“Ermənistan” sözünü eşidəndə təəccüb elədim. Bu qədər kəşfiyyatda olmuşdum, bizə heç vaxt dövlət sərhədini keçmək icazəsi verilməmişdi, indi taqım komandiri özbaşına keçirdi. Keçirdi və bizi də özüylə aparırdı. Məncə, doğru addım deyildi. Kəşfiyyata çıxanda atəşkəsi pozmamağı dönə-dönə tapşıran komandirlər bu addımımıza nə deyəcəkdilər? Narahat idim. Məsləhətləşməyə ehtiyac vardı. Bəlkə də, komandir qərargahla məsləhətləşmişdi, sadəcə, Qırğıya öz fikri kimi söyləyirdi.

Qrup üzvləri yuxudan qalxan kimi komandir bizi postun qabağında cərgəyə düzüb gəzinə-gəzinə danışmağa başladı:

“Dəmirçidam əməliyyatına görə sizə təşəkkürümü bildirirəm! Doğrudan, çox əziyyət çəkdiniz. Nəticə əldə edə bilməsək də, böyük təcrübə qazandıq. Amma...”

Canıma vic-vicə düşdü, ürəyimə damdı ki, məni danlayacaq.

“Amma çox, çox, lap çox narazı qaldığım, hətta hirsləndiyim məqamlar oldu! Özü də sıravi əsgərlərə yox, çavuşa və gizirə görə!”

Başını hirslə qaldırıb bir-bir üzümüzə baxdı. Gözaltı Qırğıya nəzər yetirdim. Pörtmüşdü. Maral buynuzlarını göstərirmiş kimi başını aşağı əymişdi. Bircə Əsgər Rəfiyev səy-səy ağzını açıb komandirin addımlarına baxırdı.

“Bildiyiniz kimi, Murovda yeni nizami ordu indi-indi formalaşır. Kəşfiyyatsa ordunun qaymağıdır. Əgər biz qaydalara əməl eləmiriksə, o biri əsgərlərdən nə gözləyək?”

Gəlib Qırğının qarşısında dayandı və qışqırdı:

“Çavuş Əsədov! Eşidirsən məni?”

“Eşidirəm, komandir!” - Qırğı qorxan deyildi, sadəcə utanırdı. Komandirin haqsız yerə səsini qaldırmadığını bildiyi üçün utanırdı.

“Müharibə vaxtı əsgər “döyüşə get” əmrinə əməl etməsə neyləyirlər?”

“Güllələyirlər!”

“Döyüşə get” əmri ilə “döyüşü tərk et” əmri eyni şeydir. Əmr əmrdir! Müzakirə olunmur. Bunu da bilirsənmi?”

“Bilirəm.”

“Amma sənə deyirəm, kəşfiyyat qrupunu götür, posta qaldır, etiraz edirsən. Guya məni çox istəyirsən.”

“Komandir, vallah...”

“Vallahlıq-billahlıq deyil! Sən birinci qayda-qanuna, ikinci mənə, üçüncü yoldaşlarına hörmətsizlik edirsən! Nə qədər əməliyyat bitməyib, dediyim qanundur. Çünki bütün baş verənlərə məsul mənəm! Öldü, yaralandı, əsir düşdü - niyə? Bu sual sizə yox, mənə ünvanlanacaq. Atdığım hər addıma görə başımla cavab verəcəm! Bunu anlayırsan?!”

“Anlayıram.”

“Hələ Gizir Səfərov!”

Boğazımı “uşaqların içində məni çox danlama, ikilikdə lap üzümə tüpür” anlamında arıtladım. Şükür, səsi yumşaldı bir az.

“Sizə güvənib taqımda qayda-qanun, nizam-intizam yaratmaq istəyirəm, sizsə belə. Səfərov, mən briqadaya təzə gələndə qərargah rəisinin göstərişi ilə bir müddət dəftərxanada oturdum, piserin işlərini yoxladım, sənədlərin içində bilirsən nələr gördüm?”

Gözümü döyürdüm.

“Yol evi”nə qalxan yolun qırağında kubiklərin üstünə qaldırılmış təkərsiz bir “Qaz-66” var, xatırlayırsan?”

“Xatırlayıram.”

“Guya o maşın altı ay ərzində üç min kilometr yol qət edib! Səncə, təkəri olmayan, motorunun hissələri çıxarılan maşın yol gedə bilər?”

“Gedə bilməz, cənab leytenant!” - özüm qəsdən rütbəsini bir az yuxarı dedim.

“Səncə, niyə elə yazıblar?”

“Benzini satıblar!” - Şəstlə söylədim. Onsuz da söhbət yoxuşa gedirdi.

“Doğrudur! O maşın hətta hərəkət eləsə belə, bu dağda-daşda altı aya üç min kilometr gedə bilməz. Bunun üçün gərək dayanmadan ölkəni dolaşsın, hətta arada Gürcüstana-zada da keçsin. Bəs bu faktı sənə niyə deyirəm?”

“Bilmirəm, Oruc... komandir!” - ən yaxşısı komandirdir. Xoşu gəlir bu sözdən.

“Səngərdən bu üzə hər cür bardaq yarada bilərlər, əllərini də ciblərinə qoyub dolayı gəzərlər. Necə ki gəzirlər! İstəyirsən, səni piyada bölüyünə göndərək, orda benzin satarsan.”

“Mən elə adam deyiləm.”

“Ustav”ı saymayan adam təkərsiz maşının yanında benzin satsa, daha yaxşıdır. Belə adamla təmas xəttini keçmək olmaz!” - səsini qaldırdı - “De görüm, sənə güvənib düşmən üzə keçə bilərəm, ya yox? Bəlkə, bir komandir kimi sayıb dediyimə əməl etmək istəmirsən?”

“İstəyirəm!” - doğrudan istəyirdim.

“İstəyirsən, amma dediyimin əksinə gedib atəş altına qayıdırsan. Üstəlik, yoldaşlarına əmr verib, icazəsiz əməliyyat keçirirsən.”

“Sizi xilas etmək üçün etdim, komandir!”

“Sən məni xilas etmədin, kürəyimə bıçaq vurdun!”

“Allah eləməsin.”

“Allah elədi, Səfərov! Gördün ki, sənin xəbərin olmadan çıxdım ordan. Doğrudur, məni xilas etmək istəyirdin, ancaq əvəzində inamımı, etibarımı zədələdin. İndən belə ən çətin anda sənin hansı addımı atacağını təxmin edə bilmərəm. Sənə güvənə bilmərəm! Elə vəziyyətdə elə hərəkət edərsən, hər şey zibilə dönər!”

“Bağışlayın, komandir. Haqlısınız...” - üzr istəyən tip deyiləm, bunu necə etdim, özümə də qəribə gəldi, amma içimin dərinliyində doğru addım atdığıma əmin idim.

Komandir sakitləşdi, hirs-hikkəsinin qalanını səssiz gəzişməklə ovudub əsas məsələyə keçdi:

“Ermənistana gedirik! Girovu ordan gətirəcəyik. Beş gündən artıqdır yollardayıq, ac-susuz qalmışıq, yorulmuşuq. Ona görə budəfəki səfərimiz könüllü seçim əsasında olacaq. Kim yorulubsa, qorxubsa, burda qalıb bizi gözləsin.”

Heç kimdən səs çıxmadı. Komandir “qorxubsa” sözünü işlətməsə, bəlkə, əməliyyatdan imtina edən tapılardı. Bu sözdən sonra Allahın İrəfiyevi də öz xoşuna geri durmazdı.

“Rəfiyev, təklif edirəm, sən bizi burda, postdakı uşaqların yanında gözləyəsən.”

“Xahiş edirəm, məni yoldaşlardan ayırmayasınız.” - kəşfiyyatçı üçün dəstədən ayrılmaq ölümdən betərdir.

“Onsuz da bizim burda öz adamımız olmalıdır. Sən həm də yorulmusan, dincini alarsan.”

“Axşamacan bir şeyim qalmaz.”

“Sən burda qal.”

“Komandir...” - İrəfiyevin səsi boğuldu - “Məni ölümdən qurtardınız, sizi necə tək buraxım?” - ağlamsındı. Komandir güldü:

“Tək niyə oluram, Rəfiyev! Yanımda bu qədər adam var.”

“Mən də onların biri!” - burnunu çəkib qəddini düzəltdi - “Ən azı sizə atılan bir güllənin qabağını kəsərəm!”

“Yaxşı, yaxşı, hamımız gedirik.”

Hərbi duruşa keçdi və əmr verdi:

“Düzlən! Farağat! Xırda bir səhv buraxanı bir daha kəşfiyyata aparmayacam!”

Bu, bizim üçün ən böyük cəza idi. Komandir nə dediyini bilirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 17. Qırğı

Heç nəyi vecimə almadan təzədən yatdım. Bir də komandirin səsinə ayıldım. Hava qaralmışdı və biz su şırnağı ilə Əyri yamaca qalxacaqdıq. Səfərovla Qarikin dava-dalaşı və mübahisəsini nəzərə almasaq, yaxşı istirahət eləmişdik. Dizimizə taqət, gözümüzə işıq gəlmişdi. Şırnağın ortasında təhlükəli bir keçid vardı. Ayağın sürüşsə, birbaş Qarikin bizi güllələmək istədiyi sal daşın yanınacan yomalanardın. Keçidə çatanda komandir bizi dayandırıb, Qarikin ipini Səfərovun toqqasından açdı. Dedi, özün keçəcəksən. O, Qarikin özünü qayadan atacağından şübhələnmişdi. Əgər Səfərova bağlı olsa, onu da özüylə dərənin dibinə yuvarlayar, yəqin, ikisi də o dünyalıq olardı. Səfərov belə incə şeyləri bilməzdi.Komandir keçidin tinindəcə Qarikə vəziyyəti başa saldı:

20183 dəq
Üçüncü hissə, 18. Komandir

Necə sıxmayım ürəyimi? Komandir rəhbərlik etdiyi qrupla birlikdə əlində üç girov hara getdiyini bilmir. Bilmir deyəndə, istiqamətin doğru olduğu mənə də aydındır, amma təkcə istiqamətlə deyil ki! Biz Allah ümidinə gedirik. Getdiyimiz yerdə nə var - bax, bilmədiyimiz budur!Tərs kimi, o biri uşaqlardan heç kim bu tərəfləri tanımırdı. Mazanov səhv eləsə, batardıq.

20183 dəq
Üçüncü hissə, 19. Polkovnik Nəbiyev

Erməni hərbçilərinin bu qədər əl-ayağa düşəcəyini gözləmirdim. Ən çox da Albert adlı o uşaqla maraqlanırdılar. Bir gün əvvəl biz onlara yalvarçı düşmüşdüksə, indi vəziyyət tamam dəyişmişdi. Uşaq deyirdilər, başqa heç nə demirdilər. Yalan olmasın, Kəlbəcəri geri istəsək, verərdilər. Uşağın kimliyi ilə maraqlandım və biləndə dəhşətə gəldim; alay komandirinin oğlu idi! Böyük Mərzəyə dayısıgilə qonaq gəlmiş, dayısı ilə birlikdə əsir düşmüşdü.Erməni hərbçilər belə bir şayiə yaymışdılar ki, guya bizimkiləri ora xüsusi hərbi vertolyot aparıb. Onlar kəşfiyyatçıların bu qədər dərinliyə gedib çıxmasına heç cür inanmır, başqalarının da inanmasını istəmirdilər. Bu, Kiçik leytenant Orucovun süngüylə göylərə yazdığı bir əfsanəydi.

20181 dəq
Üçüncü hissə, 20. Komandir

Qərargaha çatan kimi qanım qaraldı. Xidmət rəisi Kapitan Rəşidovun sevinə-sevinə boynuma sarılması da kefimi açmadı. Hərbi hissənin növbətçisi mərkəzi qərargahdan məni axtardıqlarını söylədi. Getdim. Zəng edən generalın köməkçisi idi. Aramızda belə bir dialoq oldu:“Kiçik leytenant Orucov, yanınıza bir adam gələcək, onun uşağının adı sizin taqımda gedəcək. Nəzərə alarsan.”

20181 dəq

Başqa şairlərin şeirləri