir çay gətirsinlər, boğazımızın qovuşuğu açılsın. Sən narahat olma. Orucov dəyərli zabitdir. Onun qarşısını almaq mümkün olmayacaq. Sadəcə, zamana ehtiyac var.”
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ucuncu-hisse-21-kapitan-residov
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axırıncı dəfə məzuniyyətə nə vaxt getdiyimi xatırlamıram. Deyəsən, məktəbdən göndəriş alanda atamgilə dəydiyim idi. Ondan bəri getməmişdim. Əməliyyatdan qayıdan kimi avqustun maaşını aldım. Pulum varkən üç günlük məzuniyyət götürüb Sumqayıta yola düşdüm. Uşaqlara da növbəylə məzuniyyət veriləcəkdi. Əvvəl Gizir Səfərov, dalınca Çavuş Əsədov bir sıravi əsgərlə gedəcəkdilər. Qalanlarını da növbəylə göndərəcəkdim.Bölükdə işlərim getdikcə çoxalırdı. İşdən iş çıxırdı. Murova xidmətə gələn gündən yığcam bir hamam quraşdırmaq arzusundaydım. Bit-birə əsgərləri basıb yeyirdi. Mənim kimi ailəli olmayan, əsgərlərin içində qalan zabitlər də onlardan seçilmirdi. Dərimiz qaysaq bağlamışdı. Bəzən aylarla bədənimizə su dəymirdi. Əlbəttə, mən zabit idim, istəsəm, çimməyə imkan tapardım, bəs əsgərlər? “Yol evi”ndəki kazarmada qışın ən sərt şaxtasında da bit-birə olurdu. Taxtabiti uşaqları yeyib-bitirir, gecələr yatmağa qoymurdu. Qışın şaxtasında çöldə təpik döyürdülər. Hamısının bədənində qırmızı şırımlar açılmışdı. İçəridə his verən solyarka yandırırdılar deyə sifətləri qapqara qaralmışdı. Kazarmaya girəndə elə bilirdin zəncilərin arasındasan. Görüşə gələn valideynlər səsi çıxmamış uşaqlarını tanımırdılar.
Üçüncü hissə, 23. ZabilGünorta dərsdən qaldığımız yataqxanaya qayıdırdım. Yağışlı bir payız günüydü. Binaların arasındakı ağaclar saralmış yarpaqlarını sağa-sola səpələmişdi. Yağışda islanan yarpaqların qoxusu Fərrux meşəsini yadıma salırdı. Xəyalım bu vaxtlar cır armud qoxusuyla adamı bihuş edən Fərrux meşəsindən Yeddixırmana keçdi, dağın zirvəsindəki vışkanın başına dolanıb Çulluya endi. Qohumların kəndin çıxacağına toplaşıb anamı gətirən maşını gözləməsini xatırladım. Ağlayan qadınların sifəti gözlərimin önündə canlandı. Dəsmalının ucunu ağzına tutan yaşlı qadının qoz ləpəsinə bənzəyən yanaqları elə hey titrəyirdi. Kolanı dərəsi, Xaçın çayının soyuqluğu, təngnəfəs qaçdığım üzümlük, atamın qaralmış sifəti... Çoxdandır oraları belə xatırlamırdım. Məhəlləmizə sirli bir Qarabağ havası dolmuşdu.Payızın zəhmindən saralıb-solan ağacların altında bir hərbçi dayanmışdı. Əvvəl ona fikir vermədim. Buralarda kamuflyajlı adam görmək adi hal idi. Ancaq nədənsə bu, mənə çox doğma gəldi. Diqqətlə baxanda tanıdım və özümü saxlaya bilməyib qışqırdım.
Üçüncü hissə, 24. KomandirAtamın ağlaya-ağlaya çıxması məni də qəhərləndirdi. O, təkcə mənim gəlişimə sevindiyi üçün ağlamırdı. Bu göz yaşlarının içində çox şey vardı. Çox şey! Qaçıb onu qucaqlamaq, Yeddixırmanın qaşında gördüyüm, sonra Murovda - Ömər aşırımında və Yeddiqardaşda qarşıma çıxıb məni ən doğma insanlara, doğma torpaqlara bağlayan gümüşü işıqdan danışmaq istədim. Ancaq yaşadıqlarımı anlada bilməyəcəyimdən qorxdum. Bu, elə bir duyğu idi ki, haqqında yalnız susmaq olurdu.Atamı bağrıma basdım. Onun doğma qoxusu məni uşaqlığımın ən xoşbəxt anlarına apardı. Onda hər şeyimiz vardı. Bizi xoşbəxt edən heç nəyi əlimizdən almamışdılar. Atamı da heç vaxt ağlayan görməmişdim.
Üçüncü hissə, 25. ZabilHəmişə fikir vermişəm, görüşün ilk dəqiqələri çox həyəcanlı olur. Bu həyəcan, uzağı, beş dəqiqə çəkir. Sonra hamı sakitləşir və adam kimi söhbət etməyə başlayır. Mən qardaşımla oturub şirin-şirin söhbət eləməkdən ötrü bu həyəcanlı anların tez bitməsini istəyirdim. Amma bitmirdi. Yaxın-uzaqda yaşayan qohumlar onun gəldiyindən xəbər tutub özlərini yetirirdilər. Gələn-gələn özünü saxlaya bilməyib ağlayırdı. Əllərinə fürsət düşmüşdü. Qardaşımın belə qəfil gəlişiylə kəndimizlə anam təkrar yada düşmüşdü. Mən onda anladım ki, nə qədər torpağımız işğaldadır, heç bir dərdimizi unuda bilməyəcəyik. Hər dəfə bir bəhanə ilə faciəmiz təzədən başlayacaq, biz onu ilk dəfə yaşayırmış kimi təzədən ağlaşacağıq.Axırda atam özü təpindi qohumlara, uşağın üstünə ağlaşmayın dedi. Uşaq e! Məni gülmək tutdu. Yaxınlaşıb astaca qoluna toxundum: