Birinci hissə, 8. Zabil
Anamın Çulluya gətirildiyini eşidən kimi yerimdən qalxdım, əynimi geyinib, bayıra qaçdım. Həyətdə heç kim yox idi. Məni axşamdan qohumlardan birinin evinə gətirib çimizdirmiş, yemək-içmək verib yatızdırmışdılar. Gecədən yorğun düşdüyüm üçün gün qalxanacan yatmışdım. Yuxudan oyananda evin küncündə yaşlı bir qadının öz-özünə danışdığını gördüm. Ondan atamıqardaşımı soruşdum. Dedi, ananı gətirirlər, hamı kəndin girəcəyinə toplaşıb.
Qənbərlidən gələn yolun üstünə bir dəstə qadın yığışmışdı. Kişilər irəli, uzaqdan gələn hərbi maşına tərəf gedirdilər. Yaxınlaşanda qadınların qışqırığını eşitdim. Elə bildim, anamın gəlməsinə sevinirlər. Mən də onu görməyə tələsdim. Qadınların yanına çatanda onların sevindiyini yox, ağladığını gördüm.
Çulludan gedən kişilərlə qarşılaşanda maşın bir anlıq dayandı, sonra asta-asta yoluna davam etdi. Kişilər geri dönüb maşının yanıyla ağır-ağır addımlayırdılar. Onların hərəkətində hüznün ağırlığı vardı.
Maşın yaxınlaşdıqca arvadlar qışqırığı kəsib həzin-həzin ağladılar. Mən gah yaylığının ucunu ağzına tutub ağlayan arvadlara, gah da ağır-ağır bizə yaxınlaşan kişilərə baxırdım. Qohum-əqrəbamızı son dəfə bir yerdə görürdüm və onlar uşaq yaddaşıma ağlaya-ağlaya yazılırdılar.
Qadınlardan biri mənə yanaşıb üzümdən öpdü, saçlarımı sığalladı, dedi, anan şəhid oldu, bizi qoyub Tanrının yanına getdi, ona halallıq ver.
Mən şəhid kəlməsini ilk dəfə orda eşitdim.
Maşın bizim yanımıza çatıb dayananda, arvadların səsi təkrar yüksəldi. Bayaqkından da bərk qışqırıb dizlərinə çırpdılar. Qorxdum. Gözüm qardaşımı axtardı. Onun sifəti elə kədərli idi ki, hərbi formada olmasa, tanımayacaqdım. Yanına getməyə cəsarət eləmədim.
Qardaşımın necə əlacsız olduğunu ilk dəfə onda gördüm və içimi dəhşətli bir ümidsizlik bürüdü. O, maşının qabaq hissəsinə keçib buferin tinində oturdu. Yorğun və üzgün olanda həmişə belə edirdi. Hardasa oturub başını əllərinin içinə alırdı. Bir də atamdan küsəndə evdən aralanır, bir yer tapıb eynən bu cür otururdu. Saatlarla. Nə qədər gedib yalvarsam da, qayıtmırdı. Heç üzümə də baxmırdı. Bəzənsə acıqlanırdı. Bircə anam gedəndə yumşalırdı. Anam da həmişə gec gedirdi yanına. Yəqin, yumşalacağı anı gözləyirdi. O, anama qoşulub gələndə küskünlüyündən əsər-əlamət qalmırdı.
Qardaşım bəs indi kimdən küsmüşdü? Anam bizi qoyub Tanrının yanına getmişdisə, onu qapıldığı fikir dünyasından kim ayıracaqdı? Bəlkə, anama halallıq versəm, bu dözülməz kədər aradan qalxardı? Görəsən, halallıq nə olan şeydir?
Maşını arvadların əlindən güc-bəlayla alıb qaldığımız evin həyətinə sürdülər və anamın dəfn mərasimi başladı. Atam da gəlib çıxmışdı. Onun üzündə elə bir sarsıntı vardı ki, deyirdim, ürəyi partlayacaq. Rəngi qapqara qaralmışdı.
O gündən atamın eyni heç vaxt açılmadı.
Qardaşımın mavi gözlərindəki sevinc biryolluq yoxa çıxdı.
Mənsə balaca idim, başımıza gələn faciəni tam dərk etmirdim deyə içimdəki sevinclərin bir azını salamat saxlaya bilmişdim. Anamın çiyinlərə qaldırılıb Çullu qəbiristanlığına aparılmasını da, torpağa tapşırılmasını da, qəbrinin üstünə su tökülməsini də sirli ayin kimi izləyirdim. Hər şey mənə yuxu kimi gəlirdi.
Anam torpağa basdırılanda qardaşım yumruqlarını sıxıb şax dayanmışdı, gözlərində indiyədək görmədiyim qəzəb vardı. Birdən “Dayanın!” deyib qışqırdı, məzara endi, anama nəsə dedi və çıxdı. Onun nə dediyini dəli bir maraqla bilmək istəyirdim, lakin soruşmağa heç vaxt cəsarətim çatmadı.
Anamın üçünü Çulluda, yeddisini Ağdamda, qırxını Boyat kəndində, ilini Sumqayıtda verdik. Yeddisinəcən Çullu, qırxınacan Ağdam işğal olundu. Anam bizdən həm zamanca, həm məkanca uzaqlaşırdı. Vətənin yası hər dəfə anamın yasına qarışırdı. Tale ana ilə vətəni yenə qoşalaşdırırdı. Həmişə qoşalaşdırdığı kimi. Biz anayla vətənə bir yerdə ağlayırdıq.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-birinci-hisse-8-zabil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Getdiyimiz yüksəklik Murovun sərt qayalarının tədricən əriyib düzənliyə doğru uzanan şərq yamaclarındaydı. İlk baxanda dağlardan ötrü darıxdığımı anladım və gözüm yenə gümüşü işığı axtardı. İndi o işığı təkcə mən yox, hamı hiss edirdi və hamı ona doğru can atırdı. Biz bir dəstə qartal o işığa şığıyırdıq. Qabaqda özüm gedirdim. Çünki bu dağları da, o işığı da məndən yaxşı tanıyan yox idi. Bombardman, dolu kimi yağan güllələr, səs-küy, od-alov, tüstü-his, toz-duman - heç nə bizə mane olmurdu. Hamı mənim kimi vətənin ən böyük sirrindən agah olmuşdu.
Dördüncü hissə, 51. ZabilAtamın təkidi ilə çıxıb onlara getdim. Dedim, yəqin, Sevinclə danışmış olar. İmkan tapan kimi öz eviylə əlaqə saxlayırdı, onlar da bizə deyirdi. Bu dəfə heç kimdən səs-səda gəlmirdi. Atam məni yatmağa qoymadı. Sübh tezdən oyatdı. Getdim. Yolda oyuncaq avtomat gördüm. Çox xoşuma gəldi. Nihad üçün aldım. Sevinc qapının gözlüyündən görüb qorxmuşdu.
Dördüncü hissə, 52. Komandirİki gecəydi yatmırdım. Telefonu açmağa da vaxt tapmırdım. Nə qədər yorğun olsam da, içim-içimə sığmırdı. Biz düşmənin əfsanəyə çevirdiyi “Ohanyan səddi”ni darmadağın eləmişdik. İlk və ən əhəmiyyətli yüksəkliyi almaq üçün mən xüsusi təyinatlılardan seçilmiş dəstə ilə düşmənin arxasına keçmişdim. Bizə müqavimət göstərdikləri vaxt əsgərlərimiz yüksəkliyi götürmüşdü. Tezliklə düşmənin dərinliyinə yeriyib mühasirəni yardılar, biz döyüşə-döyüşə azad edilmiş yüksəkliyə qayıtdıq.Döyüşün dördüncü günü, axşama yaxın imkan tapıb telefonu açdım. Sevinc düz on yeddi dəfə zəng vurmuşdu. Geri yığdım. Top səsi danışmağa imkan vermədi. Blindaja girib təkrar yığdım. Danışdıq.
Dördüncü hissə, 53. SevincOnunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”Cavab verdi:
Başqa şairlərin şeirləri
Leyli-nahar yeddi ağac getdim yol,Xırman boyda yer şumladım, qırdım qol.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
SəniMərd olmaq istəsən, əlini qısma,Daldan deyilənə çox qulaq asma,
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.