Üçüncü hissə, 17. Qırğı
Heç nəyi vecimə almadan təzədən yatdım. Bir də komandirin səsinə ayıldım. Hava qaralmışdı və biz su şırnağı ilə Əyri yamaca qalxacaqdıq. Səfərovla Qarikin dava-dalaşı və mübahisəsini nəzərə almasaq, yaxşı istirahət eləmişdik. Dizimizə taqət, gözümüzə işıq gəlmişdi. Şırnağın ortasında təhlükəli bir keçid vardı. Ayağın sürüşsə, birbaş Qarikin bizi güllələmək istədiyi sal daşın yanınacan yomalanardın. Keçidə çatanda komandir bizi dayandırıb, Qarikin ipini Səfərovun toqqasından açdı. Dedi, özün keçəcəksən. O, Qarikin özünü qayadan atacağından şübhələnmişdi. Əgər Səfərova bağlı olsa, onu da özüylə dərənin dibinə yuvarlayar, yəqin, ikisi də o dünyalıq olardı. Səfərov belə incə şeyləri bilməzdi.
Komandir keçidin tinindəcə Qarikə vəziyyəti başa saldı:
“Bu sıldırımdan özünü atsan, ölməyəcəksən, yaralanacaqsan, şikəst qalacaqsan, biz də səni sürüyə-sürüyə dediyimiz yerəcən aparacağıq. Heç nə dəyişməyəcək. Əksinə, əzabların artacaq, zarıyacaqsan. Yüz dəfə peşman olub özünü söyəcəksən. Biz səni öldürməyəcəyik. Dedim bayaq, öldürmək istəsək, bu qədər əziyyətə niyə qatlaşırıq? Səfərova deyərəm, boğazını cücə boğazı kimi üzər. Sual verə bilərsən: elədirsə, özümü qayadan atmağımdan niyə narahatsan? Deyim: sən bizə sağ lazımsan. İstəyirik, bizi əziyyətə salmadan özün öz ayağınla gedəsən.
“Dumanda azan əsgərlərlə dəyişəcəksiniz?” - komandirin dediyinə Qarik məhz burda, bu uçurumun kənarında, yolumuzun, demək olar ki, bitdiyi yerdə tam səmimiyyəti ilə inanmışdı.
“Bunu hardan bilirsən?” - komandir soruşdu.
“Eşitmişəm!”
“Kimlə dəyişməyin nə fərqi var? Xankəndi, İrəvan bizim əsirlərlə doludur. Birini tapıb dəyişəcəyik.”
Qarik komandiri başdan-ayağa süzüb bu söhbətə dəxli olmayan, bəlkə də çox dəxli olan bir söz dedi:
“Siz əsl zabitsiz! Bizdə sizin kimisi yoxdur. Əmin ola bilərsiniz.”
Komandirin qaşları çatıldı:
“Bu hardan çıxdı?”
Qarik:
“Sizi zəminin yanındakı təpənin üstündə gördüm. Bir az da göz qoydum. Özünüzü elə aparırdınız ki, elə bildim, bizim əsgərlərsiniz, taxıl oğurlamağa gəlmisiniz”- öskürdü - “Yenə də içimdə bir şübhə qalmışdı. Kombayna hücum olanda məsələni anladım. Amma gec idi.”
Komandir “Bizi vaxtında tanımadığın üçün sənə kəşfiyyat qrupumuz adından təşəkkür edirəm!” deyib, güldü. Qarik başını aşağı saldı.
Keçidə ayaq basan kimi Albertin qışqırığı başladı. O, evdən şəp-şəplə çıxmışdı və sərt yerlərdən keçdikcə hər dəfə ayağını yaralayırdı. Komandir onu saxladı. Papağını alıb, əsirləri bağladığımız iplərlə yaralı ayağına sarıdı. Qarikin papağını da o biri ayağına bağladı. Albert qalxıb ilk addımını atanda çönüb gülümsədi:
“Spasibo, komandir!”
Bu, azmış kimi, ən sərt yerdə uşağın qorxduğunu görüb onu çiyninə aldı. Qəribə hislər keçirdim.
Su şırnağından çəmənliyə keçəndə cığırı tapa bilmədik. Hər tərəf bir-birinə bənzəyən cığırlarla dolu idi. Biz xəritəsiz hərəkət etdiyimizə görə getdiyimiz yerləri yadda saxlayaraq irəliləmiş və həmin yerlərlə də geri qayıtmışdıq. Əyri yamaca lap az qalmış yolumuzu itirdik. Əsgər Mazanovun belə qəfil qocaldığına ürəkdən üzülürdüm. O, dəstənin önündə gedirdi, amma gəldiyimiz cığırı tapmırdı. Komandir məzələnirdi onunla:
“Ağsaqqal, bizi o altı əsgər kimi aparıb erməni postuna çıxarmayasan?”
“Arxeyin ol. Cığırı tapmasam da, istiqaməti düz götürmüşəm. Bircə qorxum var!”
“Nədir?”
“Posta yaxınlaşanda bizimkilər atəşə tutarlar!”
“Xəbərləri var axı. Rəfiyev də ordadır.”
“Biz Rəfiyev dayanan istiqamətdən getmirik. Aşağı üzdəyik.”
“Dəqiq?”
“Dəqiq.”
“Nə təklif edirsən?”
“Burda başqa bir postumuz var. Siz gözləyin, mən ora dəyim, yuxarı posta xəbər verək.”
“Bəlkə biz də gələk?”
“Bu tərəfdən yol çox narahatdır, vaxt itirəcəyik.”
“İstiqaməti bildiyinə əminsən?”
“Əminəm.”
“Postlara mümkün qədər yaxınlaşaq. Hava işıqlaşanda atəş altında olduğumuz ortaya çıxar.”
“Çıxmaz. Neytraldayıq. Güllə tutmur buraları.”
“Ardımızca gələ bilərlər.”
“Cəsarət eləməzlər. Bura ovcumuzun içidir.”
“Mazanov, dəqiq bilmədiyin heç nədən əminliklə danışma. Əməliyyatın nəticəsi səndən asılıdır.”
“Ürəyinizi sıxmayın, komandir, buraları tanıyıram.”
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ucuncu-hisse-17-qirgi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəşfiyyat sözünü eşidəndə gözlərimə işıq gəlir. Yan düşüb yatmaqdan yanımız ağrıyır. Sağ olsun, cavan əsgərlər, işə-gücə də qoymurlar. Özümü lap kənd yerlərində zərli mütəkkəyə dirsəklənib mürəbbəli çay içən qocalar kimi hiss edirəm. Bütün günü ya Mazanovla mübahisə edir, ya da İrəfiyevlə məzələnirəm. Danışmağa söz də qalmayıb. Getdikcə zayıllayıram. Bir az gəzsəydik, həm yelimizi tökərdik, həm də təzə söz öyrənərdik.Komandir məni çağırıb elə beləcə də dedi: “Səfərov, səfər var!”
İkinci hissə, 10. KomandirDüzü, burdakı uşaqların cəsarəti məni valeh edirdi. Bir kəlmə “Kim kəşfiyyata getmək istəyir?” deyirdim, hamı qabağa çıxırdı. Bəzən seçəndə kimisə aparmadığım üçün utanırdım. Ölümdən qorxmurdular. Onu dəfələrlə görmüşdülər. Müharibədə can qoyan bu bığlı-saqqallı kişilər ilk könüllülərdən idilər və orduya sevgiylə bağlanmışdılar. Onlardan peşəkar olmaq olardı, lakin torpağı onlar qədər sevmək mümkün deyildi. Əsas sevgidir. Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.Əməliyyat planına əsasən biz Alaxançallı kəndindən Lev istiqamətinə keçib, ən azı bir nəfər “dil” gətirməliydik. Altı nəfərin əsir düşməsi söhbətinə görə düşmən təmas xəttini gücləndirmiş, əlavə tədbirlər almışdı. İşimiz çətin olacaqdı.
İkinci hissə, 11. QırğıKəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.
İkinci hissə, 12. KomandirTəmas xəttini Gizir Səfərovun cəsarəti və zəhməti hesabına keçdik. O, mənə məsafə saxlamaq işarəsi verib, qollarını çırmaladı. Elə bil kiminləsə güləşə hazırlaşırdı. Aşağı əyildi, çılpaq biləklərini qabağa verib otların arasında simli minaların olub-olmadığını yoxlaya-yoxlaya ehtiyatla irəlilədi. Bizdə ön xəttin mina xəritəsi yox idi. Vaxtilə buraları tərk edən briqadadan heç nə qalmamışdı və bu, kəşfiyyatçıların işini çətinləşdirirdi.Təmas xəttini keçib daşlı-çınqıllı bir yarğana yenirdik. Ayağımızın altından çıxan balaca bir daş da səs-küy salıb yerimizi bəlli edərdi. Uşaqlara daş yomalamamaq və sürüşüb qayadan uçmamaq üçün xüsusi tapşırıq vermişdim. Son dərəcə ehtiyatlı davranmalıydılar.
Başqa şairlərin şeirləri
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Zülmətlər əlindən qalmayıb səbatBu sonsuz yollarda görünmür nicat,
Şərəfnamə, fəsil 49Ey saqi, durma, gəl, sevindir məni!Şəncərflə yoğrulmuş odlu civəni